Zəfərimiz əbədidir Siyasət

Zəfərimiz əbədidir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfinən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.

Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.”

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev “Xalq Cəbhəsi”nə bildirib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq.

10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

S.Baxşiyevin fikrincə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. Müharibənin ilk günlərindən cənab Prezidentin diplomatik peşəkarlığı və müdrikliyi xaricdən ölkəmizə qarşı yönəlmiş bütün cəhdlərin qarşısının qətiyyətlə alınması ilə nəticələndi. 30 ilə yaxın müddət ərzində möhkəmləndirilmiş və “keçilməz” adlanan müdafiə xətti qəhrəman ordumuz tərəfindən yarılaraq düşmənin canlı qüvvələri və zirehli texnikası məhv edilmiş oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi: “Darmadağın olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur edildi. Tariximizə Zəfər Günü kimi daxil olmuş bu əlamətdar hadisədən sonra işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu eyni zamanda tərəfimizdən beynəlxalq hüququn və ədalətin bərpa edilməsi idi. Həmin gün müasir Azərbaycan tarixinin ən şərəfli günü kimi yaddaşlara yazıldı”.

Azərbaycanın əldə etdiyi qələbə təkcə özünün deyil, eyni zamanda bütün türk və islam dünyasının qələbəsi idi. Əldə edilmiş zəfər erməni faşizminin qarşısının birdəfəlik alınması və regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində olduqca önəmlidir.
Qeyd etməliyik ki, Azərbaycan dövləti əldə etdiyi qələbə ilə vəzifəsini bitmiş hesab etmir. Ölkəmizin qarşısında hazırda daha mühüm vəzifələr, işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın öz yurdlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış strategiyasının icrası durur. Böyük qələbədən ötən 2 il müddətində bu istiqamətdə çox böyük işlər görülməkdədir. “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını nəzərdə tutur:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad edilmiş torpaqlarda vahid konsepsiya və plan əsasında bərpa-quruculuq işlərinə başlanılıb. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanacağını bildirib. Bunun bariz nümunəsi olaraq bir müddətdir ki, bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən bir sıra layihələrin birgə həyata keçirilməsi prosesinə başlanılıb. Bu gün bərpa prosesində qardaş Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən basdırılmış minalar təmizlənir, tikinti, quruculuq və abadlıq işləri aparılmaqdadır. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır. İnanırıq ki, tezliklə qaçqın və məcburi köçkünlərimizin hamısı öz doğma yurdlarına qovuşacaq və “Böyük qayıdış” reallığa çevriləcəkdir”.

Cavid