"İrəvanın “mövqe”yi ikibaşlı siyasət və riyakarlıq nümunəsidir" - Nurlan Qələndərli Siyasət

"İrəvanın “mövqe”yi ikibaşlı siyasət və riyakarlıq nümunəsidir" - Nurlan Qələndərli

“Azərbaycan siyasi-hüquqi öhdəliklərinə sadiqdir. Bakı istər sülh müqaviləsinin imzalanmasına, istərsə də sərhədlərin delimitasiyası ilə əlaqədar prosesə hazırdır. Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə Ermənistan tərəfinə 5 prinsipdən ibarət təklifini təqdim edib. Bakı bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır, eyni zamanda, delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən edib. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki üçtərəfli görüşdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışır”.
Bu fikirləri xalqəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, Ermənistanda müəyyən siyasi dairələr müxalifətin etiraz aksiyalarını bəhanə kimi göstərərək Brüssel sülh gündəliyini hədəfə almağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur: “Çünki birincisi, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. İkincisi, bu ölkənin baş naziri sənədlərə imza ataraq siyasi-hüquqi öhdəlik götürüb və bu, hakimiyyətin deyil, dövlətin öhdəliyidir. Bu məsuliyyətdən yayınmaq mümkün deyil. Üstəlik, nəzərə almalıdırlar ki, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir - təqdir olunur”.
“Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir. Bakı ümid edir ki, prosesə tezliklə start veriləcək, birgə işçi qrupları görüşəcəklər. Bu, təkcə ümid deyil, həm də konkret şərt və tələbdir. Prezident İlham Əliyev söyləyib ki, "aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik". Amma Ermənistan məsuliyyətsizlik edir, sabotajla məşğul olur” ,- deyən politoloq əlavə edib ki, İrəvanın “mövqe”yi ikibaşlı siyasət və riyakarlıq nümunəsidir.

Əli Zülfüqaroğlu