“Heç kim toxunulmaz deyil” Siyasət

“Heç kim toxunulmaz deyil”

Prezident İlham Əliyev: "Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunur"


Dünən Azərbaycan prezidenti İlham Əliyev şimal-qərb bölgəsində səfərdə olub. Səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.
Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi - uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb.
Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır.
Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.
Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb.
Dövlət başçısına həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verilib.
Sonra İlham Əliyev Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında da iştirak edib.
Dövlət başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir.
Diqqətə çatdırılıb ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.

Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində da iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir.
Konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq Şurasının, həmçininƏdliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb.
Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib.
Son illərdə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin sürətlə getdiyini və məhkəmələrin fəaliyyətinin bu məsələdə mühüm rol oynadığını deyən Prezident İlham Əliyev məhkəmələrə daxil olan şikayətlərin getdikcə azaldığını, gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum şəffaflığa nail olunmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı məhkəmə sistemində qərəzli yanaşmanın qəbuledilməzliyi, korrupsiya hallarına qarşı ciddi mübarizənin aparılmasının əhəmiyyətinə toxunub: "Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil və bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək".
Prezident son vaxtlar sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktların üzə çıxdığını, bu hallara yol verən şəxslərin mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırıldığını bildirib.
"Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunur" deyən dövlət başçısı son parlament seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, seçkinin demokratik və şəffaf keçirildiyini bildirib.