Ya sülh, ya da... Siyasət

Ya sülh, ya da...

Ermənistan üçün sülhün alternativi daha ağır sülhdür

Güclülərin, qaliblərin ədalətli sülh gündəliyini təşviq etməsi, məğluba inkişafın, rifahın, təhlükəsiz birgəyaşayışın yolunu göstərməsi tarixdə nadir hallarda rast gəlinən bir hadisədir və bəlkə də bənzəri yoxdur.
Prezidentin yerli telekanallara müsahibəsində səsləndirdiyi mesajlar və dilə gətirdiyi fikirlər də bir daha sübuta yetirdi ki, dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, regionun sabit inkişaf mərhələsinə qədəm qoyması ila bağlı hər kəsdən, həmçinin, Cənubi Qafqaz, eləcə də Asiya qitəsinin Mərkəzi Asiya və Yaxın Şərq subregionları, həmçinin Şərqi Avropanın əhəmiyyətli bir hissəsi ilə bağlı subyektiv geosiyasi fərziyyələrini reallıq kimi təqdim etməyə çalışan qlobal mərkəzlərin strateqlərindən daha aydın təsəvvürlərə malikdir.
Məhz bu aydın təsəvvürlərə söykənən baxış bucağı, hadisələrin ən müxtəlif ssenarilər üzrə inkişafını ən incə detallarına kimi göz önünə sərgiləyərək, sülhün sülhə qarşı çıxanlar üçün heç bir perspektivinin olmadığını diqqətə çatdırır.
Bunun əksinə yönəlmiş cəhdlərin hansı nəticələrə yol açdığını, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər dəqiq şəkildə ifadə edir. Sitat: “Çünki son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.
Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.
Bəli, Azərbaycanın ədalətli sülh gündəliyini təşviq edən, bölgə xalqlarının dinc birgəyaşayışını, qarşılıqlı faydalı əməkdaşlığını arzulayan, beynəlxalq hüququn norma və prinsiplərinə sonunadək əməl edən, qlobal məsuliyyətini özündən dəfələrlə böyük ölkələrdən daha çox anlayan və bunu əməldə sərgiləyən bir dövlət kimi üçüncü müharibəyə başlamaq niyyəti yoxdur. Amma ölkəmizə qarşı hər hansı bir təxribat planlaşdıranlar, səbrimizi sınağa çəkmək istəyənlər bizim təklif etdiyimiz ədalətli sülhü daha ağır şərtlər altında qəbul etməyə məcbur olacaq və sonsuzadək xətalarının cəzasını çəkəcəklər.
Bu baxımdan sülh, etimadlı münasibətlər bölgədə uzunmüddətli sabitliyin, təhlükəsizliyin təmin edilməsində maraqlı olan bütün region dövlətlərinə, onların öz xalqlarının gələcəyini düşünən liderlərinə, siyasət adamlarına lazımdır. Sülh davamlı sabitliyin təmin olunması üçün başlıca faktordur. Təbii resursları, rəqabətədavamlı sənayesi olmayan, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin yan keçdiyi ölkələr üçün isə sabitlik həyati əhəmiyyət kəsb edir. Məhz bu baxımdan, Ermənistanın sülhə bütün digər ölkələrdən daha çox ehtiyacı var və təəssüf ki, bu ölkənin regiondankənar güclərin nüfuz müvəkkiliklərini icra edən liderləri, tarixi yalanların və zəhərli ultramillətçi ideyaların girovuna çevrilmiş, müasir dünyanın reallıqlarını dərk etməyi bacarmayan, özünün və bölgə xalqlarının potensialını düzgün dəyərləndirməyi bacarmayan toplumu sülhün onlar üçün yeganə çıxış yolu olduğunu qəbul edə bilmir, yaxud qəbul etməyə özlərində cəsarət tapmırlar. Xarici amillərlə yanaşı, sahib olduqları etnososial xarakterləri də buna maneə yaradır.
Prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində, əslində sülh müqaviləsinin imzalanmamasının və qarşılıqlı münasibətlərdəki qeyri-müəyyənliyin Ermənistan üçün hansı fəasadlara səbəb ola biləcəyini bütün detallarıyla ifadə edib. Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu zaman kəsiyində, 1993-94-cü illərdən başlayaraq, dirçəlməyi, iqtisadi inkişafını təmin etməyi, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qlobal müstəvidə strateji əhəmiyyət kəsb edən, ayrılmaz bir parçasına çevrilməyi, nəhayət, müstəqil bir dövlət olmağı, oz ayaqları üzərində dayanmağı və irəliləməyi bacarıb. Yəni torpaqlarının 20%-i işğal altında olan bir ölkə bütün komponentləriylə, iqtisadi və hərbi potensialı ilə güclü bir dövlət oldu, amma xarici faktorların dolayısıyla və birbaşa iştirakı ilə Azərbaycan torpaqlarını işğal və talan edən, viran qoyan Ermənistan dövlət ola bilmədi. Əvvəllər Ermənistanı, yalnız beynəlxalq donorların dəstəyi ilə mövcudluğunu qoruyub saxlayan, müxtəlif siyasi, hərbi, sosial proqramları gerçəkləşdirməyə çalışan qeyri-hökumət təşkilatına bənzədirdim. Amma Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının Şuşa-Xankəndi yolunda davam etməkdə olan etiraz aksiyasından sonra belə qərara gəldim ki, Ermənistan Cənubi Qafqazda həyata keçirilən bir layihədir və bu layihənin nə zamansa dövlətə çevrilməyinin yeganə yolu sülhdən keçir.
Azərbaycan öz enerji resurslarının dünya bazarına çıxışını təmin edib, hazırda Avrasiyanın ən mühüm nəqliyyat dəhlizlərinin olduqca vacib, rəqabətədavamlı, iqtisadi baxımdan səmərəli marşrutları ölkəmizin ərazisindən keçir. Bu o deməkdir ki, Azərbaycanın bir dövlət olaraq inkişafı, gücünə güc qatması üçün bütün imkanları var və bu günədək görülən işlər elə bir fundament formalaşdırıb ki, bu təməlin üzərindən sonsuza qədər inkişaf etmək olar. Təbii resurslarımız – var, bu resursları dünya bazarına çıxarmaq imkanlarımız – var, yolumuz – var, daxili həmrəyliyimiz, milli birliyimiz, gücümüz – var. Cənubi Qafqaz və ətraf subregionların demoqrafik vəziyyəti də onu deməyə əsas verir ki, bir etnos olaraq, Avrasiyada əsas söz sahiblərindən biriyik. Ermənistan hər tərəfdən eyni soyun, dilin, mədəniyyətin daşıyıcısı olan, milli ruhu oyanmış, özünün intibah mərhələsini yaşayan, Azərbaycan Ordusunun böyük qələbəsi ilə döyüş ruhu, özünəinamı yüksək səviyyətə olan, toparlanmış, təşkilatlanmış nəhəng bir etnosun əhatəsindədir. Biz gözləyə bilərik və bu gözləntini də əsaslandıran amil etnos olaraq himanist mahiyyətimizdən qaynaqlanır. Amma bu o demək deyil ki, “Ermənistan” adlı layihə öz oyunlarını sonsuzadək davam etdirəcək və biz bu “kvazidövlət”in yenidən toparlandırılaraq öz terrorçu-separatçı, qəsbkar siyasətini davan etdirməsinə imkan verəcəyik. Əlbəttə ki, yox. Ermənistanın ətrafındakı “çəmbər” getdikcə daralacaq, bu ölkənin daxili gündəliyini bizim atdığımız addımlar müəyyənləşdirəcək və bu addımlar Ermənistan üçün cavab verilməsi mümkün olmayan yeni-yeni çağırışlar yaradacaq. Bütün bunlar, şübhəsiz ki, 2025-ci ilə qədər nəzərə çarpması mümkün olan reallıqlardır. 2025-ci ildən sonra isə təkcə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki missiyasının müddəti deyil, həm də Ermənistana verilən vaxtın sonu çatacaq və artıq, bu ölkənin özünün də, sərgiləcəyi davranışlara adekvat olaraq, mövcudluğu günbəgün şübhə altına düşəcək. Bu baxımdan, 2023-cü il Ermənistana Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinə imza atması üçün həlledici zaman kəsiyidir.
Ermənistan üçün sülhün alternativi daha ağır sülhdür.

Elçin Mirzəbəyli