“Sıfıra bərabərdir...” Siyasət

“Sıfıra bərabərdir...”

Elman Nəsirli: "Minsk qrupunun fəaliyyəti fəaliyyətsizlik kimi dəyərləndirilir"

"Hesab edirəm ki, olduqca mürəkkəb bir problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT rəhbərliyində hər hansı bir dəyişikliyin baş verməsi, elə də münaqişənin həlli imkanlarına təsir göstərən məsələ deyil". Bunu politoloq Elman Nəsirli italiyalı deputat Roberto Montellanın ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilməsinə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, hazırki vəziyyətdə üç həmsədr dövlətin münasibətlərinin son dərəcə gərgin olması, daha dəqiq desək bir tərəfdən ABŞ və Fransanın həmsədr kimi, digər tərəfdən Rusiyanın münasibətlərinin Ukrayna böhranı fonunda son dərəcə kəskinləşməsi özü-özlüyündə münaqişənin həlli üçün çox mürəkkəb bir situasiya yaradır: "Yəni həmsədrlərin münasibələrindəki məlum gərginlik var. Belə olan vəziyyətdə ATƏT-in rəhbərliyində bir şəxsin digəri ilə əvəz olunması proseslərə hesab edirəm ki, kosmetik bir dəyişiklik gətirə bilər və s. Amma söhbət əgər köklü dəyişiklikdən gedirsə, düşünürəm ki, belə dəyişikliklərin xüsusi rolu yoxdur. Bu gün ATƏT özünün yaranmasının 100 illiyinə hazırlaşır. Təkcə elə 1992-ci ildən yaratdığı Minsk qrupunun fəaliyyətini fəaliyyətsizlik kimi dəyərləndirmək olar".
Elman Nəsirli əlavə edib ki, həmsədrlərin regiona çoxsaylı səfərləri, xarici işlər nazirləri, prezidentlər səviyyəsində görüş təşkil etmələri yalnız kəmiyyət əmsalı baxımından dəyərləndirilən məsələdir: "Amma bütün bu cəhdlərin keyfiyyət əmsalı yoxdur və o, sıfıra bərabərdir. Məhz buna görə də Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür. Çünki onların Ermənistana təqdim etdikləri heç bir təklif düşmən tərəfdən qəbul edilmir. Hətta onların sonuncu dəfə irəli sürdükləri Yenilənmiş Madrid prinsipləri də faktiki olaraq Ermənistan tərəfindən rədd edilib. Belə olan halda hansı addım atmaq, hansı mövqe irəli sürmək olar? Hesab edirəm ki, bu suala ATƏT-in Minsk qrupu cavab tapmalıdır. Amma ATƏT-in rəhbərliyində baş verən dəyişikliklər təəssüf ki, bu sualların cavab tapılmasına gətirib çıxarmayıb".
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının (ATƏT PA) Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyası çərçivəsində quruma yeni baş katib seçilib. İtaliyalı deputat Roberto Montella yeni baş katib olub. Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda vəzifəsindən gedəcək. ATƏT PA-nın baş katibi 5 il müddətində tutduğu vəzifəni icra edir.