Mateuş Koxalski: “Qarabağ”a çox şey borcluyam, amma təklif gəlsə, ciddi şəkildə nəzərdən keçirəcəyəm - MÜSAHİBƏ Müsahibə

Mateuş Koxalski: “Qarabağ”a çox şey borcluyam, amma təklif gəlsə, ciddi şəkildə nəzərdən keçirəcəyəm  - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında hazırda 63 xalla ikinci pillədə qərarlaşan “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Qarabağ" Çempionlar Liqasındakı parlaq çıxışına baxmayaraq, daxili yarışlarda uzun illərdən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq. Sizcə, komandaya zirvədə qalmaq üçün nə çatmadı?

- Bu suala dəqiq cavab vermək çətindir, çünki mən məşqçi deyiləm. Amma fikrimcə, daxili yarışlarda uğur qazanmaq üçün Çempionlar Liqasında göstərdiyimiz motivasiya və keyfiyyət çatmadı. Bəzi oyunlarda yaxşı təsir bağışlasaq da, sanki əsas məqamı, yəni qol vurmağı unudurduq. Futbolda təkcə ötürmələr və gözəl driblinqlərlə nəticə qazanmaq mümkün deyil. Qələbə üçün qol vurmaq və epizodlardan maksimum yararlanmaq lazımdır.

- Sizə görə, mövsümün qırılma anı nə oldu?

- Düşünmürəm ki, mövsüm ərzində xüsusi bir qırılma anı oldu. Problemlər daha çox mövsümün əvvəlindən hiss olunurdu. Xüsusilə liqa oyunlarında müəyyən keyfiyyət və stabillik çatmadı. Məhz buna görə də çempionluq uğrunda mübarizədə istədiyimiz nəticəni əldə edə bilmədik.

- Çempionlar Liqasındakı uğurlu performansdan sonra yəqin ki, transfer məsələlərinə görə menecerinizə müraciətlərin sayı artıb. Adınız tez-tez başqa klublarla hallanır. Seçim etmisiniz? “Qarabağ”, yoxsa başqa klub?

- İnsanların düşündüyü qədər çox təklif almıram. Hazırda diqqətimi tam şəkildə “Qarabağ”a yönəltmişəm və bu komandanın futbolçusuyam. Əlbəttə, gələcəkdə konkret təklif olarsa, həmin variantları dəyərləndirəcəyəm. “Qarabağ”a çox şey borcluyam. Burada həm futbolçu, həm də insan kimi inkişaf etmişəm. Amma hər futbolçu kimi mənim də arzum Avropanın ən güclü liqalarında çıxış etməkdir. Əgər belə bir imkan yaranarsa, bunu ciddi şəkildə nəzərdən keçirəcəyəm. Düşünürəm ki, azarkeşlər də bu arzunu anlayışla qarşılayacaqlar.

- Demək olar ki, 2-ci yerin taleyini böyük ölçüdə həll etmisiniz. Bu mənada oyunlara motivasiya baxımından əziyyət çəkmirsiniz?

- Bütün komanda adından danışmaq mənim üçün çətindir. Amma öz adımdan deyə bilərəm ki, hər oyuna eyni məsuliyyət və ciddiyyətlə yanaşıram. Mövsümün əvvəlindən etibarən bütün matçlara maksimum motivasiya ilə hazırlaşmışam. Qarşıdakı görüşlərdə də meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ümid edirəm ki, mövsümün son oyunlarında maksimum nəticə göstərərək qalan qarşılaşmaların hamısında qələbə qazana biləcəyik.

- Mayın 13-də Azərbaycan Kubokunda final oyunu keçiriləcək. Avropa Liqasına vəsiqə üçün “Qarabağ” çempionatda 2-ci yeri tutub, finalda “Sabah”ın “Zirə”yə qalib gəlməsini gözləməlidir. Yəqin həmin gün “Sabah”a azarkeşlik edəcəksiniz...

- Finalda xüsusi olaraq hansısa komandaya azarkeşlik etməyəcəyəm. Amma vəziyyət belə tələb edirsə, qoy, “Sabah” qalib gəlsin və biz də çempionatı ikinci pillədə başa vuraq. Düşünürəm ki, bu klub və onun azarkeşləri hər mövsüm avrokuboklarda iştirak etməyə layiqdirlər.