"Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlir"-Nurlan Qələndərli Siyasət

"Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlir"-Nurlan Qələndərli

"Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixin mühüm anında, hətta kritik – taleyüklü məqamda baş tutur. Daha dəqiq desək, Cənubi Qafqazda yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən qarşılıqlı təmasların reallaşdırılması mühüm əhəmiyyətə malikdir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, İlham Əliyevin dost və qardaş ölkəyə səfəri çərçivəsində əldə olunan razılaşmalar – imzalanan müqavilələr ikitərəfli münasibətlərin inkişafına xidmət etməklə yanaşı, regional təhlükəsizlik və əməkdaşlığa da mühüm töhfə kimi dəyərləndirilə bilər: “Ən əsası, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan və Özbəkistan Türk dünyasında da mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi təkcə iki ölkə üçün deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması baxımından əhəmiyyətlidir. Daha dəqiq desək, Azərbaycan ilə Özbəkistanın töhfələri Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsi, təsir imkanlarının artırılması üçün olduqca önəmlidir”.

Əli Zülfüqaroğlu