“Universiteti bütün neqativ hallardan təmizləmişik” Müsahibə

“Universiteti bütün neqativ hallardan təmizləmişik”

Fərəh Əliyeva: "Qəbul planını doldurmaq xətrinə istedadsız uşağı tələbə edə bilmərik"

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevanın APA-ya müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Mədəniyyət və İncəsənət Universitetini bitirib xaricdə təhsil alan insanlar var. Onlarla söhbət edib müqayisə aparanda nəticə necə olur? Biz bu sahədə çox geri qalırıq?

- Əlbəttə, bu sahədə xaricdə təhsil alan xeyli sayda gənclərimiz var. Məsələn, onlardan ikisini universitetdə işə qəbul etmişik. Biri musiqiçi Allahyar Vəzirov, o biri isə montajçı Emil Qafarlıdır. Allahyar Vəzirov Bakı Musiqi Akademiyasını bitirib, ABŞ-ın Ruzvelt Universitetində magistr pilləsini bitirib. Bunu da deməliyəm ki, hazırda universitetdə 36 nəfər əcnəbi tələbə təhsil alır. Bunlar əsasən Türkiyə və İran vətəndaşlarıdır. Eyni zamanda ABŞ, Rusiya, Qazaxıstan, Tacikistan, Hindistan, Əfqanıstan, Pakistan, Gürcüstan vətəndaşları da oxuyur. Bir dəfə oxumuşdum ki, Harvard Universitetinin məzunlarına iş tapmağın yox, iş qurmağın yollarını öyrədirlər. Elə etməliyik, tələbələr müstəqil şəkildə iş yaratsınlar. Hazırda universitetin əsas binası təmir olunur. Ölkə başçısına, Təhsil Nazirliyinə təşəkkür edirəm ki, bu işdə bizə kömək etdilər, bu imkanı yaratdılar. Mədəniyyət və incəsənətin inkişafı üçün məkan və avadanlıq çox vacibdir. Təmirdən sonra səhnəli otaqlarımız olacaq. Planımızda var ki, müasir avadanlıqla təchiz olunan pavilyonumuz olsun. Yəqin ki, növbəti semestrdən tədrisimizi orda qura biləcəyik. Əlbəttə, şərait, bina əsasdır, amma bundan da vacibi yaratmaq, yaşatmaq ruhudur.

- Rejissorluqda oxuyan tələbənin keyfiyyətli kamerası, montaj və çəkiliş imkanları yoxdursa, ruhu axıra qədər qoruyub saxlamaq olmur. Kino ixtisaslarını bitirən tələbələrdən dəfələrlə eşitmişəm ki, universitetdə bizə nəzəriyyə öyrədilib, praktikanın nə olduğunu bilməmişik. Və biz həmin tələbələrdən keyfiyyətli bədii-sənədli filmlər tələb edirik, seriallar bayağılığından şikayətlənirik...

- Sizin sadaladığınız bütün problemlər həll olunmağa doğru gedir. Müsahibədən sonra tələbələrlə söhbət edin, dediklərimin təsdiqini eşidəcəksiniz. Bu gün Mədəniyyət və İncəsənət Universitetində tədris elə qurulub ki, tələbələr birinci-ikinci kursdan film çəkir, bütün praktiki işlərə məşğul olurlar. Montajla bağlı səsləndirdiyiniz fikrə konkret cavab verim: Türkiyədə "Ankara Universiteti"ni bitirən gənc məzunu universitetdə işə cəlb etmişik, çox böyük həvəslə çalışır. Təbii ki, bahalı kameralarımız yoxdur, amma bu o demək deyil ki, ümumiyyətlə, heç nə yoxdur. Normal çəkiliş imkanları olan kameralarımız var, tələbələr onlarla çəkiliş aparırlar. Məsələn, uşaqlar "Tələbə filmləri festivalı"nda iştirak edirlər. Yaxud digər ölkələrdə olan tədris prosesləri ilə tanış olmaq, təcrübələrini artırmaq məqsədi ilə xarici mütəxəssislər universitetə dəvət olunur. Nyu-York Müstəqil Film qrupunun direktoru Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri ilə bağlı təlimlər keçib. Dərslərdə rejissor, aktyor, SABAH qruplarının tələbələri iştirak edib. İki gün davam edən dərslərdə 30-40 qısametrajlı film nümayiş etdirilib, ssenarinin yazılma prosesi, filmin strukturu, planı, ideya, obraz və s. incəliklərlə bağlı təhlillər aparıb, tələbələrə maraqlı tapşırıqlar verib. Bundan başqa, bu ilin aprelində "British Counsil"ın təşəbbüsü ilə tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerini Kino və televiziya, Kulturologiya fakültələrinin tələbələri üçün mühazirə keçirib. Bir faktla razıyam ki, xaricdə ən yaxşı avadanlıqlar ilk növbədə universitetlərə göndərilir. Təəssüf ki, bizdə başqa cürdür. Kadr olmazsa, avadanlıq əhəmiyyətini itirir. Biz nəzəriyyəni öyrədirik, tələbə təcrübəyə başqa yerə gedəndə görür ki, hər şey tamam başqadır. Ona görə də televiziya üzrə təhsil alanları dərs üçün telekanallara göndəririk. Məsələn, tələbələr İTV-də, AzTV-də, "Space"də dərs keçirlər. Rejissorluq üzrə müəllimlərimiz ən tanınmış rejissorlardır. Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev kimi peşəkarlar bizdə tələbə yetişdirirlər.

- Qəbul nəticələri necədir? Məzun diplom almaq, əsgərlikdən qalmaq üçün Mədəniyyət və İncəsənət Universitetinə gəlir, yoxsa məqsədli şəkildə seçim edir?

- Qabiliyyət tələb edən ixtisaslara gələnlər məqsədli gəlir. Bu imtahanlarda obyektivliyinə inandığım peşəkar insanlar otururlar. Məsələn, Şəfiqə Məmmədova, Cənnət Səlimova, Məmməd Səfa Qasımov, Rafiq Quliyev, Cəmil Quliyev və başqaları. İmtahanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir və şəffaflığına heç kimin şübhəsi ola bilməz.

- Bilirəm ki, qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar ciddi keçirilir. Qəbul planında kəsr olurmu?

- Olur. Qəbul planını doldurmaq xətrinə istedadsız uşağı tələbə edə bilmərik. Çünki həmin abituriyentlərin burda oxuması çətin olur. Az sayda tələbə qəbul olunmasından çəkinmirəm. Kəmiyyət və keyfiyyət seçimi qarşısında keyfiyyəti qurban verməməliyik. Mədəniyyət və İncəsənət Universitetində "təsadüfi" tələbələrin sayı getdikcə azalır.

- Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunlarının intellektual səviyyəsinin aşağı olması ilə bağlı tez-tez fikirlər səslənir. Bu fikirlə razısınız?

- Baxır, biz intellektual səviyyə deyəndə nəyi nəzərdə tuturuq.

- Daha doğrusu, elementar yazı qaydalarını bilməyənlər var. Məsələn, aktyorluğu bitirib, rejissor sözünü düzgün yaza bilmir, vergüldən ümumiyyətlə, xəbəri yoxdur, bağlayıcı və ədatlar haqqında danışmağa dəyməz...

- Bizim universitetin tələbələri ümumən şagird ordusunun içində yetişənlərdir. Onlar başqa ölkədə tərbiyə alıb bura gəlməyiblər axı. Amma bu cür faktlar da var ki, məzun 500-dən yuxarı bal toplayıb, birinci yerdə məhz bizim universiteti seçib. Həmin tələbələri şəxsən tanıyıram.

- Fərəh xanım, Bakıda keçirilən Teatr Konfransı çərçivəsində Pavel Rudnevin seminarı təşkil olunmuşdu. Mən həmin seminarda iştirak edirdim. Sizin universitetin professorlarından biri "biz hər il teatrşünaslar yetişdiririk" sözlərini deyəndə, bir çoxlarının üzündə istehzalı təbəssüm yarandı. Hətta arxa sıralarda gülənlər vardı. Həmin adamların üzündən bu sualı oxudum: "Professor, o teatrşünasları biz niyə tanımırıq?"...

- Anlayıram nə demək istəyirsiniz. Və sualınıza bu cür cavab verə bilərəm: Azərbaycanda teatrşünaslıq elminin aparıcı simaları bizim universitetin müəllimləridir. Məsələn, Məryəm Əlizadə, Aydın Talıbzadə, İsrafil İsrafilov və başqaları. Yəqin razılaşarsınız ki, bu müəllimlərin səviyyəsi çox yüksəkdir. Adını çəkdiyim alimləri mütəmadi olaraq xaricə çağırırlar.
Tələbələr arasında da bir neçəsi var ki, onların gələcəyinə çox böyük ümidim var. Onlar teatrla yaşayırlar, nəfəs alırlar. Teatrşünas kütləvi şəkildə yetişdirilə bilməz. Üç-beş nəfər yetişə bilər. Burda başqa, bir faktor dil bilgiləri ilə bağlıdır. Müasir dövrdə xarici dil bilmədən prosesin içində olmaq çox çətindir. Hər gün nə isə yenilik yaranır. Ona görə də universitetimizdə "Conversation Club" yaratmışıq. Sizə deyim, çox böyük həvəs var. Hətta məcbur olduq ki, qrupların sayını artıraq. Vaxtilə Amerikada yaşayan indi bizim universitetdə fəaliyyət göstərən gənc mütəxəssis var, o uşaqlarla çox böyük həvəslə məşğul olur. Bilirsiniz, təhsildə bir-iki ilə yenilik etmək olmur. Amma yenilik odunu mütləq yandırmaq lazımdır.

- Rektor kimi tələbələrlə münasibətiniz necə qurulub və onlar qayğılarını sizinlə bölüşə bilirlər? Biz tələbə-müəllim məhrəmliyinin şahidi oluruqmu? Olmuruq! Biz rektor gələndə pilləkən boyu, foye uzunu sıraya düzülürük...

- Qapım bütün tələbələrin üzünə açıqdır. Mənim aləmimdə rektor anlayışı tamam başqa cürdür. Bakı Musiqi Akademiyasında uzun illər elmi katib işləmişəm. Bilirsiniz ki, Fərhad Bədəlbəyli Musiqi Akademiyasının rektorudur. Tərif üçün demirəm, Fərhad müəllim çox demokratik rəhbərdir. Tələbə ona istədiyi vaxt yaxınlaşıb rahatlıqla nə isə deyə bilər. O, tələbəni dinləyirdi, nə çətinliyi vardısa, əlindən gələn köməkliyi edirdi. Yəni kiçik hisslərlə, təmənna ilə yaşayan adam deyil. Bu, təfəkkür məsələsidir. Hesab edirəm, mənim tələbələrlə də, müəllimlərlə də normal münasibətim qurulub. Hər zaman onlara deyirəm ki, nə qayğınız, çətinliyiniz var, gəlin deyin. Tələbələrimi çox istəyirəm, onlara öz övladım kimi baxıram. Öz övladlarıma qarşı necə tələbkaramsa, eyni şeyi tələbələrimə qarşı da edirəm. Qanun çərçivəsində nə kömək edə bilərəmsə, əsirgəmirəm. Universiteti bütün neqativ hallardan təmizləmişik. Başqa bir tərəfdən də, bilirsiniz, müəssisənin rəhbəri hər şeydən xəbərdar olmalıdır ki, kollektivi idarə edə bilsin. Amma qayda-qanunu gözləmək, tədris qanunlarına əməl etmək vacibdir. İstisnasız olaraq hər kəs bu qaydalara əməl etməlidir. İş və şəxsi münasibətləri bir-birinə qarışdırmaq lazım deyil.

- Dediniz ki, universiteti neqativ hallardan təmizləmişik. İstəyirəm, bu haqda bir qədər geniş danışaq...

- Bu məsələyə qısa cavab verə bilərəm: cəmiyyətin bütün sahələrində korrupsiya faktlarının aradan qaldırılması cənab prezidentin siyasətidir.
"ASAN Xidmət" kimi brend yaranıb. Dövlət və vətəndaş bir-birinin yanında üzü ağ, alnı açıq olmalıdır. Biz də ölkə başçısının bu siyasətini əsas götürürük və işimizə davam edirik. Tələbə yalnız təhsil haqqında düşünməlidir. İmtahan vaxtı apellyasiya şikayətləri olanda, kəsilən tələbə gələndə həmin yazıları şəxsən özüm oxuyuram.

- Tələbələrin əsas müraciəti nədən ibarət olur?

- Təhsil haqları ilə bağlı daha çox müraciətlər olur. Qanun çərçivəsində əlimizdən nə gəlirsə, köməklik göstərməyə çalışırıq. Əsas odur, müəllimlərdən şikayət halları yoxdur.

- Mədəniyyət və Turizm Nazirliyi, onun tabeliyində olan müəssisələrlə əlaqələriniz necədir?

- İstər nazirliklə, istərsə də onun tabeliyində olan qurumlarla çox gözəl münasibətimiz var. Məsələn, "Azərbaycanfilm" kinostudiyası, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əlaqələrimiz, əməkdaşlığımız mövcuddur. Bizim tələbələr "Azərbaycanfilm"də diplom işlərini çəkdilər. Kinostudiyada dərs keçmək, film çəkmək tələbələr üçün inanılmaz dərəcədə maraqlıdır. Bundan başqa, "Azərbaycanfilm" şəhid rejissor Vaqif Əhmədovun adına təqaüd təsis edib. Bizim tələbələr həmin təqaüdü alırlar.

- Eşitmək istədiyiniz sual, demək istədiyiniz fikir qaldısa, buyurun...

- Ən böyük arzum, istəyim odur ki, Mədəniyyət və İncəsənət Universitetində əmək bazarında rəqabətə davamlı peşəkar kadrlar yetişdirək və həmin məzunlarımız təkcə Azərbaycanın yox, qonşu ölkələrin də ehtiyaclarını təmin etsinlər.