BMT-də islahatlar zərurətə çevrilib - Vüqar Rəhimzadə Siyasət

BMT-də islahatlar zərurətə çevrilib - Vüqar Rəhimzadə

Hər dövrün reallıqları daim hər hansı məsələlərə münasibətdə yeni yanaşmalara çağırışlar edir. Amma bürün dövrlər üçün dəyişməyən ədalət və beynəlxalq hüquq prinsipləri olur. Çünki hər bir məsələnin həlli bu prinsiplərin tətbiqi şəraitində ədalətli mövqe ortaya qoyulmasını, etimad mühitinin qorunmasına töhfələrin verilməsini bir zərurət kimi ortaya qoyur. Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edən, ən əsası 30 il bu yanaşmanın fonunda keçmiş Qarabağ münaqişəsinin ədalətli həllini gözləyən ölkə olub. Əgər bəzi dünya gücləri Qarabağ münaqişəsinin mahiyyətini dərindən dərk edib, maraqlarını ədalət və beynəlxalq hüquq meyarları ilə əvəzləsəydilər, problemin həlli 30 il uzanmaz, ən əsası 44 günlük İkinci Qarabağ müharibəsinə ehtiyac olmazdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyi ilə yanaşı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması da öz əksini tapıb. Təəccüb doğuran hal bu qətnamələrin icrasının zamana və məkana görə tətbiqi, eyni zamanda, bu qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün - ABŞ, Fransa və Rusiyanın hazırda tarixin arxivində yer alan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olublar.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu günlərdə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə də bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, “Yeni dünya düzəni yenidən formalaşdırılmalıdır” fikri özündə bütün məqamları ehtiva edir. Reallıq budur ki, iki il bundan əvvəl tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratdı. Dünya siyasətində baş verən yeniliklər dövlətlərarası münasibətlərdə də özünü aydın şəkildə nümayiş etdirdi. Əksər dünya güclərinin Azərbaycanın mövqeyini dəstəkləyərək yeni reallıqları qəbul etmələri ölkəmizin sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasının göstəricisidir. Ən əsası regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün dövlətimizin irəli sürdüyü sülh müqaviləsinə beynəlxalq dəstək atılan addımlarda da özünün aydın ifadəsini tapır. Lakin bu məqam diqqətdən yayınmır ki, dünya hələ də ikili standartlar siyasətindən yaxa qurtara bilməyib və bu halın mövcudluğu yeni yanaşmaların ortaya qoyulması əsasında səylərin birləşdirilməsinə böyük maneə yaradır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ötən il Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünə Fransa Prezidenti Emmanuel Makron qatılıb. O, ölkəmizin beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəkləsə də çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etdi. Ümumiyyətlə, 30 illik işğal dövrü belə məqamlarla zəngin olub. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq 30 ildə qətnamələrin icrası istiqamətində nəinki addım atmaq, hətta səylər belə göstərmək barədə düşünməyən bəzi dünya gücləri son nəticədə özlərinə qarşı inamsızlıq yaratdılar.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda dünyada müzakirə olunan mühüm məsələlərdən biri də BMT sistemində islahatların aparılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə bu fikri xüsusi qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Ölkə Prezidentinin bu fikirləri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı səsləndirdiyi “Dünya beşdən böyükdür” bəyanatını yada salmağı bir zərurət kimi qarşıya qoydu. Artıq bunu dünya dövlətləri də etiraf edirlər. Hazırda BMT daxilində islahatların aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi zərurətə çevrilib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışı zamanı təkliflərini də diqqətə çatdırdı. Bildirdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan BMT-də islahatların aparılmasına çağırışlar edib. BMT qətnamələrinin icrasında vahid mexanizmin olmaması daim Azərbaycanın haqlı narazılığına səbəb olub və bunu ikili siyasətin təzahürü kimi dəyərləndirir. Reallıq budur ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğu halda, Azərbaycana gəldikdə 30 il gözlədik. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü reallaşdırdı. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu hadisə yəqin ki, BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.
Vüqar Rəhimzadə dünya düzəninin yenidən formalaşdırılması fonunda ədalətin və beynəlxalq hüququn hər bir münaqişəli məsələlərin həllində əsas olacağına əminliyini ifadə edib.