“Ermənilər xristian kilsələrini məhv edirlər” Siyasət

“Ermənilər xristian kilsələrini məhv edirlər”

"Ermənilər eyni dindən olan xalqın tarixi abidəsini qoruyub saxlamaq əvəzinə, onu saxtalaşdırır, özünküləşdirir və məhv edir. Bu gün ermənilər qədim Alban tarixi abidələrinə qarşı vandalizm siyasəti aparır. Ona görə də Roma papası Fransiskin sabah Ermənistana səfər etməsi bu ölkə rəhbərliyinin səmimi münasibəti sayıla bilməz".
Bu fikirləri Milli Məclisin deputatı Musa Urud deyib.
Deputat söyləyib ki, ermənilərin qeyri-səmimi və saxtakar olmasını Roma papası və bütün xristian dünyası anlamalıdır: "Ermənilər bütün məsələlərdə qeyri-səmimi və saxtakar olduğu kimi, dinlərində də belədirlər. Yəni, tarixdən də yaxşı bəllidir ki, ermənilər ərəblərə və ruslara şikayət edərək, Alban kilsələrini bağladıblar, Albaniya tarixini bu cür məhv ediblər. Bu gün də ermənilər qədim Albaniya tarixi izlərini məhv etməyə çalışırlar. Bu mənada erməni saxtakarlığını bizim qədər bilən olmaz. Gərək biz də bunu dünyaya birliyini lazımı səviyyədə çatdıraq. Roma papasının Ermənistana səfərini hər hansı xristian həmrəyliyi kimi başa düşmürəm. Çünki Roma papası katoliklərin dini rəhbəridir. Ermənilər isə nə pravoslav, nə də katolik deyillər. Onların tarixləri kimi, dinləri də qondarmadır. Hesab edirəm ki, Roma papasının Ermənistandan sonra Gürcüstana və Azərbaycana da səfəri bu ölkələrdəki Allah evlərinə olan münasibəti şəxsən görməyə imkan yaradacaq".
Musa Urud qeyd edib ki, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması üçün Roma papasına müraciət etmək olar: "Roma papasına regiona səfər edən zaman gəlib buradakı qədim Alban abidələrinin vəziyyəti ilə yaxından tanış ola bilər. O zaman bəlli olar ki, hansı millət dinə daha çox hörmət bəsləyir. Bu gün ermənilər qədim Albaniya dövlətinin varlığını inkar edirlər. Onlar iddia edirlər ki, guya qədim Albaniya ərazilərində vaxtilə "Böyük Ermənistan" olub, tarixdə Albaniya adlı dövlət olmayıb və sairə. Ermənilər qədim Albaniya tarixini silməyə çalışır. Dünyada ermənilər qədər Albaniya tarixinə bu qədər kobud və məsuliyyətsizcəsinə yanaşan toplum olmayıb. Ümumiyyətlə, ermənilərin XX əsrin ortalarından başlayaraq indiki "Ermənistan" adlanan dövlətin ərazisindəki bütün qədim Alban kilsələrini və məzarlarını, alban tarixini erməniləşdiriblər".
Deputat vurğulayıb ki, ermənilər qədim Alban tarixi abidələrini və nümunələrinin bəzilərini restavrasiya adı ilə tarixdən silib məhv ediblər: "Yeddinci, səkkizinci əsrlərə aid Albaniya dövründən qalmış qədim kilsələr dövrümüzə qədər gəlib çatsa da, ancaq ermənilər bütün bunların hamısına "Erməni Qriqorian Kilsəsi" adını veriblər. Bundan başqa, qədim Alban qəbir daşlarını da "ermənilərin abidələri" ediblər. Həmin abidələrin üzərində qədim Albaniyaya aid naxışlar və yazılar var idi. Həmin yazıları və naxışları da siliblər. Mən 2006-cı ildə İrəvana səfər edəndə, məqsədli şəkildə Matenadarana da getdim. Vaxtı ilə Urud qəbiristanlığında orta əsr Alban qəbirləri mövcud olub. Ermənilər həmin qəbiristanlıqdan 2 abidəni çıxarıb Matenadarana aparıblar və hazırda da orada saxlayırlar. Həmin abidələrdən biri türklərə məxsus olan qoç abidəsi, digəri isə albanlara məxsus olan və üzərində qədim Alban əlifbası ilə yazılmış daş idi. Mən Matenadarana bu abidələri axtarmaq üçün məqsədli şəkildə getmişdim. Qoç abidəsi orada ümumiyyətlə yox idi. Çünki bu abidə birbaşa Qaraqoyunlular və Ağqoyunlular dövlətləri ilə bağlı olub. Ancaq Matenadaranda daş abidəni tapdım. Lakin üzərindəki Alban yazıları tamamilə silinib yox edilmişdi. Mən onun fotolarını da çəkib Azərbaycana gətirdim. Sonradan deputatlarımız həmin fotoları Avropa Şurasının iclaslarına da apardılar. Yəni, demək istəyirəm ki, ermənilər qədim Albaniya dövləti ilə bağlı heç bir iz saxlamayıb. Bütün bunlara görə ermənilərin xristian olması məndə şübhələr yaradır".