Milli Məclisin komitə sədrləri səfərə gediblər Siyasət

Milli Məclisin komitə sədrləri səfərə gediblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd SeyidovAŞPA-nın Prezidentlər Komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq.
Parlamentdən verilən məlumata görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin iştirakı ilə keçiriləcək görüşlərdə AŞPA-Rusiya münasibətlərinin gələcəyi, əməkdaşlığın hərtərəfli bərpa olunmasının mümkün yolları barədə müzakirələr aparılacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə deputat Xanlar Fətiyev isə Belarus parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə səfərdə olacaqlar. MDB İcraiyyə komitəsinin vəMDB Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək deputatlarımız Minsk şəhərinin müxtəlif seçki məntəqələrində olacaq, prosesdə yeni texnologiyaların tətbiqi ilə maraqlanacaq, Azərbaycanın bu sahədəki təcrübəsi barədə fikirlərini bölüşəcəklər.