"Türkiyə nüvə silahına sahib olmayana qədər böyük güclərlə gərək üz-üzə gəlməsin..." Siyasət

"Türkiyə nüvə silahına sahib olmayana qədər böyük güclərlə gərək üz-üzə gəlməsin..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzusu ətrafında Moderator.az əməkdaşının bir neçə sualını cavablandırıb:

- Qüdrət bəy, Ukraynadakı savaşın ikinci günü ABŞ Ukrayna prezidenti Zelenskini Kiyevdən çıxarmaq istədi, dünən isə Britaniya Zelenskiyə və ətrafına siyasi sığınacaq verə biləcəyini bəyan edib. Bu arada Rusiyadan ABŞ-a gizli nümayəndə heyətinin getdiyi açıqlandı. Bu məsələləri şərh etməyinizi xahiş edirik.

- Görünən odur ki, ABŞ və Böyük Britaniya ya qorxudan, ya da nələrinsə qarşılığında, ola bilsin hər ikisinə görə Ukraynanı Rusiyaya güzəştə gediblər. Onlar Ukraynaya özünümüdafiə üçün hava hücumundan müdafiə sistemləri, müasir silahlar verməməklə ümid edirdilər ki, ruslar 2014-cü ildə olduğu kimi işi tez bitirəcək, onlar da Rusiyaya sanksiyalar tətbiq etməklə sifətlərini qismən də olsa qoruyub saxlaya biləcəklər, amma Zelenskinin və Ukrayna xalqının müqaviməti onların ümidlərini puç edib. ABŞ və Böyük Britaniyanın Zelenskiyə qaçmaq təklifləri müharibənin nəticəsinin bəlli olduğunu açıqlamaq, Ukrayna xalqında və Ordusunda ruh düşkünlüyü yaratmağa hesablanıb. Budapeşt memorandumuna görə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə cavabdeh olan bu ölkələr dövlət ləyaqətlərini qoruyub saxlaya bilmədi. İndi qeyri - bərabər döyüşdə Ukrayna xalqı və dövləti məhv olur. Rusiya nümayəndə heyəti isə ABŞ-a yəqin ki, növbəti addımlarını müzakirə etmək və razılaşdırmaq üçün gediblər.

- Qardaş Türkiyənin Rusiyaya sanksiyalar tətbiq etməməsini necə qarşıladınız və Türkiyə sülhə töhfə verə bilərmi?

- Böyük nüvə güclərinin iştirak etdiyi münaqişədə Türkiyənin müstəqil güc kimi görsənmək cəhdləri əbəsdir. Ona görə həmişə söyləmişəm ki, Türkiyə nüvə silahına sahib olmayana qədər böyük güclərlə gərək üz-üzə gəlməsin. Türkiyə Rusiya ABŞ işbirliyini pozmaq gücündə deyil. Ola bilsin bu işbirliyinin bir bəndinin də Türkiyə ilə bağlı olduğunu ehtimal etdiyindən və sanksiyaların müharibəni durdurmayacağına əmin olduğundan Ərdoğan sanksiyalara qoşulmadı.

- Dediklərinizdən belə anlaşılır ki, bu müharibəni heç kim dayandıra bilməz?

- Müharibə insanlığa zidd olsa da Çinin maraqlarına cavab verdiyi üçün o heç bir ciddi sülh təşəbbüsündə olmayacaq, yalnız ABŞ müharibəni dayandırmaq gücündədir. Bunun üçün ABŞ-da xalq ayağa qalxmalı, Baydeni qısa bir zamanda Ukraynaya ciddi dəstək verməyəcəyi halda hakimiyyətdən qovub cinayət məsuliyyətinə cəlb edəcəklərini bəyan etməlidir. Baydeni qovsalar belə müxalifətdə olan Respublikaçılar partiyasının liderlərinin də çoxu, Tramp başda olmaqla, Rusiya ilə işbirliyindədir. Ona görə vəziyyət çox çətin və çıxılmazdır. Amma yenə də son ümid Rusiyadakı və Qərbdəki sülh tərəfdarlarıdır. Xalqların ciddi təzyiqi olmasa hökumətlərdən heç nə gözləməyə dəyməz. Mövcud durumda Zelenski təslim olmasa nə Ukrayna xalqı, nə də Putin geri çəkilməyəcək. Bundan isə həm qardaş slavyan xalqları, həm də beynəlxalq birlik çox əziyyət çəkəcək.

- Azərbaycanın bu məsələdə sərgilədiyi mövqe sizi qane edirmi?

- İlham Əliyev təcrübəli siyasətçidir və məharətlə Azərbaycanı qoruyur. Biz kiçik dövlətik, ona görə də bizdən gözləntilər də böyük olmamalıdır. Amma biz sülh üçün bacardığımızı edirik.