Tatar ədəbiyyatı – 2-ci yazı Ədəbiyyat

Tatar ədəbiyyatı – 2-ci yazı

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

XIX əsrin sonu, XX əsrin əvvəllərində krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin müəllimi, xalq maarifi islahatçısı, “üsuli-cədid” hərəkatının və tatar mətbuatının banisi kimi şöhrət tapmış, “bütün türkçülük hərəkatının mərkəzi siması” (Yusif Akçura) hesab edilən İsmayıl Qaspiralı 1851-ci ildə Baxçasaray yaxınlığında yerləşən Ovçu kəndində (Ovçuköydə) anadan olub. O, Qafqazın baş valisi knyaz Vorontsovun tərcüməçisi olan atası Mustafa ağanın doğulduğu Qaspiralı kəndinin adını özünə ləqəb götürmüşdü. Sevastopol müharibəsi ilə əlaqədar Mustafa ağanın ailəsi 1854-cü ildə Baxçasaraya köçür və İsmayıl Qaspiralı 7 il burada yaşayır. O, ilk tərbiyəni düşüncəsi xalq ruhunda köklənmiş Həbibə adlı sadə bir xanımdan alıb. Hacı İsmayıl əfəndi isə onun ilk ibtidai təhsil müəllimi olub, gənc İsmayıl əlifba və oxumağı bu şəxsin sayəsində öyrənib. İsmayıl Qaspiralı 1861-ci ildə Ağməscid gimnaziyasına daxil olur və orada 2 il təhsil alır. Daha sonra o, rus ordusunda zabit olmaq arzusu ilə təhsilini Voronej və Moskva hərbi məktəblərində davam etdirir. Moskva mühiti onun milli türk düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Bu dövrdə “slavyançılığın və rusçuluğun mərkəzi olan” Moskvada,xüsusilə yaxından əlaqədə olduğu “Moskovski vedemosti” qəzetinin redaktoru İvan Katkovun ailəsində, o cümlədən təhsil aldığı hərbi məktəbdə türklərə olan düşmənçilik təbliğatının şahidi olur, bütün bunlar onda təəssübkeşliyi artırır, ruhunda türkçülük ideyalarının oyanmasına təkan verir. Moskva hərbi məktəbində oxuyarkən əslən krımlı olan, lakin Litvada yaşayan Mustafa Mirzə ilə birlikdə Kritdə türklərə qarşı qiyama qalxmış qüvvələrlə mübarizə aparmaq məqsədi ilə gizli olaraq İstanbula keçmək arzusu pasportunun olmaması səbəbindən baş tutmur. İsmayıl bəy Qaspiralı Türkiyəyə gedə bilməsə də bir daha Moskvaya qayıtmır, 1868-ci ildən başlayaraq Baxçasarayın “Zəncirli” mədrəsəsində rus dili müəllimi işləyir. O, 1869-cu ildə daha yüksək maaşla Yaltanın Dərəkənd məktəbinə müəllim təyin edilsə də, burada iki il işlədikdən sonra, 1871-ci ildə yenidən Baxçasaraya qayıdaraq “Zəncirli” məktəbində rus dili müəllimi kimi fəaliyyətini davam etdirir. Lakin İ.Qaspiralınm məktəbdə tələbələri türk dilində danışmağa həvəsləndirməsi, yeni üsullu tədrisi tətbiq etməsi birmənalı qarşılanmır, müəyyən tənqid və hədələrlə üzləşir. Buna görə də İ.Qaspıralı Türkiyəyə gedərək orada zabit olmaq qərarına gəlir. Lakin onun hərbi məktəbi tamamlamaması bu istəyi reallaşdırmağa imkan vermir. O, hərbi təhsilini tamamlamaq məqsədilə 1872-ci ildə Parisə gedir. Parisdə fransız dilini mükəmməl öyrənən İ.Qaspiralı qərb mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanır. O, Parisdə əslən tatar olan görkəmli rus ədibi Turgenevlə tanış olur. Bu tanışlıq dostluğa çevrilir, Turgenevin şəxsi mirzəsi kimi əsərlərinin üzünü köçürür və çapa təqdim edir. 1874-cü ildə türk zabiti olmaq arzusu ilə Parisdən İstanbula gələn İ.Qaspıralının ümidləri boşa çıxır. Türk ordusunda zabit olmaq məqsədilə təxminən bir il müddətində ayrı-ayrı şəxs və təşkilatlara müraciətinə əhəmiyyət verilmədiyini gördükdən sonra o, 1875-ci ildə doğma vətəni Krıma qayıdır. 1875-78-ci illər arasında heç bir rəsmi təşkilatda işləmir. O, 1878-ci ildə Baxçasaray şəhər bələdiyyəsinin sədri seçilir və 1882-ci ilə qədər bu vəzifədə çalışır. Bu müddətdə bələdiyyə sədri kimi onun məktəb və xəstəxanalar açmaq, küçələri təmir etmək, mədəni sosial layihələr həyata keçirmək təklifləri çox böyük maneələrlə üzləşir. O, eyni zamanda 1879-cu ildə qəzet çıxarmaq məqsədilə hökumətə ərizə ilə müraciət edir. Lakin çar hökuməti bu müraciəti rədd edir. İ.Qaspiralı 1882-ci ildə Kazanın məşhur Akçuralar nəslindən olan İsfəndiyar bəyin qızı Zöhrə xanımla Baxçasarayda tanış olur. Onu da qeyd edək ki, Yusif Akçura Zöhrə xanımın qardaşı Həsən bəyin oğlu idi. Zöhrə xanım əmisi İbrahim bəylə Krıma müalicəyə gəlsə də, İ.Qaspıralının onunla evlənmək təklifini qəbul edir. İ.Qaspiralı 1882-ci ilin sonlarında Zöhrə xanımla evlənmək niyyəti ilə Simbirski vilayətinə gedir. Zöhrə xanımın atası İsfəndiyar bəy varlı zavod sahibi, zəngin əsilzadə olduğu üçün qızını şəhər bələdiyyə sədrinə verməyi özünə əksiklik bilir və İ.Qaspıralını evdən qovur. Lakin İ.Qaspıralı Zöhrə xanımı qaçıraraq onunla kəbin kəsdirir. Bundan sonra Zöhrə xanımın atası çarəsiz qalır Simbirskidə onlara toy edir və Baxçasaraya yola salır. Rusiyada Krımın II Yekaterina tərəfindən işğal edilməsinin (1783) 100 illik bayram tədbirlərinin keçirildiyi 1883-cü ildə İ.Qaspiralıya “Tərcüman” qəzetini nəşr etməyə icazə verilir. Lakin qəzeti çap etmək üçün maliyyə vəsaiti olmadığından İ.Qaspiralı bu mətbu orqanının ilk nömrəsini çox əziyyətlə çap etməyə müvəffəq oldu. Krım əsilzadələrindən birinin qızı olan anası Fatimə xanımın, həyat yoldaşı Zöhrə xanımın qiymətli əşyalarını satmaqla əldə etdiyi vəsaitin, Kazan və Nijni-Novqoroda gedərək şəxsən özünün topladığı pulların hesabına 10 aprel 1883-cü il tarixində “Tərcüman” qəzetinin ilk sayı işıq üzü görür. Beləliklə, XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiyada yaşayan 14 milyonluq türk-müsəlman xalqlarına, geniş mənada türk-islam dünyasına 35 il müddətində xidmət göstərən “Tərcüman” qəzetinin əsası qoyulur. Qəzet 1883-1903-cü illərdə həftədə bir dəfə, 1903-1912-ci illərdə həftədə 2 və ya 3 dəfə, 1912-1918-ci illər arasında isə gündəlik nəşr olunur. “Tərcüman” qəzeti 32 il İsmayıl Qaspiralının baş redaktorluğu ilə çap olunub. İsmayıl Qaspiralının ölümündən sonra (1914) “Tərcüman”ın sonrakı 4 illik fəaliyyəti dövründə qəzetə Həsən Səbri bəy Ayvazov redaktorluq edib. “Tərcüman” təkcə Rusiyada yaşayan türklər arasında deyil, İran, Türkiyə, Türkistan, Çin, Misir və s. Şərq ölkələrində geniş şəkildə yayılırdı. Onu da qeyd etmək lazımdır ki, qəzetdə türk-islam dünyası ilə bağlı yazılar əsas yer tuturdu, “dildə, fikirdə, işdə birlik” ideyası əsas xətt kimi qorunurdu. Qəzetin bilavasitə irəli sürdüyü ideyaya uyğun olaraq 1884-cü ildə Baxçasarayın Qayıtmazağa məhəlləsində “üsuli-cədid” məktəbi açılır. İsmayıl Qaspiralının yazdığı “Xocayisübyan” dərsliyi yeni üsullu məktəbdə əlifba kimi istifadə edilirdi. 1890-cı ildə Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyov İ.Qaspiralı ilə görüşmək üçün Baxçasaraya gedir, 10 gün onun qonağı olurlar. 1901-ci ildə İ.Qaspiralı Qafqaz səyahəti zamanı Şəkidə olur.
1903-cü ildə İ.Qaspiralı Bakıya gəlir. 1903-cü ildə İ.Qaspiralı ilə “Şərqi-rus” qəzetinin redaktoru M.Şahtaxtlı arasında ( əlifba ilə bağlı) ixtilaf baş verir. İş o yerə çatır ki, İ.Qaspiralı M.Şahtaxtlını məhkəməyə verir. M.Şahtaxtlının İ.Qaspiralıya yazdığı məktubdan sonra məhkəmə münaqişəsi başa çatır. 1903-cü ildə Zöhrə xanım vəfat edir. Zöhrə xanım (Rifat, Şəfiqə, Behiyə, Leyla, Daniyal, Nigar, Mənsur, Heydər) 8 övlad dünyaya gətirmiş, qızı Şəfiqə xanım Azərbaycan Demokratik Cümhuriyyətinin tanınmış nümayəndəsi Nəsib bəy Yusifbəyovun həyat yoldaşı olmuşdu. Zöhrə xanımın ölümündən sonra İ.Qaspiralı onun bacısı Xurşid xanımla evlənir. İ.Qaspiralının bilavasitə təşəbbüsü ilə başlanan və qısa zaman fasiləsində Rusiyanın əksər türk bölgələrində geniş yayılan “üsuli-cədid” hərəkatı bu bölgələrdə yeni tipli məktəblərin açılmasında və qərb mədəniyyətinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayıb.

* * *

“Üsuli-cədid” hərəkatının miqyasını genişləndirmək məqsədi ilə İ.Qaspiralı 1912-ci ildə Hindistana səfər edir. Təxminən iki ay ərzində Bombey şəhərində yeni tipli “Üsuli-səvtiyyə” müsəlman məktəbinin açılmasına nail olur və məktəbin 2 aylıq xərcini “Tərcüman” qəzetinin vəsaiti hesabına ödəyir.
İ.Qaspiralı 1907-ci ilin sentyabr ayında Qahirə toplantısında müsəlmanlar konqresinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. 1906-cı ildə İ.Qaspiralı “dil, fikir, iş birliyinə xidmət naminə” “Millət” qəzetini çap etdirir. Və bu qəzetin fəaliyyəti barədə 27 sentyabr 1906-cı ildə “Tərcüman”da məlumat dərc edilir. Maraqlıdır ki, İ.Qaspiralı bu illərdə digər məcmuələrin də nəşrinə nail olur. Belə ki, 1906-cı ilin mart ayında “Aləmi-nisvan” (“Xanımlar dünyası”) məcmuəsinin, elə həmin ilin aprel ayında isə “Xa-xa-xa” qəzetinin nəşri Qaspiralının mətbuat sahəsində uğurlu fəaliyyətini təsdiqləyirdi. İ.Qaspiralı 1906-cı ildə vahid ədəbi dil yaratmaq məqsədi ilə Ə.Hüseynzadəyə müraciət edir. O, 1908-ci ildə Türkistan səfəri zamanı Bakıda olur, Xəzər dənizi vasitəsilə Türkistana keçir. İ.Qaspiralı 1911-ci ildə Ə.Hüseynzadə ilə birlikdə İttihad və Tərəqqi Partiyası Baş məclisinə üzv seçilir. 1911-ci ildə bronxit xəstəliyindən əziyyət çəkən İ.Qaspiralı həkimlərin məsləhəti ilə qəzetçilik fəaliyyətini dayandırıb oğlu Rifat bəyin naşirliyi ilə “Zaman” qəzetinin nəşrini planlaşdırır. Lakin “Zaman” qəzetinin nəşri mümkün olmadığına görə o, “Tərcüman” qəzetinin fəaliyyətini bərpa edir. İ.Qaspiralı 1913-cü ildə Moskvaya gedir. 1914-cü ildə İ.Qaspiralı Rusiyada müsəlman fraksiyasını dirçəltmək məqsədi ilə Peterburq səfərinə çıxır. Səfər zamanı onun bərk soyuqlaması xəstəliyinin şiddətlənməsinə səbəb olur. Ölümündən düz iki ay əvvəl oğlanları Rifat və Heydərə, qızları Şəfiqə və Nigara, kürəkəni Nəsibə və Cəfər Seyidəhməd Krımlıya öləcəyi təqdirdə “Tərcüman” qəzetinin nəşri, özünün harada dəfn olunması, yas mərasiminin hansı şəkildə keçirilməsi barədə vəsiyyət edir. Bütün fəaliyyətini türk millətinin, o cümlədən müsəlman dünyasının taleyüklü problemlərinin həllinə həsr etmiş İsmayıl bəy Qaspiralı 1914-cü il sentyabrın 11-də saat 8:30 dəqiqədə 63 yaşında həyatdan gedir. Onun cənazəsi sentyabrın 12-də Baxçasaraydakı “Zincirli” mədrəsəsinin həyətində yerləşən Mənli Gərəyxan həzrətləri türbəsinin yanında dəfn edilib. İsmayıl Qaspiralının ölümündən 14 gün sonra “Tərcüman”ın 1914-cü il 25 sentyabr tarixli 195-ci sayında bu barədə belə bir xəbər dərc olunur: “Tərcüman”m təsisçisi böyük İsmayıl bəy Qaspirinski həzrətləri düçar olduqları xəstəlikdən sentyabrın 11-də saat 8:30-da ruhunu təslim edib. Sentyabrın 12-də cümə günü saat 2-də cənazə namazı qılınıb dəfn edilib. 32 yaşından sonra babasını itirmiş “Tərcüman” bütün sevgili oxucularına bəyani təziyə ilə yas və ələmdə iştiraklarından dolayı ərzi-təşəkkür eylər”.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor