“Prosesdən yayınmaq cəhdləri İrəvana heç nə qazandırmır”-politoloq Siyasət

“Prosesdən yayınmaq cəhdləri İrəvana heç nə qazandırmır”-politoloq

“Brüsseldə Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin üçtərəfli görüşü zamanı Cənubi Qafqazda etimad quruculuğu, sülh prosesi və Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması müzakirə edilmiş, müəyyən razılıqlar əldə olunmuşdu. Sülh müqaviləsi üzrə danışıqların başlanması, işçi qrupun yaradılması, sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasına dair qərar qəbul olunması bu baxımdan xüsusi qeyd edilməlidir. Bundan sonra hər iki tərəfdən müsbət mesajlar verildi, bir sıra ölkələr və təşkilatlar prosesi pozitiv qiymətləndirdilər. Azərbaycan öhdəliklərinə sadiq qalaraq strateji fəaliyyətini davam və sülh quruculuğunda maraqlı olduğunu nümayiş etdirdi. Ermənistan da “ənənə”sinə sadiq qaldı, sonradan prosesi sabotaj etmək üçün hərbi-siyasi təxribata əl atdı. Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd göstərməsi də bunun bariz nümunəsidir. Təbii ki, bu, gözlənilən olsa da, qəbuledilməzdir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq cəhdləri İrəvana heç nə qazandırmır: “İqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin dərinləşməsi Ermənistanın reallıqlarıdır. Qərb ilə Rusiya arasında manevr etməyə çalışan İrəvan öz maraqlarını zərbə, gələcəyini isə sual altında qoyur. Bu gün nə Qərb, nə də Rusiya Ermənistanı tərəfdaş, yaxud müstəqil qüvvə kimi qəbul edir. Onlar, sadəcə, İrəvandan geosiyasi alət kimi istifadə etməyə çalışırlar. Bu reallıq fonunda Ermənistan düzgün seçim etməklə özünü xilas edə bilər. Bu isə yeni gerçəklikləri qəbul etmək, üzərinə düşən siyasi-hüquqi öhdəlikləri yerinə yetirmək sayəsində mümkün ola bilər. Nəzər almalıdırlar ki, vaxt itkisi onlar üçün daha böyük itkilərə səbəb ola bilər. Yeni reallıq 30 il ərzində heç nə qazanmayan – daim itirən İrəvan üçün son şansdır”.

Əli