“Azərbaycan dəfələrlə qəti şəkildə nümayiş etdirib ki, onunla təzyiq dilində danışmaq mümkün deyil” Siyasət

“Azərbaycan dəfələrlə qəti şəkildə nümayiş etdirib ki, onunla təzyiq dilində danışmaq mümkün deyil”

Qabil Hüsüeynli: "Qərbin Azərbaycana münasibətini ciddi surətdə dəyişməsi və əməkdaşlıq mühitini bərpa etməsi lazımdır"

Sahib Alıyev: "Bu ölkə üçün birinci planda öz milli maraqları və müstəqilliyidir"

Aytən Mustafayeva: "Azərbaycan öz müstəqil və qətiyyətli siyasətini bundan sonra da davam etdirəcək"

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkənin Avropaya inteqrasiyası məsələsinə də toxunub və bu məsələdə Qərbin Azərbaycana yolverilməz münasibətini kəskin tənqid edib: "Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik".
Prezidentin fikirlərini şərh edən politoloq Qabil Hüseynli Qərbin Azərbaycana yönəlik az qala bütün məsələlərə ikili standartlardan yanaşdığını deyib: "Biz Azərbaycana qarşı bu münasibətə əsaslanıb deyə bilərik ki, Qərbə Azərbaycanın timsalında özünün müstəqil siyasəti olmayan daha bir satellit dövlət lazımdır. Onların Azərbaycana əksər hallarda qərəzdən qaynaqlanan basqılarına başqa bir izah tapmaq çox çətindir. Bu gün ümumi vəziyyətlərinə görə Azərbaycanla müqayisə belə olunmayacaq onlarla ölkə və onların liderləri var.
Amma Qərb ölkələri öz maraqlarından çıxış edərək, həmin ölkələrə "gözün üstə qaşın var", demir.
Misirdə çevriliş edib qanuni prezidenti devirdilər, Qərb bunu alqışladı. Ermənistan üçüncü on ildir, Azərbaycan ərazilərini işğal altında saxlayır, amma ona qarşı heç bir təsirli addım atılmır.
Qərb ölkələri özlərini elə aparırlar ki, sanki əsas problemləri Azərbaycandır. Onların Azərbaycana qarşı bu davranışlarını yalnız qərəz və ölkəni özlərinin iradəsinə tabe etdirmək məqsədi ilə izah etmək mümkündür. Lakin Azərbaycan da dəfələrlə qəti şəkildə nümayiş etdirib ki, onunla təzyiq dilində danışmaq mümkün deyil.
Bu baxımdan, hesab edirəm ki, Qərbin Azərbaycana münasibətini ciddi surətdə dəyişməsi və əməkdaşlıq mühitini bərpa etməsi lazımdır".
"Cənab Prezidentin son çıxışı dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın dəyişməyən mövqeyini bir daha ortaya qoydu. Mövqe də ondan ibarətdir ki, bu ölkə üçün birinci planda öz milli maraqları və müstəqilliyidir", – deyən deputat Sahib Alıyev isə bildirib ki, kim bunu nəzərə alacaqsa, onunla hər cür əməkdaşlığa hazırıq, nəzərə almaq istəməyənlər isə dövlət başçısının təbirincə desək, gedib öz işləri ilə məşgul ola bilərlər: "Daxili məsələlərə gəldikdə, bu çıxış yeni, daha şəffaf və daha təkmil cəmiyyət quruculuğu prosesində yeni bir mərhələnin başlandığını göstərir. Ölkə quruculuğu necə reallaşdırıldı? Mərhələlərlə, regionların sosial-iqtisadi inkişaf proqlamlarıyla". S. Alıyevin sözlərinə görə, 20 il bundan öncəki Azərbaycanla indiki Azərbaycan arasında fərq nə qədərdirsə, bir neçə ildən sonra biz görəcəyik ki, bu günkü cəmiyyətlə qurulan cəmiyyət arasında da fərq o qədər olacaq.
S. Alıyev deyib ki, öncə dövlət qurulmalıydı və mərhum prezident Heydər Əliyev də bunu qurdu: "Ardınca ölkədə quruculuq işlərinə start verildi. İndi isə quruculuğun yeni mərhələsi reallaşdırılır. Bu çətin, mürəkkəb, ancaq hər iki quruculuq qədər, bəlkə onlardan da önəmli məsələdir. Əgər əvvəlki quruculuq proseslərində daha çox bəlli bir çevrənin üzərinə yük düşürdüsə, indi hər kəsin üzərinə yük düşür.
Hər kəs bu prosesə öz töhfəsini verməlidir. Fərd olaraq hər birimiz nə dərəcədə halal, şəffaf, savadlı olacağıqsa, qurulan yeni cəmiyyət də bir o qədər halal, şəffaf və təkmil olacaq".
S. Alıyev həmçinin, ölkə Prezidentinin çıxışının anti-Qərb əhval-ruhiyyəsi kimi qiymətləndirilməsinə etirazını bildirib:"Həmin çıxışın "anti-Qərb mahiyyət"indən dəm vuranların nəzərinə çatdırıram ki, orada söhbət nə qərbdən, nə də şərqdən gedirdi. Söhbət Azərbaycandan, onun uğurlarından və problemlərindən gedirdi. Tənqid hədəfi Qərb deyildi, Azərbaycanın uğurlarını gözü götürməyənlər, erməni havadarları rolunda çıxış edənlər və belələrinin təsiri altında olanlar idi. Cənab İlham Əliyev "Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil" deyərkən, bəyəm ancaq qərbdəki erməni havadarlarını nəzərdə tuturdu?
Bilirsiniz bu çıxış nə üçün idi? Onun üçün idi ki, hər kəs bilsin, geosiyasi reallıqlar dəyişə bilər, ancaq Azərbaycanın müstəqillik və milli maraqlarla bağlı baxışları dəyişməyəcək. Biz müstəqillik deyəndə təkcə Moskvadan deyil, bütün güclərdən asılıqsızlığı nəzərdə tuturuq!"
Millət vəkili Aytən Mustafayeva vurğulayıb ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında toxunduğu məsələlərin hər biri ölkəmiz üçün olduqca vacib idi: "Bir sıra sahələrdə olan boşluqların aradan qaldırılması üçün verilən tapşırıqların hər biri yenə də Azərbaycan vətəndaşının rifahının yaxşılaşması üçün atılan addımlardan biridir". "Ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı bəzi xarici dövlətlərin Azərbaycana qarşı qarayaxma kampaniyaları səngimək bilmirdi" - deyən, A. Mustafayevanın sözlərinə görə, onların necə qıcıqlandığını, necə düşmənçiliklə çıxışlar etdiyinin hər birimiz şahidi olduq. O, deyib ki, bütün bunlar yalnız onu göstərdi ki, Azərbaycan öz inkişafı ilə bir çoxlarını narahat edir. "Azərbaycanın "dostlarının" hansı fikirlər səsləndirməsindən, hansı bəyanatlar verməsindən asılı olmayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz nəinki Avropa tarixində, dünyada bir ilkə imza atdı. Minlərlə xaricinin gəlib öz gözləri ilə Azərbaycanı görməyi, xalqımızla tanış olması elə bizim ən yaxşı təbliğatımız sayılır. Hər kəs buradakı inkişafı, buradakı demokratiyanı gördü. Məgər bu anti-Azərbaycan qüvvələrinə cavab deyilmi? Hesab edirəm ki, bütün keçirilən tədbirlərin kökündə Azərbaycanın dünya miqyasında təbliği dayanır. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, heç bir xarici qüvvə bizim daxili işlərimizə qarışa bilməz.
Azərbaycan öz müstəqil və qətiyyətli siyasətini bundan sonra da davam etdirəcək" - deyə, deputat daha sonra qeyd edib.
Deputat Sədaqət Vəliyeva deyib ki, cari ilin 6 ayının yekunlarına nəzər yetirdikdə bir daha əmin oluruq ki, Azərbaycan qlobal böhran yaşayan dünyanın sabitlik adasıdır: "Təsadüfi deyil ki, bu məqam ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bir daha səsləndirildi, bəyan olundu.
Azərbaycan dövlətinin sosial məsələlərə daha çox diqqət ayırması və sosial infrastruktur quruculuğunu davam etdirməsi ölkəmizin sosial siyasətinin mahiyyətini ortaya qoyur" - deyən, S. Vəliyeva bildirib ki, 6 ayda iqtisadiyyatımızın 5,7 faiz, sənaye istehsalının təxminən 4 faiz, qeyri-neft sənayesinin 14 faizdən çox, kənd təsərrüfatının 7,3 faiz artması nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib".
Onun sözlərinə görə, bu da öz növbəsində dünyada davam edən sosial-iqtisadi böhrana baxmayaraq, Azərbaycanda güclü sosial siyasətin həyata keçirilməsinə şərait yaradıb: "Elə bunun nəticəsidir ki, 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur və tikilir".
O, sözlərinə əlavə edib ki, birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir:"Qeyd edim ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində işsizliyin səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə enib. Halbuki, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir.
Məsələn, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir".
S. Vəliyeva bir daha xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən inkişaf strategiyası Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkməsinə imkan verməyib.
"Hətta, dünyanın bir sıra inkişaf etmiş ölkələrində iş yerləri ixtisar olunduğu, sosial xərclər azaldıldığı bir vaxtda Azərbaycan sosial sahəyə büdcə ayırmaları daha da artılır. Bunlar bir daha Azərbaycanda yürüdülən siyasətin effektivliyindən, dövlətin vətəndaşlarına olan diqqət və qayğısından xəbər verir. Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır və əminəm ki, nailiyyətlərimiz daha da çox olacaq" - deyə, S. Vəliyeva sonra bildirib.

Əli