Deputat: Laçın doğma sakinlərini qəbul etməyə hazırlaşır Siyasət

Deputat: Laçın doğma sakinlərini qəbul etməyə hazırlaşır

“Laçın rayonumuz 28 il işğal altında qaldı. Bu gün azad olunmuş Laçın Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi milli qürurumuzun təntənəsi və xalqımızın əzmkarlıq və qətiyyətinin göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbulu edərkən bir sıra mühüm məsələlərə toxunub: “Dövlət başçısı əldə etdiyimiz tarixi Zəfərimizdən, Laçının necə azad edilməsindən danışdı. Bu sırada tarixə qısa ekskursiya edərək Laçının və digər ərazilərimizin nə üçün işğala məruz qalması məsələlərinə də toxundu. Bu, olduqca vacib bir istiqamətdir. Çünki biz yalnız tarixi yaddaşımızı canlı tutmaqla milli yaddaşımızı qoruya bilərik. Tariximizdə olan faktları təftiş etməklə, ondan düzgün nəticə çıxarmaqla gələcəyimizi düzgün əsaslarda qura bilərik. Ona görə də Prezident İlham Əliyev Laçın rayonunun işğalında ö dövrdə Azərbaycanda baş verən ictimai-siyasi proseslərə toxunaraq AXC-Müsavat cütlüyünün hakimiyyət davasına və bu kontekstdə torpaqlarımızın işğal edilməsinə xüsusi diqqət çəkdi. Həmin dövrün reallığı ondan ibarət idi ki, torpaqlarımızı düşmən işğalından qorumalı olan qəhrəman ordumuz döyüş bölgəsindən çıxarılaraq daxili siyasətdə hakimiyyət davasına cəlb edilmişdi. Tanklarımız və digər hərbi texnikalarımız düşmənə atəş açmaq yerinə hakimiyyət davasındakı siyasi rəqiblərə atəş açırdı. Şübhəsiz ki, bunun məntiqi nəticəsi də ərazimizin 20 faizinin işğalı məruz qalması oldu”.

Deputat qeyd edib ki, nəhayət, 2020-ci ilə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında digər bütün işğal olunmuş rayonlarımız kimi Laçın da işğaldan azad edildi: “Laçın həm döyüş meydanında, həm siyasi yollarla işğaldan azad edildi. Təkcə bu fakt özlüyündə müharibə tarixinə düşəcək qədər əhəmiyyətli faktdır. Çünki heç bir hərbi-siyasi iradə müharibənin taleyini həll edəcək geostrateji əhəmiyyətə malik olan belə ərazini döyüşsüz tərk etməz. Ancaq Azərbaycan Ermənistanı buna məcbur etməyi bacardı. İndi isə Laçın yenidən öz 30 il onun həsrəti ilə yaşamış öz doğma sakinlərini qəbul etməyə hazırlaşır. Bu milli qürur və ümummilli sevinc hadisəsidir. Laçında hava limanı tikilir, yollar çəkilir, məktəblər, uşaq bağçaları inşa edilir. Bir sözlə, Laçın əvvəlki şöhrətinə qovuşur. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən və milli maraqlarımıza əsaslanan strateji siyasət siyasətinin sayəsində mümkün olub”.