Atəşkəsin “Soçi mərhələsi”... Siyasət

Atəşkəsin “Soçi mərhələsi”...

Moskva "Soçi atəşkəsi"nə zəmanət almaqla, Olimpiada günlərində Cənubi Qafqaz sarıdan tam arxayın olmaq istəyib
Əldə olunan razılaşma başa çatandan sonra hərbi əməliyyatlar yenidən başlaya bilərmi?

Cavid

Gözlənilən Soçi olimpiadasının artıq açılışı olub. Olimpiada öncəsi Rusiyanın bir neçə bölgəsində terror aktlarının törədilməsi Putin hakimiyyətini qorxuya saldığından bu yarışın təhlükəsizliyi ciddi qorunur. Olimpiada zamanı nələrən baş verə biləcəyini indidən demək çətindir. Xatırladaq ki, yarış öncəsi Doku Umarov olimpiada zamanı Rusiyada teraktların törədiləcəyinə bəyanlayıb.
Daha maraqlı məqam isə Soçi olimpiadası ərəfəsində Dağlıq Qarabağda atəşkəsin dayandırılması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentləri arasında razılığın əldə olunmasıdır. Bu barədə həmsədrlər bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, prezidentlər arasında əldə olunan razılığa əsasən Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacaq.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni ordusunun bölmələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
Maraqlıdır, niyə məhz Olimpiada günlərində atəşkəs rejiminə əməl edilməsi məsələsi ortaya atılıb? Həmsədrlərin belə bir təşəbbüsü rəsmi Kremldən gəlməyib ki? Axı atəşkəs məhz Rusiyanın razılığı ilə pozulur, razılığı ilə kəsilir. Görünür, Putin hakimiyyəti Soçi Olimpiadasını sakitliklə başa vurmaq və beynəlxalq aləmdə biabır olmaq istəmir. Ona görə də, Ermənistana atəşkəsin müvəqqəti dayandırılması tapşırığını verib.
Elə çıxmırmı ki, Oliipiada dövrü üçün əldə olunan atəşkəs razılaşması fevralın 23-də tədbir başa çatdıqdan sonra öz qüvvəsini itirəcək?
Xatırladaq ki, ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı 2014-cü ildə qlobal sabitliyi təhdid edəcək münaqişələrin siyahısını hazırlayıb.
Siyahıya artıq hərbi münaqişələrin davam etdiyi ölkələrlə yanaşı vəziyyətin gərginləşməyə doğru getdiyi münaqişə ocaqlarına malik ölkələr də daxil edilib. Jurnal belə regionlardan birinin də Qafqaz olduğunu yazıb. Məqalədə bildirilir ki, Soçi Qış Olimpiya Oyunlarından sonra bu regionda irimiqyaslı hərbi münaqişə başlaya bilər.
Jurnal qeyd edir ki, bu regionda irimiqyaslı hərbi münaqişənin başlaması daha çox Soçi olimpiadasının təhlükəsizliyinin təmin edilməsindən asılı olacaq. Rusiyanın Volqoqrad şəhərindəki son terror aktlarından sonra gözlənilir ki, olimpiada başa çatandan sonra Şimali Qafqazda silahlı qruplara qarşı irimiqyaslı hərbi əməliyyat başlayacaq.
"Foreign Policy" qeyd edir ki, Rusiya hakimiyyəti idman yarışlarının başa çatmasından sonra silahlı qruplara qarşı sərt güc tətbiqi siyasətinə qayıdacaq, nəticədə Rusiyanın cənubu üçün 2014-cü il qanlı keçəcək.
Təbii ki, Rusiyanın bölgədə həyata keçirəcəyi hərbi əməliyyatlar işğalçı Ermənistana da Azərbaycan sərhədlərində növbəti təxribatlar törətməsinə təkan verəcək.
Bəzi ekspertlər hələ ötən illərdə 2014-cü ildə Dağlıq Qarabağda müharibə başlaya biləcəyini və bunu daha çox Rusiyada keçiriləcək Soçi Qış Olimpiadası ilə əlaqələndirdiklərini deyirdilər. Yəni, Rusiyanın başı təhlükəsizlik məsələsinə qarışacağından Azərbaycanın mövcud vəziyyətdən istifadə edə biləcəyi proqnozlaşdırılırdı. Həqiqətən də bu gün Soçi Qış Olimpiadası ətrafında ciddi təhlükəsizlik problemləri var. Hətta bəzi ölkələr tədbirdə iştirakdan belə imtina edib, ABŞ Dövlət Departamenti səviyyəsində məsələyə reaksiya verilib. Amma təmas xəttində yanvarın ilk günlərindən bəri davam edən gərginlik erməni hərbi birləşmələrinin təxribatları nəticəsində yaranıb. ATƏT nümayəndələri etiraf etməsə də, onların iştirakı ilə keçirilən monitorinq zamanı atəşkəsin məhz ermənilərin pozması bir faktdır. Yəni, vəziyyətin gərginləşməsində daha çox Ermənistanın maraq göstərdiyi və səbəbkar olduğu bir reallıqdır.
Politoloq Hatəm Cabbarlının fikrincə, Dağlıq Qarabağda baş verənləri daha çox Ermənistan hakimiyyətinin daxili siyasətə yönəlik addımlarla əlaqəli olduğunu bildirib.
H.Cabbarlı bildirib ki, Ermənistan hakimiyyəti bununla öz xalqına müharibənin hər an başlaya biləcəyi mesajını verir: "Son günlər cəbhə xəttində Ermənistanın atəşkəsi pozması onsuz da kövrək olan atəşkəs rejiminin daha ciddi nəticələr verə biləcəyinə gətirib çıxara bilər. Atəşkəsin bu cür ciddi şəkildə pozulması ilk deyil. Son 20 ildə bir neçə dəfə belə situasiya yaranıb. Atəşkəsin ciddi şəkildə pozulduğu mərhələlərə diqqət etsək, bunun hər zaman Ermənistanın daxili siyasətində problemlər yaşandığı zaman baş verdiyi aydın olar. Ermənistan iqtidarı bununla daxili ictimai rəyə müharibənin hər zaman başlayacağı mesajını verməyə və erməni xalqını qorxu altında idarə etməyə çalışır. 2013-cü ilin sonlarında Ermənistanın Gömrük Birliyinə üzv olması, enerji sahəsində Rusiyadan asılılığının artması "ArmRosqazpor" şirkətinin səhmlərinin hamısının Rusiyaya satılması ölkədə ciddi narazılığa səbəb olmuşdu".
H.Cabbarlı deyib ki, müharibə ehtimalı hazırki vəziyyətdə real görünmür. Onun sözlərinə görə, hazırda daha çox psixoloji savaş gedir: "Azərbaycanın atəşkəs rejiminin pozulmasına ciddi münasibət bildirməsi, erməni diversiya qruplarının cəbhə xəttindən içəri sızmalarının qarşısının alınması onu göstərir ki, təmas xətti boyu vəziyyətə nəzarət yetərincədir. Cəbhə xəttində gərginlik bir müddət davam edə bilər. Ancaq genişmiqyaslı hərbi əməliyyatların başlaması ehtimalı zəifdir. Tərəflər daha çox psixoloji savaş və əsəb gərginliyi taktikası üzərində oynayır".
Onu da bildirək ki, atəşkəsin intensiv pozulmasına Cənubi Qafqazda marağı ola iki qütbün - Qərb və Rusiyanın fərqli reaksiyaları müşahidə olunur. Qərb durumdan xeyli narahatdır, ABŞ və Avropa Birliyi ölkələrinin Azərbaycandakı az qala bütün səfirləri, o cümlədən Avropa Birliyinin nümayəndəsi cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsindən narahatlıqlarını bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi isə atəşkəsin pozulmasından yalnız 10 gün sonra açıqlama yaydı. Açıqlamada Rusiya münaqişə tərəflərini atəşkəs rejiminin möhkəmlənməsinə dair 1995-ci il razılaşmasında nəzərdə tutulmuş mexanizmləri də tətbiq etməklə əlavə tədbirlər görməyə çağırıb.
Cəbhə xəttində yaranmış gərginliyin arxasında rəsmi Moskvanın maraqları açıq-aydın görünsə də, Kreml Olimpiada ərəfəsində Qafqazda sabitlikdə maraqlıdır.
Moskva son zamanlar Bakının Avropa Birliyi və NATO ilə yaxınlaşmaq istəyindən narahat ola bilərdi. Rəsmi Bakının NATO ilə əməkdaşlığa dair verdiyi açıqlamalar, o cümlədən Avropa Birliyi ilə strateji enerji layihələrini genişləndirməyə çalışmasını vurğulaması fonunda Azərbaycanın Gömrük İttifaqına üzv olmayacağını bəyan etməsi Kremldə narazılıqla qarşılanıb.
Hələ bir il öncə Rusiyalı tanınmış politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev isə Dağlıq Qarabağda müharibəni real hesab etmişdi. O hətta dəqiq tarix də söyləmişdi - 2014-cü ilin fevralı, Soçi olimpiadası ərəfəsi.
Ekspert ehtimalını belə əsaslandırırdı ki, Azərbaycan cəmiyyəti və siyasi elitasında problemin həllinin uzanmasından yana narahatlıqlar var: "Bu narahatlığı dolyası ilə prezident İlham Əliyev Putinin Bakı səfərinin yekunlarına həsr olunan mətbuat konfransında BMT-nin Dağlıq Qarabağ ərazisindən işğalçı qüvvələrin çıxarılması barədə dörd qətnaməsini yada salmaqla ifadə edib. İkincisi, dünya iqtisadiyyatı tədricən durğunluğa doğru gedir və bu, ciddi şəkildə artıq Rusiya da daxil olmaqla, bütün postsovet dövlətlərinin iqtisadiyyatında özünü göstərməkdədir. Staqnasiyadan yayınmağın bir üsulu da əfsus ki, müharibədir. Təsadüfi deyil ki, Rusiyada artıq gələcək mümkün müharibəyə fəal hazırlıqlar gedir: Ali Baş Komandanın İdarəçiliyi yaradılır, Dövlət Dumasında hərbi dövrdə vergi tutulması barədə qanun layihəsi müzakirəyə çıxarılıb, müharibə variantında dövlət və özəl strukturlar tərəfindən silahlı qüvvələrin yanacaqla təminat sistemi formalaşdırılır və s".
Ekspert müharibəni qışda zəruri edən üçüncü amil kimi Azərbaycan ordusunun erməni ordusu ilə müqayisədə özünü daha inamlı hiss eləməsi ilə əlaqələndirir: "Və nəhayət, Rusiyanın əsas güc və vasitələrinin Soçi Olimpiadası iştirakçılarının təhlükəsizliyini təmin eləməyə yönəlməsi Moskvanın Ermənistan - Azərbaycan hərbi konfliktinə operativ müdaxiləsini əngəlləyə bilər".
Hərbi və siyasi ekspert Azərbaycanla Ermənistanın hərbi potensialını da müqayisə edib. Onun fikrincə, tanklar, zirehli maşınlar və döyüş təyyarələrində Azərbaycanın üstünlüyü var: "Azərbaycan ordusu döyüş idarəçiliyi və rabitə baxımından daha üstün sistemlərlə təchiz edilib. Həmçinin silahlar və hərbi texnika sahəsində Azərbaycan ordusunun üstünlüyü mövcuddur".
Lakin politoloq sadalanan şərtlərin mütləq müharibəyə gətirəcəyi qənaətində deyil: "Söhbət sadəcə, ehtimaldan gedir. Bu cür neqativ ssenarinin qarşını almaq, hər şeyi ölçüb biçmək üçün hələ siyasətçilərin vaxtı var".
Görünür, Moskva "Soçi atəşkəsi"nə zəmanət almaqla, Olimpiada günlərində Cənubi Qafqaz sarıdan tam arxayın olmaq istəyib.
Hə olar-olmaz, Şimali Qafqazda hər şey baş verə bilər...