“Büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik” Siyasət

“Büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik”

Qüdrət Həsənquliyev: “Gəlirlərin 53 faizi neft sektorunun hesabınadır”

“Büdcə gəlirləri barədə öz fikirlırimi bildirmık istəyirəm. Hörmətli həmkarlarım da qeyd etdilər ki, cənab Prezident Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramını təsdiq edib”. Xaqlcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev 2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı çıxışı zaman deyib. Millət vəkili əlavə edib ki, amma orada kimin hansı müddətdə hansı işləri görəcəyi ilə bağlı məsələ öz əksini tapıb: “Həm görülmüş işlərlə bağlı məlumat verilir, həm də çox böyük işlər görüləcək. Amma bu işlərə nə qədər vəsait sərf olunacaq? Buna görə də, hesab edirəm ki, biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Azərbaycan büdcəsinin gəlirləri 30 milyard 720 milyon manatdır. Hesab edirəm ki, bu çox azdır. Onun da 11 milyarddan artığı Neft Fondundan transferdir. Yəni gəlirlərin 53 faizi neft sektorunun hesabınadır. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, onlar büdcəyə çox az vəsait ödəyirlər. Bilinmir ki, səhmlərində dövlətin payı olan nə qədər müəssisədən söhbət gedir. Müəssisələr cəmi 321 milyon 210 min manat vergi ödəyəcək ki, onun 200 milyonunu Dövlət Neft Şirkəti qeyri maliyyə təşkilatları üzrə ödəyəcək, yüz milyonunu Beynəlxalq Bank, 15 milyonunu Xəzər Dəniz Gəmiçiliyi, 5 milyonunu “AzərGold” ödəyəcək. Digərlərinin hamısı birlikdə cəmi 1 milyon 210 min manat vergi ödəyəcək. Dövlət Neft Şirkəti 1,6 milyard vergi ödəyəcək. Mən, hesab edirəm ki, o 3 yerə bölünüb özəlləşdirilsə hər bir şirkət bu qədər vergi ödəyə bilər. Ümumiyyətlə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin sərəncamında 4 milyon 432 min kvadratmetr yer var, bu 10 min 130 qeyri yaşayış binasıdır. Onun cəmi 16, 8 faizi, 2199-u icarəyə verilib. Buradan da cəmi 20 milyon manat pul gələcək. Yəni bunlar da özəlləşdirməyə çıxarılmır. Hesab edirəm ki, həddindən artıq vergi və rüsumların ödənilməsi ilə bağlı güzəştlər edilir. Bu güzəştlər əslində uşaq geyimlərinə, uşaq qidalarına edilməldir, amma tutaq ki, elektormobillərə yox”.

Əli Zülfüqaroğlu