“Həmkarlar ittifaqları ən mütəşəkkil ictimai qüvvədir” Siyasət

“Həmkarlar ittifaqları ən mütəşəkkil ictimai qüvvədir”

Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Dünən Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, müxtəlif dövlət qurumlarının nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqları konfederasiyalarının rəhbərləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Səttar Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Səttar Mehbalıyev bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra, ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi, demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5 fevral 1993-cü ildə keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı".
Səttar Mehbalıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın arzusu və tələbi ilə hakimiyyətə qayıdışı ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırdı: "Ölkədə sabitliyin, milli həmrəyliyin təmin edilməsi, hüquqi dövlət quruculuğunun başlanması istiqamətində atılan addımlar öz bəhrəsini verdi. Bütün bunlar həmkarlar ittifaqı təşkilatlarını müxtəlif siyasi qüvvələrin hücumlarından qorunmasına, tarixi ənənələrə malik təşkilatın öz missiyasını yerinə yetirməsinə hərtərəfli şərait yaratdı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilati baxımdan möhkəmlənməsinə və fəaliyyət dairəsinin genişlənməsinə dəstək verildi. Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".
Səttar Mehbalıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Azərbaycan Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi həmkarlar ittifaqlarının yeni tarixində xüsusi rol oynadı: "2005-2015-ci illər ərzində həmkarlar ittifaqlarındakı xidmətlərinə görə 2 nəfərə "Şöhrət" ordeni, 4 nəfərə Prezident təqaüdü, 8 nəfərə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni verilib. 253 nəfər həmkarlar ittifaqı lideri "Tərəqqi" medalı ilə təltif edilib. 1 nəfərə "Əməkdar jurnalist", 53 nəfərə "Əməkdar mədəniyyət işçisi", 9 nəfərə "Əməkdar müəllim", 7 nəfərə "Əməkdar həkim", 6 nəfərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları verilib. AHİK-in yubiley medalları ilə təltif olunanların sayı 364 nəfərdir".
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyinə həsr olunmuş tədbirdə çıxış edib.
Əli Həsənov bildirib ki, sənayeləşmə dövründə Avropada meydana gəlmiş həmkarlar hərəkatı ötən dövrdə böyük inkişaf yolu keçib, insan hüquq və azadlıqlarının, xüsusilə də əmək hüquqlarının qorunması sahəsində mühüm nailiyyətlər qazanıb: "Azərbaycanda həmkarlar təşkilatları XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının sənaye mərkəzlərində gedən ictimai-siyasi və iqtisadi proseslər, habelə insanların sosial problemlərin həlli məsələsinin aktuallaşdığı bir dövrdə yaranmağa başlayıb. Artıq XX əsrin əvvəllərində neft hasilatının artması, böyük sənaye müəssisələrinin yaranması nəticəsində Bakı şəhəri sürətli inkişaf dövrünə qədəm qoyub və qısa zamanda Rusiya imperiyasının əsas iqtisadi mərkəzlərindən birinə çevrilib. Həmin dövrdə dünyanın iqtisadi mərkəzlərində gedən ümumi tendensiyaya uyğun olaraq neft sənayesində çalışan böyük işçi qüvvəsinin əmək hüquqlarının qorunması məsələsi də aktuallaşıb. Təsadüfi deyil ki, 1904-cü ildə keçirilmiş Bakı fəhlələrinin ümumi tətili həmin dövrdə Rusiya imperiyasında ən böyük kütləvi etiraz aksiyası kimi tarixə düşüb. 1905-ci ildə ilk həmkarlar təşkilatlarının yaranmasını da bu prosesin məntiqi nəticəsi hesab etmək olar. Sonrakı dövrdə Azərbaycanda həmkarlar hərəkatı əməyin bütün növlərini əhatə edərək işçilərin hüquqlarını müdafiəsi sahəsində nüfuzlu və təsirli bir instituta çevrilib. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub, həmkarlar ittifaqlarının fəaliyyəti yeni məzmun kəsb edib. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev həmişə həmkarlar təşkilatlarına diqqət və qayğı ilə yanaşıb, onların inkişafına böyük önəm verib. Ulu öndər həmkarlar hərəkatını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyub, onların uzun illər ərzində yaradılmış maddi-texniki bazasının dağıdılmasının qarşısını alıb. Məhz həmin dövrdən başlayaraq həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırılıb, inzibati amirlik metodlarından imtina edilib, demokratik prinsiplərin tətbiqinə başlanıb və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verilib. 1994-cü ildə "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu ilə bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir və demokratik prinsiplər əsasında tənzimlənməsinin hüquqi bazası formalaşdırılıb".

Əli Həsənov qeyd edib ki, hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir: "Konfederasiyanın ətrafında birləşən sahə həmkarlar ittifaqı üzvlərinin sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən kütləvi, eyni zamanda mütəşəkkil bir ictimai qüvvə olduğunu göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşlıq, sosial təminat, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması ilə bağlı ardıcıl və müntəzəm tədbirlər həyata keçirir. Müstəqillik dövründə AHİK-in beynəlxalq əlaqələri də yaranıb və genişlənib, qurum Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvü olub. İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsədi hesab edən Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsini vacib hesab edir. İmzalanmış fərman və sərəncamlar, həmçinin həmkarlar təşkilatları sahəsində çalışan işçilərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının əyani təzahürüdür. Digər tərəfdən, ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha effektiv qorunması üçün həmkarlar təşkilatlarına yeni imkanlar yaradır. Sevindirici haldır ki, Azərbaycan həmkarlar təşkilatlarının üzvləri onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini təqdir edir və dəstəkləyirlər. Təsadüfi deyil ki, AHİK prezident seçkilərində cənab İlham Əliyevin prezident postuna namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış edib".
Əli Həsənovun sözlərinə görə, prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müstəqil siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrilib: "Liberal iqtisadi islahatların davam etdirilməsi, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının reallaşdırılması nəticəsində son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib, respublikada sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəlib. 2003-cü ildən bu günə kimi Azərbaycanda minlərlə istehsal müəssisəsi yaradılıb, 1,4 milyon yeni iş yeri açılıb. Yeni yaradılmış iş yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Hesab edirəm ki, bütün bu reallıqları nəzərə alaraq, AHİK əmək prosesinə cəlb olunmuş vətəndaşların iş şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməlidir. Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlıq məsələlərinə diqqəti artırmalı, əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və tətbiq etməlidir. Əminəm ki, AHİK qarşıdan gələn dövrdə də öz missiyasını uğurla davam etdirəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək".
Sonra yubiley tədbirində iştirak edən qonaqlar, o cümlədən xarici ölkələrdən gəlmiş qonarlar çıxış edərək AHİK-i təbrik edib və gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adlar təqdim olunub.
Tədbirin sonunda yubiley iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə Prezident İlham Əliyevə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub və AHİK-in bütün üzvlərinin dövlət başçısının ölkəmizin dayanıqlı inkişafı istiqamətində yürütdüyü siyasətinə dəstək verdiyi bildirilib.