Səfirliyimizə hücum terrorçu molla rejiminin sonu olacaq Siyasət

Səfirliyimizə hücum terrorçu molla rejiminin sonu olacaq

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Bu amil molla rejiminin tamamilə azğınlaşdığını, özünün tez-tez müraciət etdiyi, diplomatik və siyasi sərhədləri, bütün “qırmızı xətt”ləri keçdiyini, regional və beynəlxalq münasibətlər sisteminə, sivil, demokratik və dünyəvi dövlətçiliyə, bəşəri dəyərlərə, insanlığa, fərdlərin və xalqların azad, suveren yaşamaq haqlarına qənim kəsildiyini bir daha təsdiqləyir. “İran” adlanan xalqlar həbsxanasında hakimiyyəti mənimsədiyi vaxtdan, təxminən 9 ay sonra ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək terror aksiyası törədən molla rejiminin həmin dövrdəki əməli terrorçu Tehran rejiminin sivil dünyaya meydan oxuduğu zaman kəsiyinin başlanğıcı olduğu kimi Azərbaycan səfirliyinə amansız hücum da qatil, terrorçu rejimin sonu olacaq.

Baş verən bu xain terror aksiyası molla rejiminin hansı səbəblərdən Ermənistana hərtərəfli dəstək verdiyini, Azərbaycan xalqına və onun dövlətçiliyinə qənim kəsildiyini sübuta yetirir. Terorçu dövlətlərin sivil, mədəni, tolerant xalqlara və dövlətlərə qarşı birgə fəaliyyət göstərməsindən təbii heç nə ola bilməz. Baş verənlərin məsuliyyəti, həm də İranın regionda nümayiş etdirdiyi siyasətə seyrçi qalan, dolayısıyla molla rejiminin anti-Azərbaycan siyasətinə dəstək verən, Tehran rejiminin ölkə sərhədlərindən kənarda dəstəklədiyi qüvvələrlə ittifaq quran Fransa kimi ölkələrin və onların məsuliyyət hissini tamamilə itirmiş liderlərinin üzərinə düşür. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xain molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir.

Ən qısa zamanda İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və baş verən xain terror aksiyası BMT-nin müzakirəsinə çıxarılmalı, xain molla rejiminin Azərbaycandakı bütün təmsilçiləri ölkədən qovulmalı, İranla bütün diplomatik əlaqələrə son qoyulmalıdır. Azərbaycan Respublikası ona BMT Nizamnaməsi ilə verilən kollektiv müdafiə hüququndan istifadə edərək, Türkiyəyə və digər müttəfiqlərinə müraciət edərək, molla rejiminin təhdidlərinə qarşı səfərbər olmalıdır. Azərbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vena Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vena Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, İrana qarşı iddia qaldırılmalıdır.

Azərbaycan səfirliyinə hücum və gerçəkləşdirilən xain terror aksiyası “İran” adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan Azərbaycan türkləri və bu ölkədə molla rejiminin girovuna çevrilmiş bütün xalqlar tərəfindən qətiyyətlə pislənilməli və qaniçən, terrorçu rejimə qarşı mübarizənin təkcə onların deyil, həm də bütün sivil bəşəriyyətin təhlükəsizliyinə xidmət etməsi təkzibolunmaz gerçəklik kimi qəbul olunmalıdır.

Onun da qeyd etməyi vacib bilirəm ki, Azərbaycan Respublikasının səfirliyinə hücum, istisnasız olaraq “İran” adlanan ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş terror aksiyasıdır və molla rejiminin şaiyə şəbəkəsinin, həmçinin rəsmi informasiya resurslarının, o cümlədən sözügedən terror dövlətinin ölkəmizdəki “diplomatik nümayəndəlik” adı altında gizlənmiş cəsus yuvasının yaydığı məlumatlar diqqətin hadisənin əsl mahiyyətindən yayındırılmasına xidmət edir.

Terrorçunun “erməni olması”, yaxud guya “səfirlikdə gizlənən həyat yoldaşını axtarması” barədə yayılan məlumatlar feykdir və molla rejiminin informasiya manipulyasiyasıdır. Terror aksiyasını İranın xüsusi xidmət orqanlarının və SEPAH-ın muzdlu qatili Yasin Hüseynzadə həyata keçirib.

Terror aksiyasının “İran” adlanan terror yuvası ilə dünyəvi, sivil Azərbaycan Respublikası arasında münasibətləri pozmaq üçün “üçüncü dövlətlər tərəfindən həyata keçirilməsi” ilə bağlı iddiaların da, şübhəsiz ki, heç bir əsası yoxdur. Bu xain hücum “İran” adlanan ölkənin bölgədə həyata keçiridiyi pozuculuq fəaliyyətinə qarşı Azərbaycan xalqının və dövlətinin sərgilədiyi qətiyyətli, prinsipial mövqeyə münasibətdə aciz, idoloji mahiyyəti və sosial dayaqları çürümüş terrorçu molla rejiminin qisas əməliyyatdıdır. Əgər səfirliyin mühafizəçilərinin müqaviməti olmasaydı, bütün diplomatlarımız qətlə yetiriiləcəydi. Şəhidimiz və qazilərimiz öz canları və sağlamlıqları bahasına daha çox günahsız insanın qətlə yetirilməsinin qarşısını alıblar.

Şəhidimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm!

Rədd olsun qaniçən, terrorçu molla rejimi!

Elçin Mirzəbəyli