“Beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar”-Vüqar Bayramov İqtisadiyyat

“Beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar”-Vüqar Bayramov

“Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunları ilə bağlı ilkin rəqəmləri elan edib. Komitənin hesablamalarına görə, ötən il ümumi daxili məhsul əvvəlki il ilə müqayisədə 5.6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Bu o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub.
Rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyindən xəbər verir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. V.Bayramov diqqətə çatdırıb ki, ÜDM istehsalında sənaye yenə öndədir: 42,5 %. Digər sektorların payı belədir: 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşür: “Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə də həm Azərbaycan höküməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir”.