BDU-da Respublika gününə həsr olunmuş tədbir keçirilib Siyasət

BDU-da Respublika gününə həsr olunmuş tədbir keçirilib

Dünən Bakı Dövlət Universitetində 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) Başkan yardımçısı Ali Maskan, KİVDF-nin sədri Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan jurnalistika fakültəsinin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və TİKA-nın dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Rektor qeyd edib ki, studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər.
Professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik Jurnalistika fakültəsinin studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrini yaradılan imkanlardan istifadə etməyə çağırıb.
Sonra tədbir universitetin əsas binasında davam etdirilib. Akademik Abel Məhərrəmov 28 May - Respublika günü münasibəti ilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin onun yadigarlarından biri olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma, dağılma təhlükəsindən qurtardı. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tarixi mütəxəssislər tərəfindən çoxdan öyrənilir.
1918-ci ilin mayın 28-də Xalq Cumhuriyyətinin yaradıldığını xatırladan Ə.Həsənov qeyd edib ki, Xalq Cumhuriyyətinin qurucuları səhv edərək o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə gediblər: "Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar da. Amma niyə bu, Azərbaycan ərazisində - İrəvan xanlığında oldu? Bu məsələ Azərbaycan hakimiyyəti və müasir dövrümüzün araşdırıcıları tərəfindən Xalq Cumhuriyyətinin fəaliyyətində mənfi hal kimi təqdim olunur".
Əli Həsənov deyib ki, o zaman Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində bizə vermədiyi dəstək Bakının azad olunmasında ortaya qoyuldu və Osmanlı imperiyası İrəvanın itirilməsindəki günahlarını Bakının azad edilməsində kompensasiya etdi.
Əli Həsənov əlavə edib ki, o zaman Azərbaycan Xalq Cumhuriyyətinin diplomatik fəaliyyəti bizim indi düşündüyümüz vəziyyətdə deyildi: "O zaman səfirliklərimiz yox idi, Xarici İşlər Nazirliyi tanınmırdı, xaricdə faktiki olaraq, bizi dövlət kimi qəbul etmirdilər".
Xalq Cumhuriyyətinin uğurlarından da danışan Əli Həsənov qeyd edib ki, Osmanlı Ordusunun iştirakı ilə Bakı şəhəri işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi: "Xalq Cumhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cumhuriyyəti qurucularının həm bu günki, həm gələcək tarix, həm də Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi. 23 ay fəaliyyət göstərən Xalq Cumhuriyyətinin digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demoktratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, onların qurduğu bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları - bütün sahələr üzrə Xalq Cumhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq".
Əli Həsənov deyib ki, Xalq Cumhuriyyətinin o dövrdəki iflası qaçılmaz idi: "İndi bəziləri günahlandırır ki, Türkiyə bizə sahib olmadı. Bəziləri deyir ki, Türkiyə Rusiya ilə sazişə gedərək Xalq Cumhuriyyətini qurban verdi. Sözün həqiqi mənasinda Türkiyə o zaman da, indi də Azərbaycanın əsas müttəfiqi olub. Amma o dövrdə çıxarılan qərarlar indi mübahisə doğurur. Xalq Cumhuriyyəti o dövrdə əsasən, bolşevik Rusiyasının diqqət mərkəzində idi".
Müasir dövrün də bəzi tarixi məsələlərinə diqqət çəkən Əli Həsənov deyib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi: "Bəzi etnik azlıqlar - talışlar, kürdlər Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdi. Bu insanlar Azərbaycanda hansı statusla yaşamalı idilər? Ancaq ümummilli lider Heydər Əliyevin çağırışı ilə Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platforması elan edildi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi".
Əli Həsənov deyib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə qayğı göstərir. Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır.
Çıxışlardan sonra "M.Teatr Production"un ifasında Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış "Məsəl, ya..." tamaşası nümayiş etdirilib.