Bəhlul Bəhcətin faciəvi taleyi Ədəbiyyat

Bəhlul Bəhcətin faciəvi taleyi

Bəhlul Bəhcətin Azərbaycan folklorşünaslığı tarixində özünəməxsus yeri var. "Bəhcət" onun yaradıcılıq imzasıdır. 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Araşdırmaçı-alim Rza Xəlilov bildirir ki, Bəhlul Əfəndi sonralar təhsilini Türkiyə və İranda davam etdirib. Türkiyə və İranda təhsilini başa vurduqdan sonra vətənə qayıdıb, Zəngəzur qəzasında dini fəaliyyətə başlayıb. 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. O, milli dövləti fəaliyyətilə dəstəkləyənlərdən olub. Azərbaycanda bolşevizm bərqərar olduqdan sonra onun həyatının ağır günləri başlayır. Süni quraşdırılmış bir ittiham əsasında ilk dəfə olaraq 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır: 3 il ərzində əvvəlcə "Azərnəşr"də, sonra isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda işləyir. Bu elm ocağı Bəhlul Bəhcətin son iş yeri olur. 1937-ci ilin avqustundayenidən həbs edilir, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnir. 20 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət verilir. Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir: "Deyilənə görə, o, Əmin Abidlə birlikdə Firdovsinin"Şahnamə"sini dilimizə tərcümə edib". Həm də bir ədəbiyyatşünas kimi tanınmış Bəhcət XIX yüzilin məşhur şairlərindən olan Əbülqasim Həbatinin ədəbi irsinin toplanmasında və araşdırılmasında böyük rol oynayıb. 1935-ci ildə bu sahədə fəaliyyətinin məntiqi nəticəsi olaraq "Nəbati" kitabını çap etdirib. B.Bəhcətin yaradıcılığında Azərbaycan folkloru, xalq ədəbiyyatı geniş yer tutub. Azadlığa çıxdıqdan sonraədəbi yaradıcılıqla məşğul olduğu dövrdə yazdığı "Nəbati-Xan Çobanı", "Sarı Aşıq", "Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı", "El şairi" və "El şairləri", "Aşıq Mahmud" adlı məqalə və resenziyaları ədəbiyyatın, folklorun onun yaradıcılığında mühüm yer tutduğunu, müəllifin necə məhsuldar qələm sahib olduğunu göstərir: "Onun bu dövrkü fəaliyyətində müşahidə edilən canlanma ölkədə kütləvi repressiyaların daha güclü bir dalğasının başlandığı dövrə təsadüf edir. Görünür, B.Bəhcət rejim tərəfindən ona ayrılan vaxtın daraldığını, azaldığını hiss etmiş, bu sahədə daha çox iş görmək lazım gəldiyini fitrətən dərk etmişdi. Sonuncu məqalənin çapından təqribən bir il sonra o, həbs olundu".
R.Xəlilov bu dövrdə "Ədəbiyyat" qəzetində "Çoban" imzası ilə dərc olunmuş bir məqalənin onun folklorşünas olaraq bu sahədə toplayıcılıq fəaliyyətinə işıq saldığını bildirir: "Ərəbcə "sevinc", və "gözəllik" mənalarını ifadə edən "Bəhcət" təxəllüslü Bəhlul Əfəndi Azərbaycan xalq ədəbiyyatına, klassikŞərq mədəniyyətinə yaxından bağlı olub. Bəhlul Əfəndi həm dünyəvi elmlərlə, həm də siyasətlə məşğul olsa da, bütün ömrü boyu Azərbaycan xalq ədəbiyyatına qırılmaz tellərlə bağlı olub. Sarı Aşığın bayatılarını toplayıb kitab halına salıb, "Nizami və Qafqaz folkloru" mövzusunda elmi əsər yazıb. Təəssüf ki, Bəhcətin Azərbaycan tarixinə dair yazdığı xeyli əsərlərinin çoxu itib-batıb. H.Əfəndiyev bu qənaətdədir ki, belə bir xəzinənin içərisində "Qarabağ tarixi" xüsusi əhəmiyyət kəsb edir. Milli hökumət qurulduqdan sonra onun Zəngəzur qəzasındakı dayaqlarından biri olan B.Bəhcət haqqında bir sıra elmi və bədii ədəbiyyatda çox bəhs edilib. Bəhcət sovet hakimiyyətinə qarşı savaş elan etmişdi, deyirdi ki, ya qazi, ya da şəhid olaq. O zaman Qubada, Şamaxıda, Zəngəzurda, Qarabağ, Laçın, Cəbrayıl və başqa mahallarda bolşeviklər qırğınlar törədirdilər. O, belə bir vəziyyətdə xalqı ardıcıl olaraq müqavimətə çağırırdı. Hadisələrin çıxılmaz olduğu bir vəziyyətdə Bəhcət tərəfdarları ilə İrana keçir, bir ildən sonra Azərbaycana qayıdır. Bayıl həbsxanasında olduğu 10 il ərzində ardıcıl olaraq mütaliə və yaradıcılıqla məşğul olur. Həbsdən çıxdıqdan sonra ona mənzil də verilmişdi. Lakin az sonra yenidən həbs edilir, güllələnir".
Araşdırmaçı Aslan Kənan yazır ki, bolşeviklər Azərbaycanda qanuni hökuməti "sapı özümüzdən olan baltaların" köməyi ilə zəbt etdikdən sonra xalqa qarşı "səlib yürüşünə" başladılar. İlk öncə nəinki zəhməti hesabına varlananları, hətta öz zəhməti hesabına yaşayan ortabab insanları da "kulak" –– "qolçomaq" edib, illərlə topladığını bir anın içində əlindən alaraq, ya güllələyirdilər, ya da ən yaxşı halda Rusiyanın şaxtalı-buzlu yerlərinə göndərirdilər. İş o yerə çatmışdı ki, beş qoyun, bir keçisi olan kəndliyə də həmin damğanı vururdular. Bəzən bu özbaşınalıq elə həddə çatırdı ki, bir kənddə yaşayanların yarıdan çoxuna bu damğanı vurub, sürgünə yollayırdılar. Sürgündən sağ-salamat qayıdanları 1930-cu illərin repressiyaları "qoynuna" alırdı: "Azərbaycan SSR XDİK-də olan məlumatda göstərilir ki, Bəhlul Behcət hal-hazırda əks-inqilabın rəhbəri kimi Azərbaycanın bir çox sərhəd rayonlarında yerli əhali arasında hökumətə qarşı fəaliyyət göstərməklə onları sovet dövlətinə qarşı silahlı üsyana hazırlayır. Lakin bu arayış öz həqiqi təsdiqini tapmır və baxmayaraq B.Behcətin istintaq işinə yeni maddələr artırılır ki, bunlar da təəccüb doğurmur. B.Behcət ilk dəfə həbs olunan zaman Azərbaycan Cinayət Məcəllisinin 72 və 73-cü maddələri ilə təqsirli bilinsə də, istintaqdan altı ay sonra onun işinə Azərbaycan C/M-nin 69 və 70-ci maddələri əlavə olunur. Bu maddələr o zaman ən ağır cəzaya məhkum olunanlara verilirdi".
Araşdırmadan aydın olur ki, Behcət ilkin dindirilmədə özünü heç nədə günahkar bilməyib, heç bir əks-inqilabi millətçi təşkilatın üzvü olmadığını bildirmişdi: "Ancaq XDİK-in əməkdaşları tərəfindən görülmüş tədbirlərdən sonra B.Behcət 1936-cı ildə yazdıqlarının əksinə olaraq Ə.Pepinovun, Ə.Cavadın, H.Cavidin, M.Müşfiqin, Rzaqulu Nəcəfovun, S.Vurğunun, A.Şaiqin, S.Mümtazın və başqalarının onun rəhbərlik etdiyi təşkilatın üzvü olduğunu "etiraf" etməli olmuşdu. O "etraf"ında göstərirdi ki, həmin ərəfələrdə bir-birlərinin evlərinə gedər və orada Azərbaycan ədəbiyyatının getdikcə gözdən düşdüyündən danışarlarmış".
B.Behcətin növbəti dindirilməsində aydın olur ki, təhlükəsizlik idarəsinin müstəntiqləri qarşılarına qoyduqları əsas məqsədə nail olublar: "Həmin məqsədlərdən biri də guya Azərbaycanın Cəbrayıl və Zəngilan kimi sərhəd rayonlarında əks-inqilabi iş aparmaqla Sovet hökumətinə və dövlətinə qarşı tədbirlər görən bir qrup əks-inqilabçıların zərərsizləşdirilməsindən ibarətdir. Bu yolla da istintaqa cəlb olunan hər hansı müttəhimin günahkar olduğunu boynuna qoymağa çalışırdılar. "İpə-sapa" yatmayan müttəhimlərin günahlarını boynuna alması üçün müstəntiqlər tərəfindən daha ciddi tədbirlər görülürdü. Bu tədbirlər o dərəcəyə çatırdı ki, müttəhim müstəntiqin üzünü görər-görməz əlavə "günahlar"ını da boynuna almağa məcbur olurdu. Müstəntiqin bu "hünərinin" nəticəsi idi ki, B.Behcət əks-inqilabi fəaliyyətinin bir çox müsavatçılarla sıx surətdə bağladığını da "etiraf" edib. B.Behcət üçün qabaqcadan hazırlanmış bu dindirilmə istintaqı qane etmədiyindən, müstəntiqlər yeni bir üsula əl atmalı olurlar. Bu üsul yalançı şahidlərdən yetərincə istifadə etmək idi. Maraqlıdır ki, həmin şahidin müttəhimlə heç bir tanışlığı olmasa da, onun dedikləri istintaqı qane edirdi. "Şahid"in istintaqın göstərişlərinə əməl etmədiyi halda (bu cür hallar çox təsadüfi olurdu) həmin şəxsin aqibətinin necə olacağı heç kəsə gizli qalmırdı. Həmin istintaqa cəlb edilən bir "şahid"in sözü ilə B.Behcət müridlilik təriqətinə, xanlıq üsyanındakı fəal iştirakına görə günahlandırılırdı.
Başqa bir "şahid"in sözlərinə görə guya kimsə ona deyib ki, (sənəddə bu öz əksini tapmayıb) Bəhlul Əfəndi Bakı şəhərində əks-inqilabi təşkilatın ən fəal üzvlərindən biridir. Bu ifadəni işlədən Qəhrəmanov soyadlı şahid nədənsə B.Behcətə qarşı heç bir tutarlı sübut gətirə bilmir. Sonralar həmin "şahid" 16 may 1956-cı ildə yenidən dindirilərkən etiraf edir ki, Bəhlul Əfəndiyev adında belə bir şəxs tanımır, həbs olunanda yalnız bir dəfə onun adı xatırlanıb. Həmin şahid etiraf edir ki, 1937-ci ildə dindirildikdə ona qarşı qanunsuz üsullardan –– fiziki gücdən istifadə edilib və bu yolla ondan saxta ifadə alınıb. Maraqlıdır ki, Bəhlul Behcətin dindirilməsində Azərbaycan SSR XDİK-in rəhbərlərindən Atakişiyev və Musayev şəxsən iştirak ediblər. 1956-cı ildə bunların hər ikisi cinayətə cəlb olunaraq layiqli cəzalarını alıblar. Bu sonralar olur. Hələ ki 1937-ci ilin ağır günləridir. B.Behcətə "layiqli" cəza vermək üçün təhlükəsizlik idarəsinin zatı məlum olmayan erməni başkəsənləri Bəhlul Əfəndi ilə Azərbaycan himninin müəllifi, repressiyaya ilk məruz qalmış ədəbiyyat xadimlərindən biri olan Əhməd Cavadı üzləşdirməli olurlar. Təbiidir ki, ağır işgəncələrə məruz qalmış 70 yaşlı ədəbiyyatşünas "etiraf" etməyə məcbur edilmişdi ki, o, Ə.Cavadı əks-inqilabi təşkilata cəlb etmişdi. Həmin təşkilatın da rəhbəri Ə.Pepinov olmuşdu. Ancaq öncədən hazırlanmış oyunda iradəsini qıra bilmədikləri Ə.Cavad bunu təsdiq etməmişdi".

Elçin Qaliboğlu