“Ölkələrin ərazi bütövlüyü mütləq şəkildə təmin olunmalıdır” Müsahibə

“Ölkələrin ərazi bütövlüyü mütləq şəkildə təmin olunmalıdır”

AŞPA sədri: "Hesab edirəm ki, indi bütün ölkələr monitorinq altında olmalıdır"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassörün (Anne Brasseur) APA-ya müsahibəsi

- Assambleya rəhbərliyinə seçildiyinizdən sonra bu qurumu necə irəli aparmağa düşünürsünüz. AŞPA daxilində, məsələn, komitələrdə, xüsusilə Monitorinq Komitəsində islahatların aparılmasına ehtiyac varmı?
- Bu vəzifəyə seçildikdən sonra - yanvar ayında etdiyim çıxışımda qeyd etdiyim kimi hər ölkəyə qarşı eyni münasibət göstərilməlidir və bu nə onun coğrafi, nə tarixi, nə mədəniyyəti, nə də ölkənin dini çoxluğundan asılı olmalıdır. Hər bir ölkə öz dəyərləri, adət-ənənələri, mədəniyyətinə uyğun olaraq dəyərləndirilməlidir. Amma bunların üzərində həmişə Avropa Şurasının dəyərləri dayanmalıdır. Məhz buna nəzarət edilməlidir, yəni ölkə Avropa Şurasına üzv qəbul olunduqda üzərinə götürdüyü bir sıra öhdəliklərə və bunları nə dərəcədə yerinə yetirdiyinə diqqət etmək gərəkdir və belə məsələlərdə nəzarət - monitorinq mexanizmi işə salınmalıdır. Bu yalnız yeni üzv ölkələrə deyil, digər ölkələrə də şamil olunmalıdır. Misal üçün, mənim ölkəmdə, Lüksemburqda, bəzi konvensiyalar var ki, biz bunları hələ də ratifikasiya etməmişik və mən bundan heç də qürur hissi keçirmirəm. Hesab edirəm ki, indi bütün ölkələr artıq monitorinq altında olmalıdırlar. Yeni üzvlər AŞPA-ya üzv qəbul olunduqları zaman üzərilərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirmiş statusu alana qədər bu proses davam etdirilməlidir.
- Azərbaycan da Assambleyanın post-monitorinq mərhələsində olan ölkələr sırasına keçmək vaxtı olduğunu bildirib. Bu haqda nə düşünürsünüz?
- Doğrudur, Azərbaycan əksər konvensiyaları və sənədləri artıq qəbul edib və bu müsbət haldır. Lakin hələ də yolun bir hissəsi qət edilməmiş qalıb. Mən də şəxsən hesab edirəm ki, Azərbaycanın hazırda təşkilatımızda başladığı sədrliyi bu ölkə üçün əlverişli məqamdır ki, islahatlar prosesini sürətləndirsin. Burada əsas məsələlər arasında söz və ifadə, mətbuat azadlığı, məhkəmələrin müstəqil fəaliyyəti, sərbəst toplaşma azadlığını qeyd etməliyəm. Bu məsələlərlə bağlı qəbul olunmuş bəzi qanunlar təşkilata üzv qəbul olunan vaxt Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Bununla bağlı AŞ-nın insan hüquqları komissarının sonuncu hesabatını qeyd etmək istərdim. Hələ bəzi məsələlərdə irəliləyişə nail olmaq lazımdır. İndiki mərhələdə Azərbaycanın post-monitorinq mərhələsinə keçməsi vaxtından qabaq atılmış addım olardı. Amma söylədiyim kimi, Azərbaycanın sədrliyi dövründə bu islahatlar prosesinin sürətləndirməsi olduqca yaxşı fürsətdir. Bu da öz növbəsində çox müsbət iş olardı.
- Yeri gəlmişkən, Azərbaycan bu ay Avropa Şurası Nazirlər Komitəsində sədrliyinə başlayıb. Şəxsən siz bu sədrliyi necə görürsünüz?
- Mənim burada Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi ilə görüşmək fürsətim oldu. Eyni zamanda Vyanada Azərbaycan xarici işlər naziri ilə görüşüb söhbətləşdik, onlarla da görüşlərimdə Azərbaycanın irəliyə doğru addım atmalı olduğu məsələlər barədə danışdıq. Burada yalnız qanunverici sənədlərin qəbul edilməsi deyil, eyni zamanda onların tətbiqi, həyata keçirilməsi də çox vacibdir. Məsələn, mən Avropa Şurasının yay demokratiya Bakı məktəbinin hazırda həbsdə olan sədri İlqar Məmmədovla görüş üçün yazılı müraciət etmişəm. Amma indiyə kimi cavab almamışam. Hesab edirəm ki, Assambleyamızın üzvləri öz ailə üzvlərinə sərbəst baş çəkə bilməlidirlər. Çünki İlqar Məmmədov bizim ümumi ailəmizin üzvüdür. Digər misal, ötən həftənin cümə günü eşitdik ki, Azərbaycan tərəfi Assambleyamızın vitse-prezidentinə (Rene Ruke, Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın vitse-prezidenti - F.Q.) ölkəyə daxil olmaq üçün viza verməkdən imtina edib. Bu, Paris Protokoluna ziddir. Belə ki, hər bir assambleya üzvünün istədiyi şura üzvü olan ölkəyə daxil olmaq hüququ olmalıdır. Mən bu haqda Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyi ilə müzakirə etdim, amma çox təəssüf ki, cavab mənfi oldu.
- Siz ikili standartlardan yanaşma, qəbul olunmuş qətnamələrin Azərbaycan tərəfindən həyata keçirilməsinin ləngidiyini qeyd edirsiniz. Rəsmi Bakı da açıq şəkildə bildirir ki, Avropa Şurasında Azərbaycana qarşı ikili standartla siyasət aparılır. Bu və ya digər tənqidi məsələlərdə Azərbaycana qarşı yanaşma tam fərqli, qeyri-obyektiv olur, digər ölkələr bu cür tənqidlərə məruz qalmır. Qətnamələrin həyata keçirilməsinə gəldikdə, məsələn, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dair AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsinə Ermənistan tərəfi əməl etmir, ancaq Assambleya bu məsələni heç vaxt qaldırmır. Yəni Azərbaycan tərəfinin də arqumentləri var bu məsələlərdə. Buna münasibətiniz necədir?
- Mən Azərbaycanın və buradakı nümayəndə heyətinin narahatlığını çox yaxşı başa düşürəm. Mən onların bu narahatçılıqlarını qəbul edirəm. Bu məsələ o qədər mürəkkəbdir ki... Bizim ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyimiz var, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü müdafiə etməlidir. Bəli, biz bunları etməliyik, lakin bu, üzrlü səbəb kimi istifadə olunmamalıdır. Hansısa ölkəyə deyə bilmərik ki, siz bu məsələdə irəliyə doğru getmirsinizsə, biz də Bakının mərkəzində hansısa qrupun toplaşmasına, mətbuatın işinə mane olacağıq və s. Yəni burada məsələlərə qarışdırmamaq lazımdır. Doğrudur, burada bizim də, Avropa Şurasının da, onun Parlament Assambleyasının da məsuliyyəti, üzərinə düşən işlər var, amma Azərbaycanın da öz öhdəlikləri var. Təkrar etməliyəm, biz burada insan hüquqları, demokratiya və hüquqi dövlət uğrunda fəaliyyət göstəririk. Bütün aspektlərdə bunlara hər iki tərəf eyni dərəcədə əməl etməlidir.
- Dağlıq Qarabağ münaqişəsindən söz düşmüşkən, bildiyiniz kimi Avropa Şurası daxilində bir neçə ölkə, misal üçün, Rusiya ilə Gürcüstan, Moldova, Ermənistanla Azərbaycan arasında "dondurulmuş münaqişələr" adlandırdığımız münaqişələr mövcuddur və hazırda Rusiya ilə Ukrayna arasındakı Krım böhranından sonra bu münaqişələrin həll edilməsi daha da aktuallaşıb. Assambleyanın sədri olaraq hu haqda da fikirlərinizi bilmək maraqlı olardı...
- Ölkələrin ərazi bütövlüyünə mütləq şəkildə əməl olunmalıdır. Amma təbii ki, hər iki tərəf razılığa gələrsə... Misal üçün, yaxın keçmişdə Çexiya ilə Slovakiyanın bir-birindən ayrıldığını gördük və buna ümumi razılıqla nail olunmuşdu. Amma hansısa bir ölkədən bir hissənin ayrılıb özünü müstəqil elan etməsi, yaxud başqa bir ölkə tərəfindən anneksiya edilməsi əlbəttə ki, Avropa Şurasının bütün prinsiplərinə, qəbul etdiyimiz qətnamələrin təbiətinə ziddir. Eyni zamanda onu da vurğulamaq lazımdır və mən bunu bir daha vurğulayıram ki, hər bir ölkə eyni şərtləri qəbul etməli və eyni oyun qaydalarına hörmətlə yanaşmalıdır.
- Amma bu məsələdə də ayrı-seçkilik, fərqli yanaşma müşahidə olunur. Xüsusilə Rusiya ilə Ukrayna arasındakı Krım münaqişəsindən sonra Avropa təşkilatları, eləcə də AŞPA təcavüzdən, işğal hadisəsindən danışırlar, amma Dağlıq Qarabağ münaqişəsinə tam fərqli şəkildə yanaşırlar. Gürcüstanın, Ukraynanın, Moldovanın adı çəkildiyi halda, Ermənistanın Azərbaycan ərazilərini, Dağlıq Qarabağı işğal etməsi faktı haqqında heç bir söz deyilmir. Avropada oxşar məsələlərə bu cür kəskin fərqli yanaşmanın səbəbi, sizcə, nə ola bilər?
- Fikrimcə, bütün münaqişələr fərqlidir və biz onları müqayisə edə bilmərik. Çünki zaman və ya keçdikləri tarix baxımından fərqli şəkildə inkişaf ediblər. Buna görə də müqayisə üçün hansısa başqa dondurulmuş münaqişəni götürmək düzgün olmazdı. Əslində mənim bu "dondurulmuş" termini heç xoşuma gəlmir, çünki hazırda onlar dondurulmuş vəziyyətdən də o tərəfə keçiblər, yerindən tərpənmirlər. Amma yenə də hesab edirəm ki, ATƏT-in Minsk qrupu bu danışıqları davam etdirməli və tərəfləri bir araya gətirə bilməlidir. Çünki bu münaqişəni yalnız diplomatik danışıqlar yolu ilə həll etmək olar. Düzdür, ölkələrin ərazi bütövlüyünü qəbul edirik, lakin burada güc tətbiqi də qəbuledilməzdir. Bunu hər dəfə təkrar etməliyik və bir daha təkrar edirəm, bütün mümkün olunan edilməlidir ki, tərəflər eyni masa ətrafında bir araya gəlsinlər. Hazırda da bu missiyanı həyata keçirmək məsuliyyəti Minsk qrupunun üzərindədir, ona görə də Avropa Şurası hər dəfə bu işin Minsk qrupu tərəfindən edilməli olduğunu deyir. Çünki əgər hamı münaqişələrin həllinə girişsə, bu həll yoluna gətirib çıxarmayacaq. Hamının bu məsələdə böyük məsuliyyəti var, amma bir daha təkrar edim ki, müqayisə olunmayan halları müqayisə etmək lazım deyil. Bu münaqişələr müqayisə olunan deyil, amma hamısı acınacaqlı olmaqdan da artıqdır.
- Bəs Assambleyanın bu məsələdə rolunu necə görürsünüz? AŞPA qurum daxilində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında dialoqun aparılması üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Alt komitə yaratmışdı. Sizdən əvvəlki sədrlər bu danışıqları intensivləşdirməyə cəhd etmişdilər. Bəs Siz bu yöndə necə fəaliyyət göstərəcəksiniz?
- Mən belə məsələlərdə çox möhkəm, təkidlə öz sözümün üstündə duranam və mən bu məsələni əldən buraxmayacağam. Bütün lazım olanı edəcəyəm ki, Assambleyada hər iki ölkənin nümayəndə heyətlərini bir araya gətirə bilim. Amma Azərbaycanın sədrliyinin bunun üçün əlverişli vaxt olduğuna əmin deyiləm. bununla belə, mən ruhdan düşmürəm və birgə danışmağımız üçün bu işləri davam etdirməliyik. Burada da hamının üzərinə məsuliyyət düşür, Avropa Şurasının da, onun Assambleyasının da... Sədr kimi mən də üzərimə düşən məsuliyyəti anlayıram. Amma hər iki tərəfin nümayəndə heyətlərindən də çox şey asılıdır. Mən bu məsələ ilə bağlı Azərbaycanda səfərdə olarkən parlamentinin sədri ilə görüşdə də danışacağam. Eyni zamanda, hesab edirəm ki, gələcəkdə Ermənistan parlamentinin sədri ilə də görüşüb söhbətləşmək imkanım olacaq.