
Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü yüksək qiymətləndirilməlidir, çünki burada müzakirə olunan məsələlər hər üç ölkə üçün çox əhəmiyyətlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Rövşən Rzayev bildirib ki, görüşdə müzakirə edilən "Şimal-Cənub" nəqliyyat dəhlizi regionda həm iqtisadiyyatın inkişafına, həm də təhlükəsizliyə mühüm töhfə verəcək: "Hesab edirəm ki, bu görüşdən sonra Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq".
Deputatın fikrincə, bu görüş siyasi münasibətlərin də möhkəmlənməsinə xidmət edəcək.
O bildirib ki, Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərə bilər: "Azərbaycan həm İran, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, son nəticədə həm Rusiya, həm də İran Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər".