“Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb” Siyasət

“Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb”

Elxan Şahinoğlu: “İki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb”

Bu gün İran Azərbaycana qarşı sərt və absurd ittihamlar səsləndirir. Azərbaycan sərhədlərinə yaxın ərazilərdə təlimlər keçməklə ölkəmizi açıq təhdid edir. Bununla da iki dövlət arasındakı münasibətlərə ciddi zərbə vurur. Bu arada isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində İrana bağlı yaratdığı silahlı qruplaşmanın üzvləri həbs edilib. Ekspertlər bu və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə normal mehriban qonşuluq münasibətlərin davamı çətin olacaq. Onun fikrincə, Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb: “Rəsmi Bakı da təxribatları cavabsız qoymayıb. Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televizya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır. İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil”.

Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində İranın ölkəmizdə silahlı birləşmələr yaradan terrorçuları həbs edib: “İran xüsusi xidmət orqanları tərəfindən din pərdəsi arxasında cəlb etdiyi Azərbaycan vətəndaşlarını Suriyada döyüşməyə, həmçinin ölkəmizə qarşı terror və hibrid siyasət həyata keçirməsi ifşa olunur.

İran səfirliyinin avtomobilləri İrandan göndərilən məzhəb ideologiyası fonunda siyasi təbliğat xarakterli afişaları Azərbaycana gətirib.

Bu gün İran və Ermənistan əlaqələrinin inkişafı məhz Azərbaycana qarşı yönəlib”.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. Onun sözlərinə görə, DTX-nın əməliyyatı zamanı ortaya çıxan fakt isə bunu təsdiqlədi: “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər. Çünki diplomatik toxunulmazlığı olduğu üçün səfirliyin avtomobilində yoxlama aparılmır və bu, onlara ölkəyə rahat gəlib-getmək, eləcə də istədiklərini daşımaq imkanı yaradır.

Söhbət “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasından gedir. İran kəşfiyyyatının yaratdığı qruplaşmanın “fikir ataları”ndan biri də Qasım Süleymani idi. Qruplaşmanın üzvləri Azərbaycanda konstitusiya quruluşunu devirmək üçün “silahlı müqavimət” hazırladıqlarını gizlətmirlər.

Bu planın İran tərəfindən dəstəkləndiyi bəllidir. İranın Azərbaycandakı səfirliyinin də planın içində olması artıq həm də təhlükənin miqyasından xəbər verir. Heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları yox, başqa şeylər də daşına bilər: planlaşdırdıqları “müqavimət” üçün silah-sursat, axtarışda olan şəxslər və sair”.

Siyasi şərhçi Aqşin Kərimov isə bildirib ki, DTX İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib: “DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqətimi çəkdi.

Məlumatda bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Bu ad mənə və prosesləri izləyən digərlərinə tanış idi. Ona görə dərhal Orxan Əsədovun adını görən kimi yenidən kiçik araşdırma apardım ki, yaddaşımın məni yanıltmadığına əmin olum.

Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir.

Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.

Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.

Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.

Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunub.

Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.

Nəzərinizə çatdırım ki, Əsədov haqqındakı informasiyalar çıxsa da, onun fotosuna rast gəlinmirdi. DTX-nin yayımladığı videoda isə onun fotosu göstərilir”.