“Ermənistan danışıqlardan vaxt udmaq üçün istifadə edir” Siyasət

“Ermənistan danışıqlardan vaxt udmaq üçün istifadə edir”

"Ermənistan deyilən bir dövlət normal hüquqi, demokratik dövlət deyil. Cinayətkar qurumdur və cinayətkarlar, terrorçular tərəfindən idarə olunur. Buna görə də onlarla xoş danışmaq, müzakirələr aparmaq heç bir nəticə vermir". Bunu sentyabrın 8-də Rusiya XİN-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək məsləhətləşmələrə münasibət bildirən millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, nəticəyə o zaman ümid etmək olur ki, qarşı tərəfə güc tətbiq edirsən, gücünü göstərisən və onlar da az da olsa konstruktiv mövqeyə yaxınlaşırlar: "Amma bir qədər keçəndən sonra yenə öz bildiklərini edirlər".
Millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi bu danışıqlardan, məsləhətləşmələrdən ancaq vaxt udmaq, qazanmaq, zəbt etdikləri siyasi hakimiyyəti əldə saxlamaq və Azərbaycan torpaqlarını işğalda saxlmaq üçün istifadə edirlər: "Buna görə hesab edirəm ki, ATƏT, həmsədr dövlətlər məsləhətləşmələrini aparsın, ancaq biz də öz işimizi görməliyik. Biz bu qanmazları başa düşdükləri dillə qandırmalıyıq. Bu da güc yoludur, hərbi yoludur. Silahlı Qüvvələrimiz onlara gücünü göstərməlidir".
Elman Məmmədova görə, həmsədr dövlətlər Ermənistanın nazı ilə oynayan, şirnikləndirən, stimul verən tərəfdir: "Həmsədr dövlətlər bizim xeyrimizə heç nə etməyəcəklər. Bütün məsləhətləşmələrdə, danışıqlarda tutuquşu kimi əzbərlədikləri bir cümləni deyirlər: çalışmalıyıq ki, hər iki tərəf dayanıqlı atəşkəs rejiminə əməl etsin. Bundan iyrənc fikir yoxdu. Bu onlara sərf edir, işğalçı dövlətə də. Axı bu mövqe Azərbaycanın ziyanınadır, bizim torpaqlarımız işğal olunub. Biz məcburi köçkünlər 24 ildən çoxdur gözləyirik ki, torpaqlamız azad olunacaq öz yerimizə qayıdacağıq. Bu gün cəbhə xətti Azərbaycan ərazisindən keçir. Azərbaycan qoşunları öz ərazisindədir. İşğalçı dövlətin qoşunları da bizim ərazidədir. Mən nəyə görə dayanaqlı atəşkəsə əməl etməliyəm, buna dözməliyəm, düşməni darmadağın edib torpaqlarımdan qovum, çıxarmalı deyiləm?!".