Türkiyə Rusiya ilə əməkdaşlıq etməyə məhkumdur Siyasət

Türkiyə Rusiya ilə əməkdaşlıq etməyə məhkumdur

Elçin Mirzəbəyli: "Avrasiyada yaranmış geosiyasi reallıqlar bölgədə bəlkə də yüzillər boyu söz sahibi ola biləcək yeni güc mərkəzinin, daha dəqiq desək güclər ittifaqının yaranmasını zəruri edir"

Tofiq Abbasov: "Ərdoğanın Putinə göndərdiyi üzrxahlıq məktubunun mətni hər şeyi açıqlayır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib. Kremlin mətbuat katibi Dmitri Peksov bildirib ki, Ərdoğan məktubunda "üzr istəyirəm" ifadəsindən istifadə edib.
Sözügedən məsələ ilə açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, Türkiyənin Rusiyadan üzr istəməsi münasibətləri yumşaldacaq:
"Türkiyənin Rusiyayla bağlı üzrxahlıq addımını yüksək dəyərləndirirəm. Bir atalar məsəlində deyilir ki, ip çox dartılanda qırılır. Qloballaşan dünyada ipin qırılması siyasi - iqtisadi baxımından nə Türkiyənin, nə də ki, Rusiyanın maraqlarına uyğun deyil. Sadəcə, özlərindən də asıllı olmayaraq düşünülmədən baş vermiş bir hadisənin nəticəsində Türkiyə- Rusiya münasibətləri gərginləşmişdir. Türkiyə və Rusiya siyasi-iqtisadi cəhətdən bir- birinə çox inteqrasiya olunmuş ölkələrdir. Rusiya Türkiyənin bu addımını gözləyirdi və düşünürəm ki, burda maddi zərərlərin ödənilməsi böyük rol oynamır. Burda əsas məsələ siyasi jestlərin olunmasıdır və düşünürəm ki , bundan sonra iki ölkə arasındakı əlaqələr müsbət dinamikayla inkişafa doğru irəlliləyəcəkdir" .
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də Türkiyə Prezidentinin Rusiyadan üzr istəməsində heç bir problem olmadığını vurğulayıb: "Doğrudur, Rusiya prezidentinə ünvanlanan məktubda yalnız həlak olan pilotun ailəsindən üzr istənilir və başsağlığı verilir. Amma hətta Türkiyə adından Rusiyadan üzr istənilsəydi belə, yenə də buna görə Ərdoğanı qınamağa dəyməzdi. İndi sadəcə bir sual müzakirə mövzusu ola bilər: Bu addım daha öncə atıla bilərdimi? Münasibətlərin bu qədər kəskinləşdirilməsinə, az qala təhqir formasına keçən qarşılıqlı ittihamlara ehtiyac vardımı?
Qənaətimə görə, Türkiyə Prezidenti bu addımın atılması üçün əlverişli zaman gözləyirdi. Bu əlverişli zamanı da Ərdoğana İsrail verdi. İsrailin "Mavi Mərmərə" gəmisində baş verənlərə görə atdığı addımlar, Türkiyənin Rusiya ilə münasibətləri tənzimləməsi üçün president yaratdı və Ərdoğan da bu presidenti dəyərləndirməyi bacardı.
Türkiyə Rusiya ilə əməkdaşlıq etməyə məhkumdur və yaxud əksinə. Hər iki dövlətin və xalqın maraqları, eləcə də bütün türk dövlətlərinin və xalqlarının mənafeyi bunu tələb edir. Bu sadəcə geosiyasi məsələ deyil, özünüqoruma, var olma instinkidir. Avrasiyada yaranmış geosiyasi reallıqlar bölgədə bəlkə də yüzillər boyu söz sahibi ola biləcək yeni güc mərkəzinin, daha dəqiq desək güclər ittifaqının yaranmasını zəruri edir. Mövcud şəraitdən türk və slavyan xalqları maksimum istifadə etməli, əməkdaşlığı genişləndirməli və qarşılıqlı əlaqələri, təsir imkanlarını kinetik enerjiyə çevirməyi bacarmalıdırlar.
Bu baxımdan, həm Türkiyə prezidentinin addımını, həm də baş nazir Binəli Yıldırımın açıqlamalarını müsbət dəyərləndirirəm. Düşünürəm ki, Türkiyənin addımlarında Avropa İttifaqında baş verən proseslər də müəyyən rol oynayıb və Ankara indiki şəraitdə manevr imkanlarını və meydanlarını genişləndirmək istəyir. Münasibətlərin normallaşması Rusiyanın da ürəyincədir. Türkiyəyə qarşı ittihamların səngiməsi, ayrı-ayrı siyasətçilər və ekspetlər tərəfindən barışdırıcı mesajların səsləndirilməsi də bunu sübuta yetirir.
Siyasətdə hikkə və qəzəblə hərəkət etmək nəinki siyasətçiləri, bütövlükdə xalqları və dövlətləri fəlakətə sürükləyə bilər. Zənnimcə bunu Ankarada da, Moskvada da yaxşı başa düşürlər".
Politoloq Tofiq Abbasov isə açıqlamasında bildirib ki, Türkiyə rəhbərliyi "zərərin yarısından qayıtmaq da xeyirdir" prinsipini rəhbər tutaraq bu addımı atıb: "Nəzərə alsaq ki, hazırda rəsmi Ankara Avropa ilə münasibətlərində gərgin dövrünü yaşayır və Ərdoğan Aİ-yə daxil olmaqla (ya olmamaqla) bağlı hətta referendum keçirmək fikrinə düşüb, Moskvaya doğru atdığı addımlar anlaşılan görünür. Türkiyə güc və qüdrətə malik olsa da, onun geosiyasi potensialı bir neçə siyasi cəbhədə vuruşmağa imkan vermir. Rusiya Türkiyə üçün əhəmiyyətli tərəfdaşdır. Son ayların itkiləri göstərdi ki, Moskva ilə münasibətlərin qırılmasında Ankara daha çox itirə bilər və həmin boşluqlar ölkənin özü üçün hədsiz problemlər yaradacaq. Ona görə də Ankara artıq qərara gəldi ki, səhvini düzəltsin və üzr istəsin. Faktiki olaraq, Ərdoğanın Putinə göndərdiyi üzrxahlıq məktubunun mətni hər şeyi açıqlayır. Zənn etmək olar ki, ən yaxın zamanda münasibətlər əvvəlki səviyyəyə qayıdacaq və iki ölkə arasında müzakirə olunmuş investisiya və infrastruktur layihələri yenidən işlənməyə başlayacaq".