Səhiyyə Nazirliyi və İTSDA-nın vəzifələri artırılıb Siyasət

Səhiyyə Nazirliyi və İTSDA-nın vəzifələri artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.

Bundan başqa “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişikliklə İTSDA-nın da vəzifələri artırılıb.

Dəyişikliyə əsasən İTSDA-nın vəzifələri sırasına insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək də əlavə edilib.