Nüvə ilə bağlı konvensiyaya düzəliş qəbul olundu Siyasət

Nüvə ilə bağlı konvensiyaya düzəliş qəbul olundu

Ziyafət Əsgərov: "Dəyişikliklərdə prinsiplər müəyyən olunub"

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyə 4 məsələ daxil edilib. İclasda "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında", Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib.

"148 məhbusun azadlığa çıxmasını alqışlamaq lazımdır"

İlk olaraq spiker Oqtay Əsədov Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bağlı çıxış edib. O, qeyd edib ki, ölkə başçısı tərəfindən böyük humansitlik göstərilib və 148 məhbusun azadlığa çıxmasını alqışlamaq lazımdır. Daha sonra gündəlikdə duran məsələlər müzkirə edilməyə başlanılıb.
Əvəvlcə "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verərək qeyd edib ki, sözügedən konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: "Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq. Düzəlişlərə müvafiq olaraq konvensiyanın preampulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin föhqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur".
Deputat Bəxtiyar Əliyev bildirib ki, Ermənistan tərəfindən atom elektrik stansiyasının tullantılarının işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırılır: "Azərbaycanın təkidi ilə ATƏT-in Fakt Araşdırıcı Missiyası orada olub və bu faktın mümkünlüyünü qeyd edib. Ermənistan silhalı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Orada narkotik maddələrin hazırlanması, terror dəstələrin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu, təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir".

"Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz"

Deputat Azay Quliyev konvensiyaya düzəlişin, yaxın zamanlarda Vaşinqtonda 4-cü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcəyi ərəfədə edildiyini xatırladıb: "Prezident həmin sammitdə iştirak edəcək. Bu ilk növbədə onun göstəricisidir ki, Azərbaycan təhlükəsizlik sistemində əsas ölkələrdən biridir. Azərbaycan Prezidentinin belə bir tədbirdə iştirakı Azərbaycan dövlətçiliyinə münasibət və Azərbaycan Prezidentinin beynəlxalq miqyasda qazandığı qiymətdir".
Deputat həmçinin Prezident tərəfindən imzalanan əfv sərəncamının humanist addım kimi qiymətləndirib: "Bu sərəncamın əhəmiyyəti ondan ibarətdir ki, hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da əfv edilib. Bu, böyük humanist addımdır. Bu onu göstərdi ki, istənilən problem dialoqla həll edilə bilər. Bu, işçi qrupuna böyük etimadı göstərir. Həmin şəxsləri əfv etməklə göstərildi ki, yalnız və yalnız hər hansı məsələnin həlli ilə bağlı dövlətə və dövlət başçısına etimad göstərilməlidir. Xaricdən kömək gözləməməlidirlər. Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz. ATƏT-in prezidenti, AŞPA-nın prezidenti və digər beynəlxalq təşkilatlar bu əfv sərəncamını çox yüksək qiynmətləndirdilər".

Spiker jurnalistləri səhv məlumat verməkdə qınadı


Spiker Oqtay əsədov əfv sərəncamının mətbuat orqanlarında geniş işıqlandırılmasına diqqət çəkməklə yanaşı, eyni zamanda Milli Məclisin iclası ilə bağlı yazılan səhv məlumata da reaksiya verib: "Milli Məclis ayda iki dəfədən az olmayaraq iclas keçirə bilər. İclasa bir məsələ də daxil edilə bilər, beş məsələ də. Xüsusi və ya növbədənkənar iclasın da keçirilməsi nə deməkdir? Növbədənkənar iclas sessiya qapandıqdan sonra çağırıla bilər. Əgər sessiya müddəti bitməyibsə ay ərzində iclaslar keçirilə bilər. Amma dünən bütün mətbuat orqnaları səhv məlumatlar verirdilər. Çoxları fikirləşdi ki, yəqin aləm dağılıb. Hər məsələni də belə şişirtmək olmaz".
Deputat Elman Məmmədov SSRİ dövründə Ağdərə rayonunun Çıldıran Dranbol ərazisində uran yataqları olduğunu xatırladıb: "Onun bir hissəsi də Kəlbəcər rayonu ərazisindədir. İşğaldan sonra yataq işlədilir. Xaçın və Tərtər çayları vasitəsilə tullantılar Azərbaycan tərəfinə axıdılır. Çayların radiasiya yükü yoxlansa bu ortaya çıxır. Yəqinki bununla müvafiq orqanlar məşğul olur və beynəlxalq təşkilatlara müraciət ediləcək".
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.


"5 nazirlik tərəfindən bu dəyişikliyə mənfi rəy verilib"

Deputat Cavanşir Feyziyev aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsinə edilən dəyişiklərin işləməyəcəyini qeyd edib: "Oktyabr ayında aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsində iki dəfə dəyişikliyə cəhd edilib. Amma heç biri müvəfəqiyyət qazanmayıb. Bu dəyişikliyi tamamilə aradan qaldırmaq və ya yenidən baxmaq lazımdır. 5 nazirlik tərəfindən bu dəyişikliyə mənfi rəy verilib, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən. Dəyişiklik işləmir və bunu hər dəfə qəbul etmək doğru deyil. Hesab edirəm ki, dəyişiklikır ləğv edilməlidir".
Spiker Oqtay Əsədov bildirib ki, həmin nazirliklər Nazirlər Kabinetinin tərkibindədir. Milli Məclis sədri deyib ki, bu qanun layihəsinə dəyişiklik Nazirlər Kabinetindən gəlib: "Demək o nazirliklərlə razılaşdırılıb gəlib. Bizdə də məlumat yoxdur ki, hansı nazirliklər mənfi rəy verib".
Cinayət Məcəlləsinə edilən dəyişiklikdə pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Əli