
Polad Bülbüloğlu: "Rusiya qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır"
"Dağlıq Qarabağ münaqişəsinin ilkin səbəbi həllini tapmasa, Azərbaycana qarşı təcavüz dayandırılmasa və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmasa, heç kəs heç nəyə təminat verə bilməz".
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Səfirin sözlərinə görə, Azərbaycan xalqı, Azərbaycan prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək: "Bunu hər kəs anlamalıdır - həm Ermənistan, həm dünya ictimaiyyəti, həm həmsədrlər... Azərbaycan prezidenti, XİN də bunu dəfələrlə bəyan edib. Amma bizi nə eşidirlər, nə də eşitmək istəyirlər. Aprel hadisələri göstərdi ki, "status-kvo" qəbuledilməzdir".
Vyana görüşünə toxunan diplomat həmin görüşdə prezidentlərin iyun ayında yenidən danışıqlar aparmaq barədə razılığa gəldiyini xatırladıb: "Görüşün yeri ilə bağlı müxtəlif təkliflər oldu. Ötən gün Rusiya XİN-in saytında Sankt-Peterburqda üçtərəfli görüşün olacağı barədə xəbər yerləşdirildi, lakin nəyə görəsə sonradan çıxarıldı. Mən görüşün harada, nə vaxt keçiriləcəyi barədə danışmağa səlahiyyətli deyiləm. Lakin düşünürəm ki, görüş iyunda baş tutacaq. Bu görüş bizim üçün çox vacibdir. Görüşdə Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcək addımların vektorları müəyyənləşdiriləcək".
Bir neçə il əvvəl azərbaycanlı ziyalıların Qarabağa səfər etdiklərini qeyd edən Polad Bülbüloğlu sonradan bu formatın ermənilər tərəfindən pozulduğunu qeyd edib: "Açıq bildirdilər ki, bu format onları qane etmir".
Səfir son vaxtlar Ermənistan tərəfdən ünvanına səslənən tənqidlərə də cavab verib: "Bilirəm ki, mənim çıxışlarım erməni tərəfini qane etmir. Amma onların tənqidləri məni daha da ruhlandırır. Qaranı ağ göstərməyə çalışırlar. Amma beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurasının qətnamələri mövcuddur. Bunlarda göstərilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, o əraziləri qeyd-şərtsiz azad etməlidir. Azərbaycan həm ölkə, həm də beynəlxalq hüququn subyekti kimi haqlıdır. Erməni diplomatlar nə deyir desin, ədalət bərpa olunacaq, ərazimiz azad ediləcək".
Polad Bülbüloğlu deyib ki, Rusiya şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bir çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.
O bildirib ki, Rusiya regionun ən böyük, ən güclü ölkəsidir və 200 ildən çoxdur belə davam edir: "Təbii olaraq, Rusiyanın bu regiondakı istənilən məsələdə - istər iqtisadi, istər siyasi və müəyyən mənada ictimai məsələlərdə - rolu çox böyükdür. Bilirsiniz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onun mövqeyindən çox şey asılıdır. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr Rusiyanın razılığı olmadan qəbul edilə bilməzdi. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir. Ermənistan tamhüquqlu üzv kimi Avrasiya İttifaqına daxil olub. Təbii ki, Rusiya Ermənistanın maraqlarını da nəzərə almaya bilməz. Mən düşünmürəm ki, Ermənistanın və erməni xalqının maraqları başqalarının torpaqlarının işğalı ilə bağlıdır".