İstiqlal - bir millətin namusu və ən böyük sərvəti Ədəbiyyat

İstiqlal - bir millətin namusu və ən böyük sərvəti

Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı
3-cü yazı
Ceyhun bəyin ilk bədii əsərlərininin qəhrəmanları müxtəlif əsrlərdə yaşasalar da, müxtəlif millətləri və fərqli sosial təbəqələri təmsil etsələr də, onları birləşdirən ortaq və ümumi cəhətlər çoxdur. Bir tərəfdən cəhalətin, ətalətin, biganəliyin, fanatizmin, mədəni geriliyin, elmə, təhsilə, tərəqqiyə xor münasibətin, digər tərəfdən çar üsul-idarəsinin mənfur milli siyasətinin tənqidi Ceyhun Hacıbəylinin mühacirətəqədərki bədii əsərlərinin başlıca xüsusiyyətlərindəndir.
"Pristav ağa" C.Hacıbəylinin hekayələri arasında bir çox cəhətdən diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində "Dağıstanski" imzası ilə çap olunub. Ən əvvəl qeyd etmək lazımdır ki, dahi bəstəkar, opera sənətimizin banisi, istedadlı yazıçı-publisist, Ceyhun Hacıbəylinin böyük qardaşı Üzeyir Hacıbəyli də eyni adlı satirik hekayə yazmışdır ("İrşad" qəzeti, 1905-ci il, N-6). Hər iki əsərin mövzusu bənzər hadisədən- pristavın kəndə səfərindən və onun sakinlərlə rəftarından götürülüb. Odur ki, əsərlərdə oxşar cəhətlər çoxdur. Bununla belə, C.Hacıbəylinin qardaşından iki il sonra qələmə aldığı "Pristav ağa"sı əvvəlkindən xeyli fərqlənir. Hər iki əsərdə hadisələrin gedişini paralel izləsək, oxşar və fərqli cəhətlər daha qabarıq üzə çıxacaqdır. İstər realist təsvirinə, istərsə də toxunduğu mövzunun aktuallığına və tənqidi pafosuna görə hər iki "Pristav ağa" XX əsr Azərbaycan nəsrinin ən maraqlı nümunələrindəndir.
C.Hacıbəylinin "Pristav ağa"sı ilə Ü.Hacıbəyovun "Pristav ağa"sı arasındakı oxşar və fərqli cəhətləri aşağıdakı kimi ümumiləşdirmək olar:
- çarıxlılar, yəni Ceyhun Hacıbəylinin qəhrəmanları, "M" kəndinin sakinlərinə - Üzeyir Hacıbəylinin qəhrəmanlarına nisbətən sadəlövhdürlər və pristavın səfərindən faydalanacaqlarına əmindirlər;
- pristavların səfərinə münasibətdən asılı olmayaraq, hər iki kəndin sakinləri eyni cəzanı alırlar, döyülür, söyülür, təhqir edilirlər;
- hər iki əsərdəki strajniklər cəllad qədər amansız, qəddardırlar. C.Hacıbəyovun hekayəsində onlar həm də rüşvətxor kimi təsvir olunmuşlar;
- Ü.Hacıbəylinin "Pristav ağa"smdakı ağanın kəndə səfərində məqsədi kəndlilər üçün qaranlıq qalır. Oxucu isə ağanın kəndə yalnız çalıb-talamaq niyyəti ilə gəldiyini "görür";
- C.Hacıbəylinin "qəhrəmanı" kəndə başqa niyyətlə təşrif buyurub. O, quldur Heydərin "izinə düşüb" Çarıxlıya gəlib;
- Ü.Hacıbəylinin "ağa"sından fərqli olaraq, C.Hacıbəylinin "qəhrəmanı" quldurlarla da döyüş səhnəsində təsvir edilir və bu zaman onun yeni keyfiyyətləri - kütbeyinliyi, fərsizliyi üzə çıxır;
- əsərlər həcmcə, dil-üslub xüsusiyyətlərinə görə də bir-birindən fərqlənir;
- Ü.Hacıbəyov hekayəni Azərbaycan dilində yazıb. Ərəb-fars kəlmələri hekayənin dilini xeyli ağırlaşdırır. C.Hacıbəyli felyetonu rus dilində qələmə alıb;
- hər iki əsər bədii irsimizin gözəl nümunələrindəndir və Ceyhun Hacıbəylinin təbirincə desək, "XX əsrdə "mədəni Rusiya imperiyasının ayrılmaz bir parçası olan Zaqafqaziya quberniyalarından birində baş verən səhnə" ilə oxucuları təfsilatı ilə tanış edir.
Hekayədə Ceyhun bəyin məqsədi, bir tərəfdən çar məmurlarının Azərbaycan kəndlisi ilə vəhşicəsinə rəftarını, onun qaniçən, quldur simasını göstərmək, digər tərəfdən müsəlman kəndlisinin hüquqsuzluğunu, avamlığını, zəlil vəziyyətini, hər cür zülmə dözümlüyünü tənqid etməkdir. Əsər sərt realist bir qələmlə, sarkastik bir ifşa pafosu ilə yazılıb. Faktlara söykənməsi, həyatda olmuş bir hadisəni nəql etməsi müəllifi ara-sıra publisistik müdaxilələrə vadar edir.
XX əsr ədəbiyyatımızda rus hakimiyyətinə, onun məmurlarına qarşı bu cür sərt tənqidi münasibət bəsləyən ikinci bir əsər tanımırıq desək, yəqin ki, səhv etmərik. Müəllifin birbaşa olaraq rus hakimiyyəti nümayəndəsini əsərin əsas qəhrəmanı kimi götürərək ifşa və tənqid hədəfinə çevirməsini, onu hətta quldur və qatil obrazında təqdim etməsini biz ilk dəfə məhz C.Hacıbəylinin "Pristav ağa" hekayəsində görürük. Müəllifin fikrincə, heç bir günahı olmayan fağır kəndlilərin malına və canına istədiyi şəkildə qəsd edən və bunun müqabilində heç kimdən çəkinməyən məmurların həyasızlığı, harınlığı, saymazlığı, vəhşiliyi bir tərəfdən bütövlükdə rejimin öz təbiətindən irəli gəlirdisə, digər tərəfdən kəndlilərin hər hansı bir hakim, çinovnik qarşısında kölə tərzində hədsiz təzim və qorxu duymaları məmurlar tərəfindən onlarla belə qeyri-insani rəftar edilməsinə rəvac verirdi.
Ceyhun Hacıbəylinin satirik hekayələrindən "Zaqafqaziya" kəndlisinin həyatından" adlı əsərinin qəhrəmanı- kəndli-qaçaq Zeynal ümumiyyətlə, Azərbaycan kəndlilərini yox, müəyyən ictimai-siyasi, tarixi, yaxud şəxsi səbəblər üzündən qaçaqçılıqla məşğul olmağa məcbur fərdlərin timsalıdır. Zeynalı axtaran uyezd rəisini kəndlilərin taleyi, dincliyi, sakitliyi yox, öz mənafeyi daha çox düşündürür. Hekayə belə bitir: "Qaçaq Zeynal əlçatmaz olmuşdur". Deməli, yenə narahatçılıqdır. Yenə kəndlilər soyulur, talan edilir, yenə fərsiz rəis, qorxaq, yalançı pristavlar, əfəl və əzazil kazaklar iş başındadır... C. Hacıbəylinin bu hekayəsi çar-üsul-idarəsinin yaramazlığını, fəsadlarını, perspektivsizliyini göstərmək baxımından da yaddaqalandır, əhəmiyyətlidir. Oxucu burada tipik bir kənd görür, xarakterik kəndli obrazları ilə tanış olur, çar üsul- idarəsinin yerlərdəki nümayəndələrinin fərasətsizliyinin, kəndlilərə qarşı qəddarlıq və etinasızlığın şahidi olur.
Ceyhun Hacıbəylinin "Barışmaz ata", "Müdrik hakim", "Nümunəvi sübut" hekayələrinin mövzusu populyar Şərq motivlərindən götürülmüşdür. Yazıçının bu əfsanələrə müraciəti təsadüfi deyil. Qədim Şərq didaktik rəvayətlərində təlqin edilənlər dövrün aktual və əhəmiyyətli problemlərindəndir. Hekayələr üçün xarakterik olan yığcam kompozisiya, sadə süjet xətti, dinamizm, kəskin və canlı dialoqlar müəllif ideyasının daha qabarıq üzə çıxarılmasına zəmin yaradıb. Ceyhun Hacıbəyli bu hekayələri ilə insanları ədalətə, humanizmə, ata-anaya məhəbbətə, rəhmli, səxavətli olmağa, eyni zamanda, ədavətə, yalana, kin-küdurətə, haqsızlığa son qoymağa səsləyir.
C.Hacıbəylinin digər əsərlərinin - hekayə və felyetonlarının da başlıca mövzusu müsəlman məişətindən götürülmüş və mövcud cəmiyyət həyatının naqis cəhətlərinin tənqid edilməsinə xidmət etmişdir. Maarifçi-yazıçının əsas ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Bu əsərlərin bir yerə toplanılması, nəşri C.Hacıbəyli irsinin tədqiqinə yeni təkan verərdi.
Ceyhun Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika mühüm yer tutur. C.Hacıbəyli hər ilin sonunda Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı "Kaspi" qəzetində silsilə məqalələr dərc etdirirdi ki, həmin mənbələrə istinad edərək, XX əsrin əvvəllərinin tarixini qələmə almaq mümkündür. Salnaməçi-publisistin xüsusi ilə mədəni həyatla bağlı sanballı məqalələri böyük diqqət çəkir.
Mövzu baxımından C.Hacıbəylinin publisistik məqalələrini aşağıdakı kimi təsnif etmək olar:
- ədəbiyyat, mədəniyyət, teatr, maarif, mətbuatla bağlı məqalələr;
- xeyriyyəçilik məsələlərinə həsr olunmuş yazılar;
- Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş şəxsiyyətlərə həsr olunmuş materiallar;
- dini dəyərlərlə bağlı, eyni zamanda fanatizmin ifşası ilə əlaqədar qələmə alınan yazılar;
- erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr.
Tərəfimizdən C.Hacıbəylinin bu mövzularda yazılmış və yalnız "Kaspi"də dərc olunmuş 237 (!!!) məqaləsinin biblioqrafik göstəricisi tərtib edilmişdir.
Ceyhun Hacıbəylinin qələmə aldığı və qardaşı Üzeyir Hacıbəylinin redaktorluğu ilə nəşr olunan "Həqiqət" qəzetinin ( 1909-cu il- 6 nömrə, 1910-cu il 150 nömrə) bir neçə nömrəsində silsilə şəklində dərc etdirdiyi "Avropa məktubları" adlı publisistik yazısı ( N-1, 25 dekabr 1909, N-2, 26 dekabr, N-3, 28 dekabr 1909 ) həm məzmun, həm sənətkarlıq baxımından xüsusi ilə diqqəti çəkir. "Avropa məktuları"nın dili zəngin, koloritli, canlı və obrazlıdır: "Bəli, dəryada balıq kimi üzən, çöldə ceyran kimi gəzən insan, indi də havada quş gibi uçmaq istiyor. ...Saat 12-dən küçələr uzun- uzun dəstələrlə dolu idi Nədir, bu nə izdihamdır? Bunlar nərəyə gedirlər? Bunlar məşhur akuator (yəni göydə uçan) Fransa ile İngiltərənin arasında olan Lamanş boğazını öz "aeroplanı" ilə keçmiş Fransız Bleriunun göyə qalxmasına tamaşa etməyə gedirlər" (N-3, 28 dekabr 1909). "Avropa məktuları"nın hər sözündən, sətrindən Vətən sevgisi, Vətən təəssübkeşliyi, Vətən yanğısı duyulur: "Avropada 12 yaşında uşaq sənə hər bir siyasi məsələlərdən bəyanat verər, öz vətənində nə qədər siyasi fırqələr vardır, onların başçıları kimlərdir və axırda hansı tərəf qalib gələcəkdir hamısını xəbər verir. Bunlar böylə tərbiyə alırlar. Güman etmiyin ki, bu tərbiyəni ona məktəbdə ögrədirlər! Xeyr! Bunu özü qəzetələrdən oxuyur və ya ata-anası oxuduğu qəzetədən eşidir və uşaqlıqdan qulağı böylə siyasiyyat ilə dolur ki, böyüyəndə dəxi ondan sadiq və ciddi bir vətən oğlu çıxır" ("Həqiqət" qəzeti 25 dekabr 1909, N-1). "...bunlar çörək əvəzinə qəzet yeyirlər", "qəzetə satanın başına milçək qənd üstünə yığılan kimi cəm olurlar", "mətbuatın etdigi işi top, tüfəng edə bilməz", "mətbuat xəlayiqin səsi və rəyidir" yazan (yenə orada) Ceyhun bəy mənsub olduğu milləti qəflətdən ayılmağa, ətalət və cəhalət bataqlığından çıxmağa, elmə və tərəqqiyə səsləyir: "Əgər mən səhv ediyoramsa, gözlərinizi açıb bir dörd tərəfinizə baxın, görünüz ki, bir tərəf rifah və səadətdə və o biri tərəf xar və zəlalətdə! Birincilər - avropalılardır, ikincilər biz, müsəlmanlarız! Onları böylə bir tərəqqi və təali pilləsinə çıxardan nə olmuşdur?-Mədəniyyət, mədəniyyət və mədəniyyət! Haman mədəniyyət ki, biz onu lazımsız bir şey bilib atırıq, istəmirik... İştə haman mədəniyyətdir ki, avropalıları cümlə dünyaya müsəllət edib onları hər bir cəhətdən bizdən əfzəl etmişdir. Nə üçün bunu düşünmək istəmirik? Yoxsa xidmətçilik bizim qanımızda vardır..."( N-1, 1909). Ceyhun bəyin mühacirətəqədərki yazılarının böyük əksəriyyəti bu əsərdə olduğu kimi, milli şüurun diçəldilməsinə, Avropa dəyərlərinin təbliğinə, mədəniyyətin, maarifin yayılmasına xidmət edirdi.

Abid Tahirli