“Cənubi Qafqazın gələcəyi sülhdən keçir” Müsahibə

“Cənubi Qafqazın gələcəyi sülhdən keçir”

Tənzilə Rüstəmxanlı: “Davamlı sülh regional təhlükəsizlik üçün yeganə çıxış yoludur”

Cənubi Qafqazda onilliklər boyu davam etmiş münaqişəsindən sonra bölgənin gələcək taleyini müəyyənləşdirəcək əsas məsələ yekun sülh sazişinin imzalanması olaraq qalır. 2020-ci ildə qələbə ilə nəticələnən Vətən müharibsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etsə də, postmünaqişə mərhələsində davamlı sülhün hüquqi və siyasi çərçivəsi hələ tam formalaşmayıb. Bu isə regionda sabitliyin və uzunmüddətli təhlükəsizliyin təmin olunmasını çətinləşdirir.

Eyni zamanda qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər, yeni müharibə və qarşıdurmalar, böyük dövlətlər arasında artan rəqabət Cənubi Qafqazı da bu proseslərin bir parçasına çevirir. İran ətrafında gərginlik, Yaxın Şərqdə davam edən müharibələr, Ukrayna böhranı, eləcə də digər bölgələrdə yaşanan siyasi sarsıntılar Azərbaycan–Ermənistan sülh prosesinə beynəlxalq diqqətin azalmasına və yeni risklərin yaranmasına səbəb olur. Belə bir mürəkkəb şəraitdə sülhün perspektivləri, xarici güclərin prosesə mümkün təsiri və əldə olunacaq razılaşmaların icra mexanizmləri cəmiyyətdə geniş müzakirə olunur.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Xalq Cəbhəsi”nə müsahibəsində məhz bu suallara aydınlıq gətirərək Azərbaycan–Ermənistan sülh danışıqlarının hazırkı vəziyyətini, regional və qlobal faktorların prosesə təsirini, sülhün icrası və dayanıqlılığı ilə bağlı riskləri, eləcə də cəmiyyətin sülhə psixoloji hazırlıq səviyyəsini ətraflı şəkildə dəyərləndirib...

- Tənzilə xanım, Sizcə, hazırkı mərhələdə sülh danışıqları real nəticəyə nə qədər yaxındır?

- Azərbaycan və Ermənistan arasında sülh danışıqları uzun illərdir davam edir, lakin hələlik yekun sülh sazişi imzalanmayıb. Müharibənin bitməsindən altı il keçir. ABŞ vasitəçiliyi ilə keçirilən görüşlərdə, o cümlədən Donald Trampın təşəbbüsü ilə tərəflər müəyyən razılıqlar əldə ediblər. Arada ictimaiyyətə verilən mesajlar olsa da, real və yekun sülh hələ təmin olunmayıb. Hazırda məqsəd tərəflərin sülhə nail olması və qarşılıqlı anlaşmanı gücləndirməkdir.

- Regionda dəyişən geosiyasi balans sülh prosesinə hansı yeni riskləri yaradır?

- Bəzi qlobal hadisələr, xüsusilə bölgədə baş verən münaqişələr (İran ətrafı gərginlik, Suriyada və Livanda müharibə, Hindistan-Pakistan qarşıdurması, Ukraynada müharibənin genişlənməsi, eləcə də Latın Amerikası ölkələrindəki vəziyyəti) Azərbaycan-Ermənistan sülh prosesinin diqqət mərkəzindən çıxmasına səbəb olub. Azərbaycan tərəfi məsələnin gündəmdən kənarda qalmasını istəmir və sülh prosesini yekunlaşdırmaq, gələcəkdə mümkün problemlərin qarşısını almaq niyyətindədir.

- Xarici güclərin prosesə təsiri sülhün dayanıqlılığına mane ola bilərmi?

- Azərbaycan öz torpaqlarında separatçı rejimin varlığına son qoyub. Ermənistan isə hələ sülh sazişini imzalamaq üçün hərtərəfli addım atmır, konstitusiyanın dəyişilməsi şərtini yerinə yetirmir. Buna paralel olaraq, bu dövlət silahlandırılır. Müxtəlif dövlətlər Ermənistanla birlikdə hərbi təlim keçirlər. Verilən mesajlardan aydın olur ki, bəzi güclər regionda sülh istəmir. Rusiya Cənubi Qafqazda davamlı sülhdə maraqlı deyil. İran Azərbaycanla Ermənistan arasında nəinki davamlı sülhün, hansısa təmasların olmasını belə istəmir. Rəsmi Tehran bu iki ölkə arasında müharibənin yenidən alovlanmasını istəyir. Avropanın ən böyük dövləti olan Fransa da bu bölgədə davamlı sülhü istəmir. Bunun bir səbəbi Yelisey Sarayındakıların erməni milyarderlərindən maddi asılılığıdırsa, digər səbəbi Türkiyə faktorudur. Hindistan da bu bölgədə sülhün olmasını istəmir. Çünki, Azərbaycanın ən yaxın müttəfiqləri olan Türkiyə və Pakistanı Hindistan özünün ən qatı düşməni hesab edir. Amma bununla belə bölgədəki digər qlobal və regional problemlərin fonunda Azərbaycan və Ermənistan üçün sülhün əldə olunması həm siyasi, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

- Sülh sazişi imzalansa belə, icra mexanizmlərinin işləməməsi ehtimalı varmı?

- Sazişin qəbul edilməsi, postsovet mərhələdə davam edən Azərbaycan-Ermənistan qarşıdurmasını formal olaraq bitirir və tərəfləri münaqişə sonrası əməkdaşlıq modelinə keçirir. Bu, bölgədə “qarşıdurma geosiyasəti”ndən “inteqrasiya geosiyasəti”nə keçid kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, bu sazişin gələcəyi yalnız imza mərasimlərində deyil, icra mərhələsində veriləcək real qərarlarda müəyyənləşəcək. Sənədin kağız üzərindəki prinsiplərini həyatda qorumaq üçün həm güclü siyasi iradə, həm də effektiv beynəlxalq zəmanət mexanizmləri lazımdır. Azərbaycan tərəfində həm siyasi iradə, həm də zəmanət verə biləcək güc var.

- Cəmiyyətin sülhə psixoloji hazırlığı hazırkı durumda yetərlidirmi?

- Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü və parlament sədrlərinin dialoqu Vaşinqtonda start verilmiş sülh prosesinin, sadəcə, kağız üzərindəki bəndlərdən ibarət olmadığını, onun ən dərin qatlara – cəmiyyətlərin necə deyərlər, qəlbinə enmək niyyətini ortaya qoyur. Bu, uzun bir yolun başlanğıcıdır. Bu yol asan olmayacaq. Həm Ermənistan daxilindəki revanşist qüvvələrin təxribatları, həm də bəzi kənar güclərin pozucu fəaliyyəti kimi ciddi maneələr gözlənilir. Lakin otuzillik münaqişənin verdiyi ən böyük dərs ondan ibarətdir ki, sülhün alternativi yoxdur. Azərbaycan öz tarixi qələbəsi ilə sülhün memarı olmaq üçün siyasi iradə və güc nümayiş etdirir.

- Sizcə, sülh prosesi daha çox diplomatik nəticədir, yoxsa strateji zərurət?

- Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitlik, regional əməkdaşlıq və iqtisadi inkişaf üçün tarixi zərurətdir. 2020-ci il müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra işğala son qoyan Azərbaycan, beynəlxalq hüquq prinsipləri əsasında, xüsusilə ərazi bütövlüyünün qarşılıqlı tanınması şərtilə yekun sülhün tərəfdarıdır.

Günel Elxan