
Bu gün Almaniyanın federal xarici işlər naziri Frank Valter Ştaynmayerin Cənubi Qafqaza üç günlük səfəri başlayıb və nazir Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində keçəcək.
"Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir. Bundan başqa, Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə töhfəsini verəcək.
Ştaynmayeri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, səfər Ermənistandan başlayıb. Azərbaycana səvər iyunun 30-na nəzərdə tutulur.