“Dövlət başçısının məmurlar haqqında fikirləri də tamamilə cəmiyyətin ürəyindən keçənlərdir” Siyasət

“Dövlət başçısının məmurlar haqqında fikirləri də tamamilə cəmiyyətin ürəyindən keçənlərdir”

Fəzail İbrahimli: "Bu gün ən vacib məqam birlikdə və əməkdaşlıq şəraitində işləməkdir"

"Struktur dəyişikliyinin mahiyyətini dərk etməyənlər də bundan istifadə edərək iş yerlərində insanları kütləvi şəkildə ixtisara salmışdılar. Cənab Prezidentin son çıxışında bununla əlaqədar cəmiyyətdə yarana biləcək kifayət qədər böyük təhlükənin qarşısını aldı".Bu fikirləri millət vəkili Fəzail İbrahimli deyib. Deputat qeyd edib ki, dünyada baş verən hadisələrlə bağlı hazırda hökm sürən böhran dövründə hər kəs ölkəmizin inkişafı üçün çalışmalıdır: "Müəyyən qüvvələrin cəmiyyətə kifayət qədər təsir etmək imkanı var. O qüvvələr məmurların, sahibkarların və s. insanların arasındadır. Həmin insanlar sadə formadan sahibkar olublarsa, cənab Prezident digər vətəndaşlarımız kimi, onları bütün mənfi hədəflərdən qoruyursa, daha çox düşünməli və iş görməlidirlər".
Millət vəkili deyib ki, dövlət başçısının məmurlar haqqında fikirləri də tamamilə cəmiyyətin ürəyindən keçənlərdir. Qeyd edib ki, bu gün ən vacib məqam birlikdə və əməkdaşlıq şəraitində işləməkdir: "Biz deputatlar məmurlarla əl-ələ verib işləməliyik. Mənim 40 min seçicim var. Onlardan ən azı ayda 40 nəfəri mənə müraciət edir. Ən böyük problemləri isə müxtəlif strukturlarla bağlıdır. Mən də onların problemlərini həll etmək üçün o strukturlara müraciət etməliyəm. Dövlət telefonunun haqqını vermək lazımdır. Dövlət mobil telefonla idarə olunmur. Bəzi məmurların telefonuna zəng edəndə 8-ci sinifdə oxuyan qız səsi ilə cavab verilir. Axı dövlət bu telefonu sənə verib. Sən telefonu niyə özün götürmürsən?! Deputat hansısa məmura zəng etmək üçün çox çətinlik çəkir. Məmurlar telefonu özləri götürməlidir. Onda rahat ünsiyyət yaratmaq, işləri həll etmək olar. Bu, sosial sifarişdir".