“İdmançılarımızın hazırlıq səviyyəsi günü-gündən artır” Müsahibə

“İdmançılarımızın hazırlıq səviyyəsi günü-gündən artır”

İsmayıl İsmayılov: "Qəbələdə Olimpiya Oyunlarının keçirilməsi üçün hər cür şərait var"

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun APA-ya müsahibəsibi oxucularımıza təqdim edirik

- Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku ilə bağlı ilkin təəssüratlarınız necədi?
- İlk Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə təşkil olundu. Bu gün Dünya Kubokunun da ölkəmizdə keçirilməsi əlamətdar hadisədi. Bunun əlamətdarlığı onunla bağlıdı ki, belə bir mötəbər tədbir Azərbaycanın ən gözəl bölgələrindən biri olan Qəbələdə keçirilir. Bu, artıq Qəbələdə təşkil edilən dördüncü yarışdı. İki dəfə ulu öndər Heydər Əliyevin xatirəsinə beynəlxalq turnir keçirilib və ikinci dəfədir ki, Dünya Kuboku təşkil edilir. Bu Dünya Kubokunun əhəmiyyəti də ondadı ki, burda ilk iki yeri tutanlar Olimpiadaya lisenziya qazanırlar. Bu gün 100-ə yaxın ölkənin idmançıları atıcılığın 15 növündə mübarizə aparırlar. Mən deyərdim ki, bu, ölkəmizdə keçirilən ən əlamətdar yarışlardan biridir.

- Yarışın təşkilatçılığını necə qiymətləndirirsiniz?
- Çox yüksək səviyyədə. Bu gün nəinki Dünya Kuboku, hətta Azərbaycan birinciliyi də digər ölkələrdə keçirilən dünya və Avropa çempionatları səviyyəsində təşkil olunur.

- Qeyd etdiyiniz kimi, bu, Qəbələdə keçirilən dördüncü yarışdı. İldən-ilə irəliyə doğru fərq hiss edirsinizmi?
- Əlbəttə. Bu gün idmanın hər bir növündə uğurların əldə olunması üçün rəqabətdən, idmançıların qarşılıqlı mübarizəsindən çox şey asılıdı. İnanıram ki, atıcılıq Azərbaycanın ən populyar idman növlərindən biri olacaq. Bilirsiniz ki, atıcılıqda Olimpiya və dünya çempionlarımız var. Əminəm ki, bu ənənə davam edəcək və idmançılarımız medallar qazanmaqda davam edəcəklər.

- Əvvəllər atıcılıq yarışları yalnız Bakıda keçirilərdi. Artıq Qəbələni atıcılığın mərkəzi saymaq olarmı?
- Qəbələ Atıcılıq Mərkəzi dünyanın ən müasir, ən yüksək səviyyəli komplekslərindən biridir. Bu gün atıcılığın bütün növləri üzrə Olimpiya Oyunlarının keçirilməsi üçün burda hər cür şərait var. Bölgədə belə bir tədbirin keçirilməsi təqdirəlayiq haldır. Təbii ki, ölkə prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir ki, belə mötəbər tədbir Azərbaycanda keçirilir.

- İdmançıların mübarizəsi sizi qane edirmi?
- Atıcılığın digər idman növlərindən fərqi ondadır ki, burda bir növdə 100-dən çox idmançı iştirak edir. Onlar cəmi 3 medal uğrunda mübarizə aparırlar. Ancaq elə idman növü var ki, orda 8 çəki dərəcəsində 21 medal qazanmaq ehtimalı yaranır. Atıcılıqda 100 idmançının cəmi 3 medal uğrunda yarışması rəqabəti də sıxlaşdırır. Hazırda Qəbələdə 70-dən çox dünya və Avropa çempionu iştirak edir. Bura gələnlər dünyanın ən güclüləridir. Buna görə də, rəqabət çox yüksəkdir.

- Azərbaycan idmançılarının çıxışından necə, razısınızmı?
- İdmançılarımızın hazırlıq səviyyəsi gündən-günə artır. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan idmançıları uğurlu nəticələr əldə edəcəklər.

- Sizcə, idmançılarımız Yay Olimpiya Oyunlarına lisenziya qazana bilərlərmi?
- Atıcılıq elə bir idman növüdür ki, gözləmədiyin anda lisenziya qazanmağın mümkün olur. Çünki bu idman növündə psixoloji gərginlik çox yüksək olur. Yəni atıcılıq idmançıdan ilk növbədə əsəblərinə hakim olmağı tələb edir. Respublikamızda artıq atıcılıq məktəbləri fəaliyyət göstərir. Regionlarda da belə komplekslərin olması gələcəkdə yüksək nailiyyətlərə yol açacaq. Məsələn, Naxçıvanda artıq sportinq növü üzrə atıcılıq kompleksi var. Sportinq gələcəkdə ola bilsin ki, Olimpiya növünə çevrilsin.