Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzində - Qlobal Bakı Forumunun əhəmiyyəti Siyasət

Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzində - Qlobal Bakı Forumunun əhəmiyyəti

Bu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə, 10-cu Qlobal Bakı Forumuna ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan Foruma dünya qarşısında duran mühüm çağırışlar müzakirə olunmaqdadır. Forum yüksək səviyyəli qonaqlar tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanın dünyaya mühüm töhfəsi hesab edilir.

Tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir.

“Bu faktor mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də özünü əyani şəkildə təsdiqləyir. X Bakı Qlobal Forumunun keçirilməsi bir daha dünyanın diqqətini ölkəmizə yönəltdi. Dövlət və hökumət başçılarının, dünyanın nüfuzlu ictimai və siyasi xadimlərinin iştirak etdiyi tədbirdə beynəlxalq aləmdə mövcud olan problemlər və qarşıda dayanan çağırışlar müzakirə olunur”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu tədbirlər vasitəsilə həmçinin, Azərbaycan öz inkişafını, uğurlarını dünyaya təqdim edir.

“Bunun nəticəsidir ki, ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır”- deyə, S.Hüseynova qeyd edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə açıqlamasında bildirib ki, Azərbaycan ən yüksək səviyyədə təşkil edilən müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

“Son illərin siyasi gündəliyinə baxdıqda görürük ki, dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər ilk olaraq Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli üçün qərarlar qəbul edilir. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu da bu baxımdan çox mühüm əhəmiyyətə malikdir. Forum artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran nüfuzlu platformaya çevrilib”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın hər zaman sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı ölkə olub. “Hazırda təhlükəsizliyin beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Dünyadakı cari vəziyyətlə əlaqədar açıq müzakirələrin aparılması tələb olunur və bu kontekstdə Qlobal Bakı Forumu mükəmməl platforma qismində çıxış edir. Forumda iştirak edən dövlətlərin, nümayəndələrin mötəbərliyi və miqyası da bunu deməyə əsas verir.

Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir”, - deyə deputat əlavə edib.

Martın 11-nə qədər davam edəcək Forumda mühüm problemlər, yeni dünya nizamının formalaşmasının aspektləri, həmçinin qlobal təhlükəsizlik və qarşıda duran məsələlər üzrə diskussiyalar və panel müzakirələr aparılır.Qlobal geosiyasi beyin mərkəzlərinin cəm olduğu platformalardan birinin məhz Bakı olması təsadüfi deyil.Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, onun uzun illər öncə irəli sürdüyü və indi Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edən təşəbbüs və layihələr - bütün bunlar qlobal problemlərin həllinin tapıla biləcəyi yerin məhz Azərbaycanın olduğunu dünyaya təsdiqləyir.