Ermənistan rəsmisindən qəti mövqe Siyasət

Ermənistan rəsmisindən qəti mövqe

"Dilqəm və Şahbaz qaytarılmayacaq"

Dağlıq Qarabağdakı separatçıların "baş prokuroru" Artur Mosiyan Xankəndində keçirdiyi mətbuat konfransında Kəlbəcərdə girov götürülən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib.
"Kavkazskiy –uzel" saytı xəbər verir ki, Mosiyan Kəlbəcər girovlarının erməni əsirlərlə dəyişdirilməsinin mümkün olmadığını bildirib.
"Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilməz", - deyə Mosiyan bildirib.
Separatçıların rəsmisi qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin "Skpye" vasitəsilə yaxınları ilə danışması üçün müraciət daxil olmayıb.
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev isə fərqli düşünür:"Qondarma rejimdə heç bir hüquqi qayda-qanun yoxdur. Ona görə ki, bu gün Azərbaycan torpaqları işğal altındadır. O ki qaldı Dilqəm Əsgərovla Şahbaz Quliyevin vəziyyətinə, onlar öz doğma vətənlərində separatçılar tərəfindən saxlanılıb və qeyri-qanuni olaraq azadlıqdan məhrumdurlar. Bunların hamısı separatçı rejimin digər qanunsuz hərəkətlərindən irəli gələn məsələlərdir".
R.Rzayev bütün mümkün variantlardan istifadə edərək, hökumətin azərbaycanlıların geri qaytarılmasına nail olacağını bəyan edib:"Təəssüflər olsun ki, beynəlxalq aləm ikili standartlara bu məsələdə də göz yumur. İkili standartlarla Azərbaycanın işğalına dair hər yerdə rastlaşırıq. Qeyd etmək istəyirəm ki, Dilqəm və Şahbazın Azərbaycana qaytarılması üçün hökumət çalışır. Mən inanıram ki, onların geri qaytarılmasına nail ola biləcəyik".