“Azərbaycan Minsk Qrupunun fəaliyyətindən narazıdır” Siyasət

“Azərbaycan Minsk Qrupunun fəaliyyətindən narazıdır”

Elmar Məmmədyarov Ermənistanın işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum qaldığını AŞPA məruzəçisinin diqqətinə çatdırıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi" mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən verilən xəbərə görə, Elmar Məmmədyarov Cənubi Qafqaz regionu və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirib.
Suyun humanitar mahiyyət kəsb etdiyini söyləyən nazir, vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barədə məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını vurğulayaraq əlavə edib ki, Ermənistan tərəfi su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.
Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi, insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd edib. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını diqqətə çatdıran Markoviç siyasi məqamların da istisna edilmədiyini deyib.

Münaqişənin həlli prosesi haqqında da məlumat verən Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu bəyan edib: "Biz o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın".
Nazir ümidvar olduğunu bildirib ki, hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanışlıq imkanı əldə edəcək.