“Həmsədrlərin belə bir ortaq məxrəcə gəlməsi BMT-nin məlum qətnamələri ilə az qala üst-üstə düşür” Siyasət

“Həmsədrlərin belə bir ortaq məxrəcə gəlməsi BMT-nin məlum qətnamələri ilə az qala üst-üstə düşür”

Qabil Hüseynli: "Bəlkə də bu fikirlər BMT-nin qətnamələrindən daha qabağa gedir"

"ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Vaşinqtonda əla müzakirələr aparılıb. Ancaq müzakirələrin müsbət tərəflərini vurğulamaq lazımdır. Status kvonun dəyişdirilməsi haqda aparılan müzakirələrdə 7 rayonun sözsüz və birmənalı qaydada azad edilməsi məsələsi müzakirə edilib və burada ortaq məxrəcə gəlinib. Bundan başqa, Sərsəng su anbarının ekoloji problemlər yaradılması üçün istifadə edilməsi məsələsi də müzakirə olunub. Bildirib ki, erməni qoşunları Sənsəng su anbarı ətrafından çəkilməli və su anbarı əvvəlki rejimində, yəni həm su elektrik stansiyası kimi, həm də Qarabağın düzən rayonlarının su təchizatçısı kimi istifadə edilməlidir. Bütün bunlar kifayət qədər diqqətçəkici amillərdir". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, bu məsələlər ermənilərin işğal olunmuş ərazilərlə bağlı planlarına ən azı nəzəri, təbliğati, ictimai fikrin formalaşdırılması səviyyəsində zərbə vurmağa qadirdir: "Dünənə qədər həmsədrlər Azərbaycan torpaqlarının işğalı faktını qəbul etmir, Ermənistan-Azərbaycan münaqişəsinin anatomiyasını tamamilə yanlış yozaraq, qarmaqarışıq terminlərdən istifadə edirdilər. Lakin bu gün artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir fakt kimi qəbul edilir, buradan Ermənistan qoşunlarının çıxarılmasının zəruriliyi vurğulanır".
Politoloq bildirib ki, həmsədrlərin belə bir ortaq məxrəcə gəlməsi BMT-nin məlum qətnamələri ilə az qala üst-üstə düşür: "Bəlkə də bu fikirlər BMT-nin qətnamələrindən daha qabağa gedir. BTM-nin məlum qətnamələrində Azərbaycan torpaqlarının işğalından danışılır, amma bu torpaqları erməni quldur dəstələrinin işğal etdiyi vurğulanır. Amma indi birbaşa söhbət Ermənitan - Azərbaycan münaqişəsindən gedir. Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərin dəqiq sahəsi göstərilir. Sonda da deyilir ki, erməni qoşunları bu torpaqları tərk etməlidirlər. Bütün bunlar bizim üçün yenilikdir".