Prezident İlham Əliyevin Gürcüstan səfərinin əhəmiyyəti - Bakı-Tbilisi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur Siyasət

Prezident İlham Əliyevin Gürcüstan səfərinin əhəmiyyəti - Bakı-Tbilisi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanat verərkən ikitərəfli əlaqələrin inkişafına toxunmaqla yanaşı, Bakı və Tblisinin geosiyasi proseslərin təsiri ilə regionda yenidən formalaşdırılan nəqliyyət dəhlizlərində aparıcı roluna diqqət çəkib.

Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var: “Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq...”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə yeni yaranan nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunarkən deyib ki, Bakı ilə Tbilisi tarixi layihələrə imza atıb və bundan sonra da həmin ikitərəfli əlaqələri daha da sürətləndirmək əzmindədirlər: "Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik".

Məlumdur ki, Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələr Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan deyil, Ermənistan ərazisindən keçidini təmin etmək üçün işlərə başlayıb. Nəqliyyat dəhlizinin Hindistan-İran- Ermənistan-Gürcüstan (Fars körfəzi-Qara dəniz) istiqamətində inkişaf etdirilməsi planlaşdırılır.

Bu məqamda "Layihənin Ermənistandan keçən hissəsinin reallaşma prespetivi nə qədərdir?" sualı ortaya çıxır.

Aydındır ki, Ermənistanın Qara dənizə birbaşa çıxışı yoxdur. Bu səbəbdən, Şimal-Cənub nəqliyyat dəhlizinin Yeni Dehli-Tehran-İrəvan-Tbilisi-Qara dəniz istiqamətində inkişaf etdirilməsi planlaşdırılan qolu mütləq Gürcüstan ərazisindən keçməlidir.

Görünür, Gürcüstan Şimal-Cənub dəhlizinin öz ərazisindən keçməsində maraqlı olmasa, həmin layihənin Fars körfəzi-Qara dəniz xəttinin inşası iflasa uğramış olacaq. Görünür, Ermənistanın beynəlxalq nəqliyyat layihələrində Azərbaycanın icazəsi olmadan iştirakı mümkün olmayacaq.

İrakli Qaribaşvili Bakı ilə Tbilisinin birlikdə reallaşdırdığı layihələrlə bağlı danışarkən nəqliyyat layihələrini, xüsusilə Orta Dəhlizi vurğulaması bir daha göstərir ki, Gürcüstan bu dəhlizin inşasında da Azərbaycanla eyni mövqeyi paylaşacaq, gücləri birləşdirəcək, yeni çağırışlara qarşı eyni cəhbədə duracaq.
Regionda bəzi qüvvələrin Zəngəzur dəhlizinin inşasına qarşı çıxdığı dövrdə Gürcüstanın Orta Dəhlizin inşası barədə sərgilədiyi mövqe Azərbaycanın maraqları və regional sülh, qarşılıqlı etibarın möhkəmləndirilməsi baxımından önəmlidir.

Təbii ki, Gürcüstanın Ermənistanın və digər regional oyunçuların deyil, Azərbaycanın iqtisadi və nəqliyyat maraqları ilə hesablaşmasının kökündə Bakı ilə Tbilisi arasında dərin iqtisadi əlaqələrin olması dayanır.

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf prespetivlərinə toxunub: "O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq..."

Digər tərəfdən, Azərbaycan Orta Dəhlizlə bağlı infrastrukturu daha sürətlə inşa edir. Prezident çıxışı zamanı Azərbaycanda dəhlizlərlə bağlı infrastrukturun inşasına toxunub və bildirib ki, Gürcüstanla həyata keçirilən
layihələrimiz eyni vaxtda tamamlanmalıdır: "Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır..."

Həm Gürcüstanın Azərbaycanla ticarət dövrüyyəsi, həm ölkələr arasında formalaşdırılmış etibarlı tərəfdaşlıq mühiti, həm də ölkəmizin nəqliyyat dəhlizləri ilə bağlı infrastrukturu sürətlə inşa etməsi Tbilisinin Bakı ilə əməkdaşlığa daha çox önəm verməsi ilə nəticələnir.

Görünən odur ki, Bakı bölgədə baş verən proseslər fonunda planlaşdırılan layihələrin icrasındakı açar dövlət rolunu daha da möhkəmləndirir. Bunun səbəbləri sırasına Azərbaycanın iqtisadi təsir imkanları və sürətli nəqliyyat
infrastrukturu inşa etməsi ilə yanaşı, həm də mehriban qonşuluq siyasəti dayanır.

Ölkə başçısı Qaribaşvili ilə görüşdə Azərbaycanın mehriban qonşuluq siyasətini xüsusi vurğulayıb və Bakının bu məsələyə xüsusi önəm verdiyini deyib: "...Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir".

Ötən dövr ərzində Bakının yürütdüyü regional siyasət göstərir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qonşuları - Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Türkmənistanla ikitərəfli, həmçinin müxtəlif iqtisadi və siyasi təşkilatlar çərçivəsində mehriban münasibətlər qurmaqda maraqlı olub.

Hətta Ermənistanın Azərbaycan xalqına etdiyi zülmlərə baxmayaraq, Bakı İrəvana sülh təklif edir, əməkdaşlıq qurmaq niyyətini gizlətmir. Ermənistan hələ ki, Azərbaycanın sülh təkliflərindən müxtəlif bəhanələrlə yayınır. Həmçinin Bakının maraqlarına qarşı çıxmağa çalışır. Bu isə İrəvanı "dalan dövlət" sütuasiyasından çıxmasına imkan vermir. Beləcə Ermənistan yenə də beynəlxalq nəqliyyat layihələrindən kənarda qalır. Prezidentin də vurğuladığı kimi tranzit ölkəyə çevrilmək üçün qonşularla mehriban münasibət çox önəmlidir. Proseslər göstərir ki, Azərbaycanın mehriban qonşuluq siyasətinə adekvat cavab verməyən ölkələr "dalan dövlət"ə çevrilir. 30 ilə yaxındır ki, beynəlxalq layihələrdən kənarda qalan Ermənistan buna bariz nümunədir.