Azərbaycan və Ermənistanın davamlı sülhü təmin etmək üçün tarixi imkanları var - Karen Donfrid Siyasət

Azərbaycan və Ermənistanın davamlı sülhü təmin etmək üçün tarixi imkanları var - Karen Donfrid

Azərbaycan və Ermənistanın davamlı sülhü təmin etmək üçün tarixi imkanları var.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Avropa, energetika, ətraf mühit və kibertəhlükəsizlik üzrə Xarici İşlər Komitəsində "ABŞ. Qafqazla bağlı siyasət" mövzusunda dinləmələr zamanı deyib.

"2022-ci ilin sentyabrında kəskinləşmədən sonra Ermənistan və Azərbaycan diqqətlərini sülh prosesinə, o cümlədən sülh sazişinin mətni üzrə tarixi birbaşa danışıqlara yönəldiblər. Burada ABŞ-ın iştirakı əsas rol oynayır. Dövlət katibi Blinken dəfələrlə Azərbaycan və Ermənistan liderləri ilə danışıb və ikitərəfli sülh sazişi üzrə danışıqlar aparmaq üçün xarici işlər nazirlərinin görüşünü təşkil edib", - deyə K.Donfrid bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təşviq etməkdə davam edir.

"Biz bunu ikitərəfli, üçtərəfli əsasda və Aİ və digər tərəfdaşlarla sıx əməkdaşlıqda edirik. Ermənistanla Azərbaycan arasında sülhün dəstəklənməsi düzgün yoldur və milli təhlükəsizliyimizin maraqlarına cavab verir. Ermənistanla Azərbaycan sülh sazişi bağlasa, əməkdaşlığımız daha da vacib olacaq", - deyə K.Donfrid bildirib.