“Yenə də çalışırlar ki, status-kvo saxlanılsın” Siyasət

“Yenə də çalışırlar ki, status-kvo saxlanılsın”

Arzu Nağıyev: "Danışıqlar prosesi pozulsun"

Elşən Mustafayev: "İstənilən zaman hərbi əməliyyatların başlaması mümkündür"

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə əldə edilmiş razılaşmalardan yalnız birinə-atəşkəs rejiminə qısmən əməl edilməsi müşahidə olunmaqdadır. Məsələ orasındadır ki, ermənilər tərəfindən atəşkəs rejiminə qismən də olsa əməl edilməsi heç də Ermənistan rəhbərliyinin siyasi iradəsi kimi qiymətləndirilə bilməz. Bütün hallarda bu məsələnin də arxasında hansısa məkirli niyyətin durduğu şübhəsizdir. Məsələn, mümkündür ki, Ermənistan mövcud status-kvonu uzatmaq üçün iyun görüşünə qədər atəşkəs rejiminə müəyyən mənada riayət etsin. Çünki belə vəziyyət həm Ermənistana qarşı beynəlxalq təzyiqi azalda bilər, həm də danışıqlardan yayınmaq üçün zəmin yarada bilər. Real mənzərə ondan ibarətdir ki, ötən müddət ərzində Ermənistan rəsmilərinin verdikləri ziddiyyətli açıqlamalar deməyə əsas verir ki, bu ölkə gözlənilən danışıqlardan yayınmaq üçün min bir oyuna girir. Atəşkəs rejiminə tam şəkildə əməml olunmaması da məhz bu siyasətin tərkib hissəsi anlamına gəlməlidir. Üstəlik Ermənistanın Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilərə yaxın məsafələrdə hərbi təlimlərin keçirməsi bir çox qaranlıq mətləblərə aydınlıq gətirmiş olur.
Digər bir məsələ ondan ibarətdir ki, prezidentlərin görüşünün baş tutmasına vasitəçilik etmiş həmsədr dövlətlər iyun görüşünün effektli olması üçün heç bir real addım atmaq fikrində deyillər. Seyrçi mövqeyində duran həmsədr ölkələr fəaliyyətə başladıqları iyirmi dörd il ərzində olduğu kimi yenə də proseslərin inkişafını münaqişə tərəflərinin öhdəsinə buraxıblar. Mövcud status-kvonun davam etməsində maraqlı olan həmsədr ölkələr məhz bu səbədən Ermənistana təzyiq etmək niyyətindən uzaq durublar. Tərəfləri ortaq məxrəcə gətirmək üçün hansısa təklif irəli sürmək fikrində də deyillər. Bu arada ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, həmsədrlərin regiona təcili səfər etməklə bağlı planları yoxdur. Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir: "Bizim məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır". Həmsədrin açıqlamasından aydın olur ki, Minsk qrupu ənənəsinə sadiq qalaraq yalnız danışıqlar üçün zəmin yaratmaqla məşğuldur. Qalan məsələlər münaqişə tərəflərin öhdəsinə buraxılır. Həmsədrlərin seyrçi mövqeyi isə Ermənistanın danışıqlar prosesindən yayınmasına real zəmin yaradır. Belə halda Azərbaycan torpaqlarını on illərlə işğal altında saxlayan işğalçı Ermənistanın iyul danışıqlarında hansısa ortaq məxrəcə gələcəyi inandırıcı görünmür.
Məsələ ilə bağlı Azərbaycanın konkret mövqeyi isə ortalıqdadır. Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas hissəsi status-kvonun dəyişilməsindən ibarətdir. Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bəyan edib ki, Vyana görüşündən sonra Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, görüş münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır: "Bu gün əsas məsələ iyun ayında münaqişənin həlli üçün hərtərəfli danışıqlara başlamaqdır. Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir".
Politoloq Arzu Nağıyev deyib ki, Azərbaycan Vyana görüşünə diqtə edən tərəf kimi getmişdi. Bu görüş ermənilərə ona görə sərf edirdi ki, artıq Ermənistanda sabitlik pozulub, iqtisadi vəziyyət daha da ağırlaşıb və onlar bu görüşdən müəyyən bir vaxt udmağa çalışırdılar. Lakin bütün gedişat göstərir ki, ermənilər bu vaxtdan heç də atəşkəsə əməl etmək üçün istifadə etmirlər. Politoloq qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ ərazisinə səfəri, orada qoşunların təmas xəttində və Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilərə yaxın məsafələrdə hərbi təlimlərin keçirilməsi, Serj Sarkisyan tərəfindən baş qərargah rəisi müavininin və digər hərbçilərin işdən azad edilməsi göstərir ki, onlar atəşkəsi pozmağa meyillidirlər: "Bu isə çox acınacaqlı fəsadlara gətirib çıxara bilər. Ermənilər beynəlxalq ictimaiyyətə söz vermişdi ki, iyun ayı ərəfəsində atəşkəs pozulmayacaq, ancaq verdikləri sözü tutmurlar. Yenə də çalışırlar ki, status-kvo saxlanılsın və danışıqlar prosesi pozulsun. Əgər proseslər belə getsə, düşünmürəm ki, iyun ayında danışıqlar uğurla baş tutsun". A.Nağıyev vurğulayıb ki, Türkiyədə keçirilən Dünya Humanitar Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi, Ermənistanın son vaxtlar verdiyi məsuliyyətsiz bəyanatları diqqətə çatdırdı və onları bir daha sülhə dəvət etdi: "Düşünürəm ki, ermənilər bundan da bir nəticə çıxarmasa, məhz beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almasa, bu, regionda ikinci müharibənin başlamasına zəmin yarada bilər".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev isə deyib ki, təmas xəttində nisbi sakitlik olsa da, gərginlik hələ də davam edir və istənilən zaman hərbi əməliyyatların başlaması mümkündür: "Bu da onunla əlaqədardır ki, hər iki tərəfin məsələnin sülh yolu ilə həll olunmasına inamları azdır. Belə ki, problemin beynəlxalq hüquqa söykənən ədalətli həlli Ermənistanı qane etmir. Onlar istənilən statusda Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə razılaşmırlar. Bunu açıq şəkildə deməsələr də, görünən odur ki, müxtəlif bəhanələrlə hər zaman problemin həllini dalana dirəyirlər. İndi elə bir dövrə çatmışıq ki , danışıqlar prosesinin uzun müddət nəticəsiz davam etməsi mümkün olmayacaq.
Ermənistan heç vaxt öz başına hərbi əməliyyatlara başlamaq qərarını vermək iqidarında olmayıb, bundan sonra da olmayacaq. Ona görə yox ki, bunu istəmir . Sadəcə "ağasının" razılığı olmadan addım atmaqdan qorxur. Bilir ki , bu günə kimi işğal elədiyi torpaqların bir qarışını belə öz gücünə almayıb. Hərbi təlimlərin keçirilməsi isə bir neçə məqsədə hesablanıb. Birincisi, bu təlimlər 4 günlük müharibə məğlubiyyətindən sonra Ermənistan hakimiyyətinin və ordusunun
sarsılmış nüfuzunu bərpa etməyə hesablanmış cəhddir. İkincisi isə sülh danışıqları gedişatında belə təlimlərin aparılması ilə düşünürlər ki, Azərbaycana qarşı əzələ nümayiş elətdirirlər. Əslində isə bu təlimlər gölməçədə fırtına yaratmaq cəhdlərindən artıq bir şey deyil.
Mən may görüşünün nəticələrindən sonra prezidentlərin iyun görüşündən ciddi bir nəticə gözləmirəm. Məlum oldu ki, Ermənistan əvvəlki şərtlərinin heç birindən geri çəkilməyib və çəkilmək fikri də yoxdur. Belə olan halda hansı irəliləyişdən danışa bilərik".
Onun sözlərinə görə, aprel ayında Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanı, həm də Rusiyanı çox qorxutmuşdu: "Hər ikisi bilirdi ki, Azərbaycan qısa müddətdə işğal altında olan ərazilərini azad etmək iqtidarındadır. Ona görə də Rusiya təcili araya girərək Azərbaycanı atəşkəsə razı saldı. Sözsüz bu arada Rusiya Azərbaycana problemin həlli üçün vədlər də verib. Amma mən hesab edirəm ki, bütün bunlar yalnız bir məqsədə xidmət edirdi. Uğurlu hərbi əməliyyatlar dayandırılsın , erməni ordusu , erməni xalqı xaotik panikadan çıxsın. Bu arada müxtəlif mənbələrdə 5 rayan və ya 7 rayonun qaytarlacağı kimi fikirlər getməyə başladı. Amma məlum oldu ki, bunlar boş bəyanatlar idi. Moskvanın İrəvanı razı sala bilməməsi isə ümumiyyətlə ciddi fikir deyil. Əgər Moskva olmasaydı, aprel ayında Dağlıq Qarabağ adında konflikt artıq olmayacaqdı. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəcəkdi. Bunu Ermənistan çox gözəl bilir. Moskvanın Ermənistana ya torpaqları qaytar, ya da gedin özünüz məsələnizi həll edin, mən bu işdə yoxam deməsi kifayət edərdi ki, Ermənistan qorxusundan Rusiyanın bütün təkliflərini qəbul etsin. Odur ki, problemin bu gün həll olunması deməli Rusiyanı qane etmir . Yəni ona bu konfliktin hələ bir müddət davam etməsi lazımdır".