Ağ Evin “Kirvə toplantısı” Siyasət

Ağ Evin “Kirvə toplantısı”

Rəsmi Vaşinqtonun “Demokratiya sammiti”nə dəvət etdiyi dövlətlərin siyahısına nəzər salmaqla, Bayden və adminstrasiyasının demokratiya haqqında təsəvvürlərinin sərhədlərini müəyyənləşdirmək mümkündür.

Çox uzağa getmədən, qonşu Gürcüstanla yanaşı “Demokratiya sammiti”nə dəvət alan Nauru, Tuvalu və Vanuatu adlı cırtdan dövlətlərlə bağlı bir məqamı diqqətə çatdırmaq istəyirəm. Məsələ burasındadır ki, Nauru Abxaziya və Cənubi Osetiyanı hələ də müstəqil dövlət kimi tanıyır. Eyni qərar 2011-ci ildə Tuvalu və Vanuatu tərəfindən də qəbul edilmişdi. Amma 3 il sonra, 2014-cü ildə sözügedən dövlətlər qərarlarını geri çağırdılar. Buna baxmayaraq, hər iki dövlət 3 il ərzində Gürcüstanın ərazi bütövlüyünü de-yure tanımayıblar və separatçı rejimlərə rəsmi şəkildə dəstək veriblər ki, bu da onların beynəlxalq hüququn norma və prinsiplərinə, separatçı rejimlərin ərazisindən zorla çıxarılmış Gürcüstan vətəndaşlarının hüquq və azadlıqlarına olan münasibətini ortaya qoyur.

Eyni problem Ukrayna ilə bağlı da yaşanır. Qeyd edim ki, sözügedən sammitə Ukrayna ilə yanaşı, Krımı de-fakto Rusiya ərazisi kimi qəbul edən, BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı 27 mart 2014-cü il tarixli, 68/262 saylı qətnaməsinin əleyhinə səs verən Anqola, Ermənistan və Hindistan da var.

Diqqət çəkən məqamlardan biri də Ağ Evin xeyir-duası ilə hazırlanan “Demokratiya indeksi”ndə ən son sıralarda olan dövlətlərin “demokratiya sammiti”nə dəvət olunmalarıdır.

Məsələn, sammitin “təşkilatçı”larından biri olan Zimbabve ən son “Demokratiya indeksi”ndə 133-cü pillədə qərarlaşıb. Başqa bir dəvətli - Konqo Demokratik Respublikası “Demokratiya indeksi”ndə 137-cı pillədədir. Sammitə dəvət olunanlar arasında yer alan Qvineya 147, Niger 125, Anqola 112, Nigeriya 107-ci sırada yer alıblar. Amma Macarıstan “Demokratiya indeksi”ndə 58-ci, Türkiyə isə 103-cü sırada qərarlaşsalar da, “Demokratiya sammiti”nə dəvət almayıblar.

Daha öncə də qeyd etdiyim kimi, “Demokratiya indeksi” ABŞ-ın və digər Qərb dövlətlərinin dəstəyi ilə hazırlanıb və təqdim etdiyim göstəricilərin subyektiv, yaxud obyektivliyindən asılı olmayaraq, son hesabatdan götürülüb, Ağ Evin hesabatlarında da bir qayda olaraq, bu sənədə istinad olunur.

Hesab edirəm ki, bu kiçik yazıda beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına münasibətdə, həmçinin “Demokratiya indeksi”ndə ən son sıralarda yer alan ölkələrin “Demokratiya sammiti”nə dəvət almaları, bu tədbirin əsas məqsədinin nədən ibarət olduğunu göz önünə sərgiləyir. Məqsəd hegemon mövqeyini itirən qütbün dünyanı yenidən parçalamaq cəhdi və ətrafında “süni peyklər” yaratmaqla “demokratiya” müstəvisindən “parçala və hökm sür” siyasətini davam etdirməkdir.

Yəni “Demokratiya sammiti” dünyada demokratiyanı təbliğ etmək məqsədi daşımır, sadəcə Birləşmiş Ştatların və onun hazırkı administrasiyasının cari maraqları üçün taktiki alət rolunu oynayır.

Eyni zamanda, ötən “Demokratiya sammiti”ndə iştirak edənlərin və yeni sammitə dəvət alanların açıqlanan siyahısı onu deməyə əsas verir ki, Ağ Ev üçün “demokratiya” Birləşmiş Ştatların maraqları, “sammit” isə bu maraqlara “ləbbeyk” deyib xidmət edənlərin toplantısı deməkdir. Sadə el dilində desəm, “Demokratiya sammiti”, yəni “Demokratların zirvə toplantısı”, əslində dünyanı yenidən öz maraqlarına uyğun “sünnət” etmək niyyətinə düşən Ağ Evin “Kirvə toplantısı”dır.

Elçin Mirzəbəyli