“Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabının təqdimat mərasimi keçirilib Siyasət

“Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabının təqdimat mərasimi keçirilib

Elxan Süleymanov: "Ermənilər bütün anti-Azərbaycan qüvvələrilə birgə fəaliyyətə başlayıb və çox ciddi təşkilatlanıblar"

Dünən 1905.az portalının redaksiyasında tarixçi Aqil Şahmuradovun "Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)" kitabının təqdimat mərasimi keçirilib. Xatırladaq ki, 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının resursudur. Bu resurs AVCİYA-nın bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət istiqamətlərindən biridir. AVCİYA fəaliyyətdə olduğu 12 il ərzində işğalçı, cinayətkar ermənilərin tarixi saxtakarlıqlarının və iç üzlərinin ifşa edilməsi, Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilmiş soyqırımların dünya ictimaiyyətinə çatdırılması istiqamətində saysız-hesabsız işlər görüb.
Tədbirdə çıxış edən millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib ki, belə kitablardan yüzlərlə hazırlanmalıdır.
O, həmçinin əlavə edib ki, 3 gün sonra AŞPA-nın qış sessiyası öz işinə başlayacaq və sessiyada ölkəmiz üçün olduqca vacib olan 2 məruzə müzakirə ediləcək: "Bunlardan biri Britaniyalı deputat Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması", digəri isə Bosniyalı parlamentari Miliça Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsidir. Qeyd olunan ikinci məruzə Sərsəng su anbarının Ermənistanın işğalı altında olması səbəbindən yaranan ekoloji təhlükə ilə bağlıdır və bu məsələ ilk olaraq məhz AVCİYA-nın "Sərsəng harayı" layihəsi ilə qaldırılıb.
AŞPA-nın 25-29 yanvar 2016-cı il sessiyasında müzakirə ediləcək bu məruzələr mənim 2014-cü ildə AŞPA katibliyinə təqdim etdiyim qətnamə təklifləri əsasında hazırlanıb. Bu qətnamələr ötən ilin noyabr ayında AŞPA-nın Sosial və Siyasi Komitələrində qəbul edilib. Bu qətnamələr Ermənistan dövlətinə işğalçı damğasını vurur.
İşğalçı Ermənistan bu damğadan qurtulmaq üçün yeganə ümid yeri - AŞPA-nın yanvar sessiyasına olduqca ciddi hazırlaşır. Onlar bütün anti-Azərbaycan qüvvələrilə birgə fəaliyyətə başlayıb və çox ciddi təşkilatlanıblar.
Azərbaycan cəmiyyəti, bizim media isə bu məsələyə o qədər də ciddi yanaşmır. Biz erməniliklə heç vaxt lazımi səviyyədə mübarizə aparmırıq. Və əgər bu məruzələr yol verdiyimiz səhvlər ucbatından qəbul edilməzsə, buna görə müvafiq strukturlar və hamımız günahkarıq. Biz buna cavabdehik.
Təəssüf hissi ilə deyirəm ki, işğalçı Ermənistan əraziləri işğal altında olan Azərbaycandan daha fəal görünür".
O, həmçinin əlavə edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qətnamə layihəsi də AŞPA-ya təqdim edilib.
Millət vəkili deyib ki, yanvarın 26-da AŞPA-nın qış sessiyasında erməni işğalından bəhs edən 3 qətnamə layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq: "Mətbuatda həmişə iki qətnamə layihəsi yazılır, əslində isə üçdür. Birinci qətnamə Robert Volterin hazırladığı "Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə zorakılığın artması", ikincisi Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı məruzəsidir. Lakin bu məruzələrə əlavə olunan digər qətnamə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlıdır. Hər üç qətnamə səsverməyə qoyulacaq".
E. Süleymanov qeyd edib ki, səsvermə ərəfəsində dünya gücləri tərəfindən din xadimləri və dövlət başçıları səviyyəsində ermənilərə yardım edilir: "Hətta iş o yerə gəlib çıxıb ki, ermənilər dövlət səviyyəsində hər bir ölkənin tanınmış şəxslərindən xahiş edir və deputatlara təzyiq edirlər ki, bu qətnaməyə səs verməsinlər. Ermənistan rəhbərliyi bu qətnamədən olduqca narahat olub. Lakin biz haqqın və ədalətin qələbə çalacağına ümid edirik".

Əli