Sülhməramlılar legitimliklərini itiriblər Siyasət

Sülhməramlılar legitimliklərini itiriblər

Ermənistan ərazisindən Azərbaycanın hazırda Rusiya sülhməramlılarının müvəqqəti səkahiyyət zonasına silah-sursat və canlı qüvvənin daşınması qanunsuz etməni hərbi birləşmələrinin rəsmi İrəvanın təhriki və xeyir-duası ilə genişmiqyaslı təxribata hazırlaşdıqlarını sübuta yetirir. Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar da bu prosesin siyasi-diplomatik müstəvidə gerçəkləşdirilən bir parçasıdır.

Baş verən təxribatın və bütövlükdə Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğunun məsuliyyəti Ermənistanla yanaşı, həm də Rusiya sülhməramlı kontingentinin üzərinə düşür və bütövlükdə missiyanın legitimliyini şübhə altına alır. Çünki Rusiyanın “sülhməramlı hərbi kontingent” adlanan silahlı qruplaşmanın Azərbaycan ərazisində mövcudluğunun yeganə hüquqi əsası 2020-ci il, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndidir. Sözügedən bəyanatın 4-cü bəndində qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti (Azərbaycan ərazilərində - E.M) erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bu isə o deməkdir ki, noyabrın 10-da sonuncu Rusiya sülhməramlısı Azərbaycan torpağına ayaq basanda ərazilərimizə bir erməni silahlısı belə qalmamalıydı. Amma faktlar bunun əksini təsdiqləyir və torpaqlarımızdakı qanunsuz erməni hərbi birləşmələri hərbçilərimizin, mülki vətəndaşlarımızın həyatına təhdid yaratmaqda davam edirlər. Beynəlxalq müqavilələrdə, dövlətlərarası sənədlərdə eyni maddədə, bənddə, yaxud cümlədə yer alan öhdəliklərin, yalnız birtərəfli qaydada yerinə yetirilməsinə rast gəlinməyib. Qanunsuz erməni hərbi birləşmələrinin hərbçilərimizin şəhid olması ilə nəticələnən son təxribatı bir daha sübuta yetirir ki, 10 noyabr bəyanatının tələblərinə, xüsusilə də 4-cü bənddə yer alan öhdəliklərə əmək edən yalnız Azərbaycan Respublikasıdır. Rusiya siyasətçiləri unudurlar ki, haqqında söz açdığım bəyanatın altında həmçinin prezident Putinin imzası dayanır və bu imza bəyanatın bütün müddəalarının yerinə yetirilməsinə görə, rəsmi Moskvanın məsuliyyət daşıdığını ifadə edir. Əks təqdirdə, Rusiya tərəfinin 10 noyabr bəyanatına imza atmasına heç bir lüzum yox idi, sənəd Azərbaycan və Ermənistan arasında da imzalana bilərdi. Rusiya prezidenti 10 noyabr bəyanatını imzalamaqla prosesin bərabərhüquqlu iştirakçısı olduğunu və bu iştirakdan irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıdığını bəyan edib.

Qeyd edim ki, 10 noyabr bəyanatının nə preambula hissəsində, nə də ayrı-ayrı bəndlərində Rusiyanın, sadəcə vasitəçi olduğunu vurğulayan bircə söz belə yer almayıb. Rusiyanın iştirakçı olduğunu təsdiqləyən ifadələrin sayı isə yetərincədir.

Məhz bu aspektən, Azərbaycan ərazilərinə qanunsuz erməni hərbi birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması istiqamətində Rusiya tərəf olaraq, öz öhdəliklərini yerinə yetirə bilmədiyini, yaxud yerinə yetirmək istəmədiyini etiraf etməli və bu ölkənin qanunsuz erməni hərbi birləşmələrini, separatçıları, cinayətlarkarı himayə edən hərbi kontingenti torpaqlarımızı tərk etməlidir.

10 noyabr bəyanatının 4-cü bəndi yerinə yetirilmədiyi üçün Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı mövcudluğunun heç bir hüquqi əsası yoxdur.

Elçin Mirzəbəyli