“Şah İsmayıl” dastanında obrazların səciyyəsi Ədəbiyyat

“Şah İsmayıl” dastanında obrazların səciyyəsi

5-ci yazı

Yüksək dəyanətli sevgi, sadiqlik, əhdinə vəfa, hisslərinin yüksəkliyi, xarakterindəki mətinlik, öz hissi uğrunda mübarizə, inadkarlıq, əyilməz iradə – bütün bu yüksək mənəvi və əxlaqi keyfiyyətlər Şah İsmayılı xalq tərəfindən sevilən əsl qəhrəmana çevirir. "Bütün xalq romanlarımızda təsvir edilən aşiqlər kimi Şah İsmayıl da öz əhdinə sadiq, məhəbbəti, eşqi, vəfanı müqəddəs sayan bir qəhrəmandır. Sevgilisi yolunda əziyyətlərə qatlaşmaq, hətta candan keçmək belə qəhrəmanların həyat kitabının ilk səhifələrində yazılıb". Bütün epizodlar, hadisələr məhz qəhrəmanın bir bütöv olaraq ortaya qoyulmasını şərtləndirir. Rəmdar Pəri ilə ailə quran İsmayıl, onu yoldaşı kimi qəbul etmir. "Mən Türkmana Gülzarın dalınca gedirəm. Bəlkə getdim, qayıtmadım. Onda sizin bacınızın yanında üzüqara olaram. İndiyə kimi sizin bacınızla bacı-qardaş kimi dolanmışam. Əgər gedib sağ-salamat Gülzarı gətirə bilsəm, onda sizin bacınızı da alaram".
Dastanı yaradan xalqın sevgisi bütünlüklə İsmayılın tərəfindədir. Dastançı öz qəhrəmanına biganə yanaşa bilmir. İsmayılın hər bir uğuru onu sevindirir, yaşadığı bütün uğursuzluqlar qəmləndirir. Qəhrəmanının daha da cəzbedici olması üçün ona çoxlu mənəvi keyfiyyətlərlə bəzək vurur. Dərdli Pərinin yanından etinasız keçə bilməyən İsmayıl öz yolçuluğunu saxlayıb Pərinin qardaşlarına kömək edir. Xalq kamil insana aid bütün əxlaqi və daxili gözəlliyi bu obrazda parlaq təcəssüm etdirib.
Dastanının qadın qəhrəmanı Gülzar digər məhəbbət dastanlarının sevgili-məşuq obrazlarından heç nə ilə fərqlənməyən statik sevgi ilə sevən bir qızdır. Öz vəziyyəti ilə o, Şərq qadınlarının taleyin paylaşır. Gülzar hüquqsuz, məzlum, şəxsi azadlıqdan və insan hüquqlarından məhrumdur. Lakin hüquqsuz olsa da, bütün məhəbbət dastanlarının məşuqə qəhrəmanı kimi öz sevgisinə sədaqətlidir. Gülzar mülayim, sadə, həssas ürəkli, öz hisslərinə sadiq olan ləyaqətli Azərbaycan qızıdır. O, İsmayılı bütün qəlbi ilə sevir və öz xoşbəxtliyini İsmayılın sevgisində görür. Toy günü məşşatələri saçını bəzəməsini qoymur, ah-zar çəkib ağlayır, otağına heç kəsi buraxmır. O, bütün qəlbi ilə inanır ki, son məqamda da olsa İsmayıl gəlib çıxacaq. Şərait Gülzarı öz hisslərini sərbəst göstərmək, öz ürəyinin səsinə görə hərəkət etmək hüququndan məhrum edib. O, bütünlüklə valideynlərinin iradəsinə tabedir. Gülzar obrazında sadə Azərbaycan qızının bütün müsbət cəhətləri cəmlənib.
"Şah İsmayıl" dastanı irfani boyalarla bəzədilmiş məhəbbət dastanıdır. "Şah İsmayıl" dastanında təsəvvüfi məhəbbət arxaik məhəbbəti özünə tabe edərək, sosial semantikanı arxa plana keçirir. İsmayıl öz aşiqliyini İlahidən alır. İsmayılın aşiqliyi haqq aşiqliyidir. Haqq aşiqi olmaq isə Allaha aşiqlik deməkdir. "Vəhdətə aparan ilahi eşqin bəxş etdiyi Hüsnü-Mütləqi və ona qovuşmağa can atan haqq aşiqini vəsf edən eşq dastanları əski kökə bağlılığına baxmayaraq, yeni hadisə idi. Bu nə arxaik dastanlarda təsvir edilən sevgi, nə də klassik dastanlarda vəsf olunan qoşa badam sığmayan dar ağızlı, aydan aydın, gündən parlaq bahadır qızın məhəbbətidir. Bu könlünə Haqqın ilham etdiyi, Haqqilə qovuşmağa can atan aşiqin ilahi eşqidir".
İsmayıl Gülzarda təcəlla olan Tanrıya aşiqdir. Gülzar məcazi mənada Allahı simvollaşdırır. Şah İsmayılın isə Allahın ehtiyacındadır. Ona görə də onun ardınca getməlidir. Beləliklə, dastanın özəyini Gülzarın simasında təcəlla olunmuş İlahi liə qovuşmaq təşkil edir. Məhz Şah İsmayıl İlahi ilə qovuşaraq onda vahidləşir. Dastanımızın əsas obrazları İsmayıl və Gülzar olsa da onların bu dastanda iştirakının fiziki çəkisi qeyri-bərabərdir. Əvvəldən sonadək bütin hadisələrin, təsvirlərin, baş verən olacaqların içərisində və mərkəzində İsmayıl yer alır. Olanlar onun ətrafında baş verir. Gülzarı isə dastanın əvvəlində və sonunda görürük. Lakin buna baxmayaraq, həm İsmayıl, həm də Gülzar dastanda eyni funksional-semantik yüklü obrazlardır.
"Şah İsmayıl" dastanında təhlilləri zəruriləşdirən, mahiyyətin aydınlığına yardımçı olan dərviş obrazıdır. Məhəbbət dastanlarında dərviş obrazı xüsusi statusa malikdir. Ümumiyyətlə, dastan mətnində iki dünya özünə yer alır. Bu bütünlükdə dastan düşüncəsi üçün xarakterik xüsusiyyətdir və dünya düzümünün yaddaş nizamına hesablanır. Birinci, dastan qəhrəmanlarının mövcud olduqları, fəaliyyət göstərdikləri, yaxşı və pislikləri ilə üz-üzə dayandığı dünyadır. Digər dünya isə qəhrəmanlarımızın yaşadıqları dünyaya bir nizam gətirən, hadisələrə istiqamət verən sakral dünyadır. Dərviş məhz ikinci dünyanın nümayəndəsidir.
Birinci və ikinci dünya arasında vasitəçilik dərviş vəsiləsi ilə reallaşır. Şah İsmayılın dünyaya gəlişində də dərviş məsləhətçi, yolgöstərən funksiyasında çıxış edir. Daha sonra dərvişi İsmayıla ad qoyma səhnəsində görürük. Məhəbbət dastanlarında dərvişin vasitəçiliyi özünün xilaskar statusu ilə səciyyələnir. Dastanın Sadaxlı variantında dərviş (Xıdır) xilaskar şəklində təzahür edərək İsmayılı quyudan çıxarır.
Dastandakı obraz zənginliyində ata müxtəlifliklərlə müşahidə olunur. Rəngarəng obrazlar qalereyasında iki ata görürük. Birincisi, övlad sahibi olmaq üçün nəzir-niyaz verən, oğlunun dünyaya gelişini sevinclə qarşılyan, onun təliminə-təhsilinə xüsusi yer ayıran, oğlunu hədsiz məhəbbətlə sevən bir atadır. Oğlunun aşiq olduğunu bilən ata, onu eşq bəlasından qurtarmaq üçün Qəndəharın bütün qızlarını "Gülşən" bağçasına cəm edir. Dastanın sonunda qarşılaşdığımız ata, birinci atanın tam əksi - qəddar, gözləri şəhvət ehtirasından dumanlanmış, övlad sevgisini inkar edən mənfur bir atadır. Çirkin ehtirası onun gözlərini bircə balasının ölümünə fərman verəcək qədər örtüb. Oğlu nə qədər "amandır şah baba, zay etmə məni" desə də, ata ona rəhm etmir, gözlərini çıxartdıraraq quyuya (Cəzirani düzünə) atdırır. Dastanın Təbriz və Quba variantında qəddar ata obrazı yoxdur. Təbriz variantı sırf tarixi reallığa əsaslanır. Təsvirlərdən görünür ki, Şeyx Heydər dünyadan köçüb. Quba variantında isə ata oğlunun sevdiklərinə göz dikmir, özü oğluna toy edərək xoşbəxtlik arzulayır.
Ana obrazı dastanda təbii boyalarla, balasını dərin sevgi ilə sevən, öz dəyanəti ilə seçilən müsbət səciyyəli bir obraz kimi təsvir olunub. Övladının uzaq səfərə çıxmasından çox narahatdı. "Ay oğul, amandı, gəl belə uzaq səfərə getmə, daşı ətəyindən tök. Aldı Şah İsmayıl görək anasına nə dedi:

Qəmərdayı sürdüm yola,
Ərənlər də mənlə ola...
Köməkdi Şah İsmayıla,
Mən oldum xak-turabı.

Dastanın sonunda sevgililəri ilə geri qayıdan İsmayılı qarşılamağa yalnız Ədil şah gəlir, ana oğlunun intizarına dözməyərək dünyadan köçmüşdü. Bütün variantlarda ana obrazı müsbət verilib, yalnız türk variantında fərqli tərəfləri ilə səciyyələnir. Məsələn, türk variantında ana padşaha gəlinləri ilə evlənməyi məsləhət görür.
Dastanda Şah İsmayılla birgə çiyin-çiyinə vuruşan igid qadın tipinin təmsilçisi olan Ərəb Zəngidir. O, Şah İsmayılın həm silah dostu, həm də sevgilisidir. Ərtoğrul Cavid onların sevgisini "aktiv və iradəli sevgi" adlandırmışdır. "Şah İsmayıl qalib gəldikdən sonra Ərəb Zəngi ömrü boyu ona dost, sirdaş olacağına söz verir. Doğurdan da belə olur. Dastanın sonuna qədər Ərəb Zəngi Şah ismayılı bütün çətinliklərdən qoruyur. Hətta sevgilisi Gülzarı qəddar atanın əlindən alan da Ərəb Zəngi olur. Deməli, Ərəb Zəngi dastanda dostluğun bir rəmzi kimi verilmişdir". Dastançı bu obrazı dastanın baş qəhrəmanı olan Gülzardan daha qabarıq və əzəməlti təsvir edib. Ərəb Zəngi kişi kimi at minən, qılınc vuran, ox atan, güləşən bahadır qadının bir örnəyidir. "Ərəb Zəngi istər mənəviyyatına, istərsə də fiziki gücünə, igidliyinə, qüvvətinə görə qədim türk etnik düşüncəsindəki "bahadır qız" təsəvvürünün folklorlaşmış ifadəsidir. Onun daxili aləmi, eləcə də bu daxili aləmlə həmahəng olan qəhrəmanlığı Dədə Qorqudun Banuçiçəyini, Selcan xatununu xatırladır. Dastanın hətta Gülzarı götürüb geri döndükləri zaman bulaq başındakı vuruş epizodu "Qanturalı" boyunun həmin epizodunun demək olar ki, eynidir. Yoldan keçənləri öldürərək başlarından imarət tikdirən, vəhşi quldur kimi qarşımıza çıxan Ərəb Zəngi bəy qızıdır. O, özünə qalib gələcək biri ilə evlənmək niyyətindərir. Şah İsmayıl bu evliliyi qəbul etməyib, Gülzarı axtarmağa getdiyini bildirəndə, o, İsmayılı bu səfərə yalqız burax¬mır, Gülzarı tapmaqda ən yaxın yardımçısı olur. İsmayıla bütün qəlbi ilə bağlanan Ərəb Zəngi, onu başqa qadınlarla paylaşacaq qədər fədakar, sevgilisinin Gülzarını axtaracaq qədər iradəli və ağıllıdır. O, Gülzarı qaçırandan sonra dallarınca gələn qoşunla təkbaşına vuruşub, yuxuda olan İsmayılı narahat etməyib. Ərəb Zəngi dastanın sonuna qədər yenilməz qəhrəman kimi qalır. Adil şah oğlunun gözlərini çıxartdırıb quyuya atdırsa da, Ərəb Zəngi onun arzusunu gözündə qoyur. Sevgisinə sadiq olan bu "bahadır qız" Adil şahın göndərdiyi qoşunu qıraraq Gülzarı aparmağa yol vermir. Ərəb Zəngi eyni zamanda saz çalmaq, şeir söyləmək bacarığına da malik idi. Pəri də İsmayılı çox sevən ikinci bir sevgili obrazıdır. Pəri dəfələrlə rəml ataraq İsmayılı ölümdən xilas edir (variantlarda Pəri İsmayılı Gülzarın dalınca tək buraxmayaraq, özü də onunla gedir).
Dastanda atın obrazlaşması, statusal xarakteri xüsusi ciddiliyi ilə nəzər-diqqəti cəlb edir. Qəmərdayın qeyri-adi doğuluşu təsvir olunur. Məhəbbət dastanlarımızda bu nadir haldır. Qəhrəmanın atı və atının fəallığı ilə biz həmişə qəhrəmanlıq dastanlarında qarşılaşmışıq. Qəmərday ən ağır vəziyyətlərdə İsmayılla bir yerdədir. Yalnız dastanın sonunda zalım ata Qəmərdayı oğlundan alır, oğlunun gözlərini çıxartırıb quyuya atdırır. Dastanın Şamaxı variantında ata oğlunun gözlərini çıxartdırıb səhraya atandan sonra İsmayıl 40 gün ac qalmışdı. Qəhrəmanın vəfalı atı öz sahibinin vəziyyətini hiss edərək onun kimi 40 gün ac qalmış, padşahın tövləsində ona verilən hər şeydən imtina etmişdi. Rəmdar Pəri də açdığı rəmllərlə hər zaman öz sevgisinə kömək edən sadiq sevgili obrazıdır. Göründüyü kimi, "Şah İsmayıl" dastanında təsadüfi heç bir obraz yoxdur. Bütün hadisələr, təsvirlər, zəngin obrazlar mühiti hamısı məhz mahiyyətin müəyyənliyinə, ictimai düşüncənin yaratdığı təsəvvürlər sisteminə hesablanıb. Məhz bu baxımdan dastan vahid sxemi, məzmunu işarələyən mükəmməl mətn hadisəsidir.

Kəmalə İsmayılova
araşdırmaçı