“Azərbaycanın səbri tükənə bilər” Siyasət

“Azərbaycanın səbri tükənə bilər”

Amerikanın "Jewish World" qəzetində Şimon Brimanın "Ermənistan-Azərbaycan cəbhəsi: İsraildən baxış" sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə bildirilir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut 45 əcnəbi jurnalistlə birgə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd Ağdam şəhərinin Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisindəki cəbhəyanı bölgədə olub.
Arye Qut yazır: "Burada vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən dəhşətlisi qeyri-müəyyənlikdir ki, o da burada xüsusilə hiss olunur. Çünki burada nə müharibə, nə də sülh var. Real şəkildə başa düşürsən ki, bu yerlər üçün "atəşkəs rejimi" və "sülh" anlayışları çox kövrək və zəifdir".
Politoloqun sözlərinə görə, Ermənistan Respublikası təmas xəttindəki döyüşlərdə müvəffəqiyyətsizliyə uğradıqdan sonra sərhəd zonasında Azərbaycan kəndlərinin dinc əhalisini atəşə tutmağa başladı ki, bu da özlüyündə hərbi cinayətdir. Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağılıb. Azərbaycan dövləti bu evlərin bərpası və tamamilə dağıdılmış evlərin yerində yenilərinin tikintisi üçün vəsait ayırır.
İsrail eksperti vurğulayıb: "Ağdam və Ağcabədi rayonlarında olanda evini və əmlakını itirmiş insanların faciəsini öz gözümlə gördüm. Lakin insanlar ümidlərini itirməyiblər və indi də ümidlə yaşayırlar. Demək olar ki, hamı silaha sarılıb Vətənini, evini və ailəsini müdafiə etməyə hazır olduğunu bildirir. Qonşular tərəfindən bütün təhdidlərə baxmayaraq, onlar burada yaşayır, ev-eşik qurur və bacardıqları şəkildə erməni silahlı birləşmələrindən müdafiə olunurlar. Amma ümid edirlər ki, bu torpaqda əmin-amanlıq bərqərar olacaq. Bir israilli kimi, raket və artilleriya mərmilərinin nə demək olduğunu çox yaxşı başa düşürəm. Mən Ağdam, Tərtər və Ağcabədinin azərbaycanlı sakinlərinin ağrı-acısını və faciəsini bölüşürəm".
Arye Qut yazıb: "Məni təkcə dinc əhaliyə qarşı cinayət faktları deyil, həm də azərbaycanlıların atəş altında iztirab çəkməsinə göz yuman "dünya birliyinin" ikiüzlü susması heyrətləndirir".
Məqalədə vurğulanıb: "Nə üçün söhbət Donbas və Krımdan gedəndə, ABŞ Dövlət Departamenti müstəqil Ukraynanın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət göstərilməsini tələb edir, amma Azərbaycanın Ağdam, Tərtər şəhərlərinin, kəndlərinin raket və artilleriya atəşinə tutulmasından söhbət gedəndə, dünya birliyi baş verənlərə biganə münasibət göstərir və susur", - deyə Arye Qut vurğulayıb.
İsrail ekspertinin fikrincə, Azərbaycan şəhərlərinin və kəndlərinin Ermənistan tərəfindən daim atəşə tutulması və bu təcavüzkar aktlara beynəlxalq ictimaiyyətin susması Azərbaycanın səbrinin tükənməsinə gətirib çıxara bilər.