Ağdərədən qaçan ermənilər qayıtmaq istəmir Siyasət

Ağdərədən qaçan ermənilər qayıtmaq istəmir

Azərbaycanın işğal altındakı ərazilərindəki separatçı rejim aprelin əvvəllərində gedən döyüşlər zamanı Ağdərə şəhərində dağılmış evləri bərpa etməyə başlayıb. Lakin Azərbaycanın işğal altındakı bu rayonundan qaçan ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəmir və hərbi əməliyyatların yenidən başlanmasından qorxur. Vyanada mayın 16-da Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşdə atəşkəsin möhkəmləndirilməsinə dair əldə edilmiş razılaşma da Ağdərədən qaçan erməniləri sakitləşdirməyib.
"Kavkazskiy Uzel" portalı Ağdərədən hazırladığı reportajında aprel döyüşləri zamanı Talış və Mataqis kəndlərindən, habelə Ağdərə şəhərindən qaçan ermənilərin sözlərinə yer verib. Reportajda deyilir ki, Ağdərə şəhərindən qaçanlar yavaş-yavaş evlərinə qayıtmağa başlayıb, ancaq uşaqlarını hələ gətirməyiblər.
6 uşaq anası Laura Şirinyan deyir ki, o, uşaqlarını Ağdərəyə qaytarmağa hələ qorxur. "Onlar hələ də qohumlarımın yanındadır, qayıtmağı çox istəyirlər, ancaq hələ bir az gözləmək lazımdır ki, hər şey sakitləşsin"-o deyir.
Erməni qadın deyir ki, hərbi əməliyyatlara görə qaçan və onun durumunda olan ailələrin sayı minlərlədr. "Nə olsun ki, atəşkəsdir? 22 il əvvəl də atəşkəs haqda razlaşma imzalanmışdı, ancaq hər gün atışma olurdu"-qadın bildirib.
"Məgər aprel müharibəsindən sonra normal ana və nənə öz nəvələrini inandıra bilər ki, çoxdan gözlənilən sülh əldə olunub?" - bunu isə Arpina Avetisyan deyir. O, bildirir ki, oğlu hərbi xidmətdədir, bütün ailə qaçqın durumundadır: "Bizim kimilərin sayı minlərlədir".
Ağdərədə yaşayan ermənilər deyirlər ki, indi şəhərin özünə qayıtmaq bəlkə də olar. Ancaq Talış və Mataqis kəndlərində yaşamaq təhlükəlidir. Çünki bu kəndlər indi Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır.
Nonna Mikaelyan adlı qadın isə deyir ki, o da ailəsi ilə birlikdə geri qayıtmaqdan qorxur: "Hərdən gəlib evə baxıram ki, nə vəziyyətdədir. Hakimiyyət kömək vəd edib, ancaq bu gün biz evsiz-eşiksiz vəziyyətdəyik ".
Xatırladaq ki, aprel müharibəsi zamanı erməni silahlı qüvvələri təmas xətti boyu yerləşən Azərbaycan kəndlərini artilleriya atəşinə tutub, nəticədə yüzlərlə ev dağılıb. Mülki insanlar həlak olub. Azərbaycan ordusu hərbi əməliyyatlar zamanı ermənilərin hərbi mövqelərini hədəf alıb, mülki obyektlərə mümkün qədər az zərbə vurmağa çalışıb.