Fransız deputat ölkəsinin mətbuatını tənqid edib Siyasət

Fransız deputat ölkəsinin mətbuatını tənqid edib

Jan-Lük Raytzer: "Fransız mediasının I Avropa Oyunlarının işıqlandırılmasında göstərdiyi dözümsüzlük məni çox məyus etdi, hətta hiddətləndirdi"


Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti, Xarici Əlaqələr Komitəsinin üzvü və Altkirş şəhərinin meri Jan-Lük Raytzerin "Le Trombinoscope" jurnalında "Avropa Oyunları Bakıda: Fransa tərəfi niyə bu qədər dözümsüzdür?" adlı məqaləsi dərc olunub.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, müəllif ötən illər ərzində Azərbaycanda, Bakıda dəfələrlə olduğunu, sonuncu dəfə isə iyunun 12-də ilk dəfə keçirilən Avropa Oyunlarının açılış mərasimi zamanı olduğunu qeyd edib.
"Nümayəndə heyətimizin qarşılanması zamanı göstərilən qonaqpərvərlik və nümunəvi xidmət, şəhərin və onun arxitekturasının transformasiyası, şəhəri "İşıqlar şəhərin"nə çevirən işıqların orijinallığı və gözəlliyi məni heyrətləndirdi. Lakin bunlardan çox mənə Azərbaycan xalqının entuziazmı və şövqü böyük təəssürat bağışladı. Açılış mərasimi möhtəşəm və təsirli idi - ölkənin tarixi və müasirliyi burada ustalıqla birləşdirilib.
Lakin paralel olaraq böyük fransız mediasının I Avropa Oyunlarının işıqlandırılmasında göstərdiyi dözümsüzlük məni çox məyus etdi, hətta hiddətləndirdi! Azərbaycanı insanlarda ölkəyə qarşı məhəbbət hisslərinin yaradılması üçün ələ alına bilinəcək şəxslərə yönəlmiş "kürü və xalça diplomatiyası"ndan istifadə edən, ultra-repressiv ölkə və s. kimi təqdim etmiş bir çox çirkin məqalələr oxudum...
Təbii ki, tərəqqi Avropa standartlarının tətbiqi və insan hüquqlarına riayət olunması ilə müşayiət olunmalıdır. Lakin biz Azərbaycanın 2001-ci ildən Avropa Şurasının, o cümlədən Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Proqramının və ATƏT-in üzvü olması faktına etinasızlıq göstərməməliyik. Həmçinin Azərbaycan 1991-ci ildə öz müstəqilliyi uğrunda mübarizə apardığı zaman da qan axıdılmışdı!"
Məqalədə qeyd olunub ki, bu "Azərbaycana təzyiq etmək" kampaniyası şübhəsiz ki, bütün regionun sabitlik qalası və hər kəsə dünyəvilik və dini tolerantlıq nümunəsi olan, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən bu Cənubi Qafqaz ölkəsini cəsarətləndirmək üçün heç də yaxşı vasitə deyil: "Bu ölkədə kişi və qadınlar təhsil almaqda bərabər hüquqlara malikdirlər. Minlərlə gənc azərbaycanlı təhsil almaq üçün xaricə, xüsusilə də Böyük Britaniya və Fransaya göndərilir.
Azərbaycan həyata keçirdiyi islahatları və öz nəhəng investisiyaları ilə yoxsulluq səviyyəsini ciddi şəkildə azaltmağa nail olub. Bu rəqəm hazırda 4,9 faizdə qərarlaşıb. Fransanın bəzi regionları bu nailiyyətə həsəd aparar!
Avropa Oyunları Ermənistandan İsrailə kimi onlarla ölkədən olan və 20 müxtəlif idman növü üzrə yarışan 6 min atleti bir araya gətirdi. Oyunlar xalqın qürur və birlik daşıyıcısı oldu. Avropa Oyunları özündən sonra hədsiz dərəcədə böyük pozitiv irs qoyacaq. Belə ki, bu möhtəşəm tədbir Azərbaycanı minlərlə əcnəbiyə təqdim etmiş, onlara Azərbaycanın əsl üzünü görmək, buradakı qonaqpərvərlik və insanların istiqanlılığı ilə tanış olmaq imkanı yaratmışdı.
Azərbaycan Avropa Oyunları ilə bir çox maneələri dəf etdi. Ölkədə yalnız iki il yarım ərzində müstəsna, yüksək keyfiyyətli infrastruktur inşa edilib. Azərbaycan bir daha göstərdi ki, Rusiya, İran və Türkiyə kimi ölkələrlə əhatə olunmasına baxmayaraq o, regionun əsas oyunçusudur. Nəhayət, Azərbaycan ən yüksək səviyyədə beynəlxalq idman yarışlarını təşkil edilməsi bacarığını sərgilədi.
Mənim arzum nədir ? Arzum odur ki, fransız xalqı və mediası bu gözəl ölkəyə səyahət etmək üçün açılış mərasimi ruhundan yola çıxsınlar. Öz müstəqilliyini qorumaq, Avropa və xüsusən də Fransa ilə öz əlaqələrini möhkəmləndirmək istəyən şəxslər bu ölkə ilə bağlı təcrübə yaşayarkən və yaxud ən azı danışarkən öz obyektivlikyini və intellektual vicdanlarını ortaya qoysunlar".